Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə müharibə və diplomatiya paralel şəkildə davam edərkən, ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı münasibətlərdə yeni çatlar üzə çıxır. Vaşinqtonun indiyədək Netanyahuya seçkilərlə bağlı açıq dəstək verməməsi İsrail siyasətində ciddi suallar yaradıb.
Musavat.com xəbər verir ki, “Axios”un məlumatına görə, Tramp Netanyahunun həm İran, həm Qəzza, həm də regional məsələlərdə yürütdüyü siyasətdən narazıdır. Xüsusilə Netanyahu hökumətinin daxili siyasi maraqları ilə Tramp administrasiyasının Yaxın Şərqdə atmaq istədiyi diplomatik addımların toqquşduğu bildirilir.
Tramp niyə Netanyahudan uzaqlaşır? ABŞ Prezidenti İsraildə seçkilərə müdaxilə etməmək qərarındadır, yoxsa Netanyahu ilə bağlı siyasi hesablarını dəyişib? Netanyahunun zəifləyən reytinqləri onun hakimiyyətinin sonunu yaxınlaşdırır? İsraildə mümkün hakimiyyət dəyişikliyi Trampın Qəzza, İran və Səudiyyə Ərəbistanı ilə bağlı Yaxın Şərq planlarını necə dəyişəcək?
Politoloq Züriyə Qarayevanın fikrincə, Trampla Netanyahu arasında yaranan məsafəni yalnız şəxsi münasibətlərin pisləşməsi kimi qiymətləndirmək doğru olmaz: "Burada əsas məsələ iki liderin siyasi prioritetlərinin getdikcə daha az üst-üstə düşməsidir. Tramp administrasiyası Yaxın Şərqdə hərbi qarşıdurmaların müəyyən mərhələdə diplomatik razılaşmalara çevrilməsini, xüsusilə İran məsələsinin idarə olunmasını, Qəzzada yeni siyasi düzənin formalaşdırılmasını və Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma perspektivinin qorunmasını istəyir. Netanyahu isə təhlükəsizlik gündəmini sərt xətt üzərində saxlamaqla yanaşı, İsrail daxilində öz siyasi mövqelərini və koalisiyasının davamlılığını qorumağa çalışır. Buna görə Trampın Netanyahuya seçki ərəfəsində açıq dəstək verməməsi həm İsrailin daxili siyasətinə birbaşa müdaxilə görüntüsündən yayınmaq, həm də Vaşinqtonun gələcəkdə alternativ İsrail hökuməti ilə işləmək imkanını qorumaq cəhdi kimi qəbul etmək olar".
Politoloqun sözlərinə görə, Netanyahunun reytinqinin zəifləməsi onun siyasi gələcəyi üçün ciddi risk yaratsa da, indiki mərhələdə hakimiyyətinin sonunun yaxınlaşdığını qəti söyləmək tezdir: "İsrail siyasətində təhlükəsizlik böhranları seçici davranışını çox sürətlə dəyişə bilir və Netanyahu uzun illər ərzində belə böhranlardan siyasi baxımdan çıxmağı bacarıb. Bununla belə, hakimiyyət dəyişikliyi baş verərsə, ABŞ-İsrail strateji ittifaqının mahiyyəti dəyişməyəcək, lakin Vaşinqtonun regional diplomatiya aparmaq imkanları genişlənə bilər. Daha praqmatik İsrail hökuməti Qəzza üzrə siyasi həll, Səudiyyə Ərəbistanı ilə normallaşma və İranla qarşıdurmanın idarə olunması məsələlərində Tramp administrasiyasına daha geniş manevr sahəsi verə bilər. Əksinə, İsraildə daha sərt siyasi qüvvələrin güclənməsi Trampın regionda böyük diplomatik razılaşmalar əldə etmək planlarını çətinləşdirə və ABŞ-İsrail münasibətlərində mövcud fikir ayrılıqlarını daha da dərinləşdirə bilər".
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ