Onlayn ictimai-siyasi qəzet
Gürcüstan rəhbərliyi Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun rəsmi Tiflisə ünvanladığı tənqidlərə sərt cavab verib. Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili Gürcüstanın Brüsselin “zərərli məsləhətləri” ilə hərəkət etməyəcəyini bildiriblər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, mübahisəyə Marta Kosun Gürcüstanın “yalnız kağız üzərində Aİ üzvlüyünə namizəd” olduğunu söyləməsi səbəb olub.
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin Ukrayna və Moldova ilə müqayisəsinə etiraz edib.
“Gürcüstan Moldova və Ukraynadan hansısa göstəricilərə görə geri qalırsa, bunlar yalnız mənfi göstəricilərdir. Allah eləməsin ki, bütün bu göstəricilərdə Ukrayna və Moldovanı keçək. Bizim öz yolumuz var və bu, sülh və iqtisadi inkişaf yoludur. Biz mütləq bu yolla getməyə davam edəcəyik”, – Kobaxidze bildirib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə daha sərt danışaraq Brüsselin tövsiyələrinə əməl edilməsinin ölkəni milli fəlakətə sürükləyə biləcəyini iddia edib.
“Məncə, Aİ üzvlüyünə yalnız kağız üzərində namizəd olmaq, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşıdır. Brüsselə qulaq assaydıq, bir çox səbəbdən Gürcüstan bu gün yalnız kağız üzərində mövcud olan dövlət olardı”, – Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan Brüsselin tövsiyələrinə əməl edərək Rusiya ilə eskalasiya yolunu seçsəydi, Moldova kimi iqtisadi problemlərlə üzləşə və Rusiya ilə yeni hərbi qarşıdurmaya cəlb oluna bilərdi.
Papuaşvili bunun Gürcüstanı, onun ifadəsi ilə, “Ukrayna kimi müharibə nəticəsində dağıdılmış ölkəyə” çevirə biləcəyini iddia edib.
“Brüssel qarşısında əsas ‘günahımız’ onların zərərli məsləhətlərini nəzərə almamağımızdır. Nəticədə isə bundan gürcü xalqı qazanır”, – parlament sədri əlavə edib.
Qarşıdurmaya səbəb Avropa komissarı Marta Kosun Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində səsləndirdiyi fikirlər olub. Kos Gürcüstanın hazırda “yalnız kağız üzərində Aİ üzvlüyünə namizəd” olduğunu deyib və ölkənin Moldova və Ukrayna ilə eyni inteqrasiya səviyyəsində olmamasından təəssüfləndiyini bildirib.
Avrokomissar həmçinin Gürcüstanla bağlı hədəfli sanksiyalar və Gürcüstan vətəndaşları üçün vizasız rejimin mümkün ləğvi məsələsinin müzakirə ediləcəyini açıqlayıb.
“Gələn həftə Aİ Xarici İşlər Şurasında Gürcüstanla bağlı xüsusi müzakirə keçirəcəyik. Ancaq biz üzv dövlətlərin etməyə hazır olduğu qədərini edə bilərik”, – deyə Marta Kos bildirib.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ