İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyan Paşinyanı milyarderin əli ilə vurmaq istəyir

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca fəallıq və gərginlik açıq şəkildə hiss olunmaqdadır. Hakimiyyət düşərgəsi ilə müxalif qüvvələr arasında balansın dəyişə biləcəyi ehtimalı getdikcə güclənir. Xüsusilə iri maliyyə imkanları, xarici əlaqələr və radikal elektoratı səfərbər etmək potensialı olan fiqurlar ön plana çıxmaqdadır. Bu kontekstdə son aylar həm hüquqi, həm də siyasi baxımdan mübahisəli fiqura çevrilən, 3,2 milyard dollar şəxsi sərvətə malik, Rusiyadakı “Taşir” şirkətinin sahibi Samvel Karapetyanın adı Ermənistanın daxili siyasi gündəminin mərkəzinə oturub.

Müxalif düşərgədən gələn son açıqlamalar isə onun rəhbərlik etdiyi siyasi qüvvənin seçki yarışında real favorit kimi dəyərləndirildiyini göstərir. Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə seçki yarışında açıq-aydın favoritdir.

Bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi, Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan deyib.

Zurabyanın sözlərinə görə, onlar Karapetyanın komandası ilə danışıqlar aparırlar, lakin hələlik heç bir nəticə əldə edilməyib:

“Karapetyan və onun komandasının milli konsolidasiyaya nail olmaq imkanı var. Bu, onlardan asılıdır, bəlkə də onların şöhrət anı gəlib çatıb”.

ZURİYE.jpg (175 KB)

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Samvel Karapetyanın seçki prosesində favorit kimi təqdim olunması Ermənistan daxilində siyasi axtarışların hələ də bitmədiyini göstərir:

“Cəmiyyətdə mövcud hakimiyyətə inamsızlıq fonunda maliyyə imkanları geniş olan, kənardan gələn və sistemdən bir qədər aralı görünən fiqurlar daha cəlbedici qəbul edilir. Karapetyanın adı bu baxımdan təsadüfi deyil. O, uzun illər bizneslə məşğul olub və özünü klassik siyasi elitanın bir hissəsi kimi təqdim etmir. Bu da onu dəyişiklik istəyən elektorat üçün alternativ kimi önə çıxarır.

Digər tərəfdən, Karapetyanın arxasında dayanan əsas resursun ideologiya yox, maliyyə və təşkilati imkanlar olması da diqqətdən yayınmır. Ermənistan siyasətində pul və xarici əlaqələr həmişə mühüm rol oynayıb və Karapetyan bu baxımdan güclü fiqurdur. Amma seçkidə favorit olmaq hələ real hakimiyyət demək deyil. Onun ətrafında milli konsolidasiya yarana biləcəkmi, yoxsa bu proses köhnə parçalanmaları daha da dərinləşdirəcəkmi, bu, siyasi iradədən və cəmiyyətin nə dərəcədə hazır olmasından asılı olacaq”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR