İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təkadamlıq partiyalar” sistemindən əsl çoxpartiyalılığa - “Az olsunlar, güclü olsunlar” trendi

Əslində partiya quruculuğu prosesi ölkəmizdə müstəqilliyin ilk ilindən etibarən düzgün qurulmamışdı. Bünövrə əyri və kövrək olduğundan bunun fəsadları sonrakı illərdə daha bariz şəkildə ortaya çıxdı: bina əyri alındı, uçmağa, çökməyə meylli oldu.

Müstəqilliyin ilk ilində partiya quruculuğuna bu sayaq diletant yanaşmanın, “qayda-qanunsuz tikililər”ə imkan verilməsinin səbəbləri qismən üzrlü idi. Ölkə uzun illər təkpartiyalı sistemlə idarə olunmuşdu, cəmiyyət bir partiyanın hökmranlığına alışmışdı, gözlənilmədən və sürətlə süqut edən sistemin yerində iki və daha çox partiyanın yaradılmasını yasaqlamaq artıq mümkün deyildi.

Xüsusilə də AXC-nin alternativ təşkilat olaraq 1992-ci ilin mayında kompartiyanı əvəz etməsi cəmiyyətin fəal kəsimində “bu yolla hakimiyyətə gəlmək, böyük dövlət vəzifələri tutmaq mümkün imiş” illüziyası və ambisiyası yaratdı.

İddialı şəxslər müxtəlif ideoloji xətlər götürərək bir-birinin ardınca müstəqil partiyalar yaratmağa başladılar. Bu tendensiyanı bir küçədə dönərçi köşkü açaraq yaxşı pul qazanan kababçıya baxanların qonşuluqda yeddi analoji köşk açmaları ilə müqayisə etmək olardı.

Başlanan prosesdə üzə çıxdı ki, bizim siyasətçilər həm tabe olmağı, bir-brini qəbul etməyi bacarmırlar, həm çox tez-tez və heç nə üstündə mübahisə, cığallıq edirlər, həm də dəymədüşərdirlər. Birinin öz partiyasında irəli getmək niyyəti baş tutmayanda ayrılır, yeni partiya yaradırdı. Başqa biri seçkili orqana təmsil olunmaq üçün namizdəliyini verir, seçilməyəndə “öz partiyası”nı qurduğunu elan edirdi. Eyni partiya daxilində iki, bəzən üç tirəyə ayrılan qruplar bir-birilə çəkişməkdən bezirdilər, nəticədə partiyalar bəzən bakteriyaların bölünməsi (2-4-8-16) qaydası ilə artırdı.

Məhz həmin illərdə Ədliyyə Nazirliyi səviyyəsində bu sahədə ciddi qanun-qayda tətbiq etmək, yeni partiyaların yaradılması üçün aydın və dəyişməz şərtlər qoymaq olardı. Elə olsa, bir partiyada incik düşmüş 5 nəfər yanlarına 4995 üzv gətirə bilməyəcək, yeni partiya yaratmaqdan vaz keçəcəkdilər.

Bəlkə də 5 min üzv tələbi bir çoxlarına böyük rəqəm kimi görünə, anti-demokratik senz kimi qələmə verilə bilər. Ancaq axı bu adam ölkə prezidenti, baş nazir, parlament sədri və ya ana müxalifət lideri olmaq istəyir, bunun 5 min tərəfdarı yoxdursa, bu səbəbdən heç bir uğur qazana bilməyəcəksə, onda bu meydanda nə işi var. Bu, bir un kisəsini qaldırıb çiyninə ata bilməyən adamın ağır atletika yarışına getməsinə oxşamazmı?

Lakin nə 25-30 il əvvəl, nə də partiya quruculuğunun vüsət aldığı 1998-2003-cü illər arasında əyri və kövrək bünövrə üzərində qaldırılan “partiyalar göydələni”nə mane olan olmadı. Nəticədə mövcud partiyalar bir az da xırdalandı, qəlpələndi, ölkə “təkadamlıq partiyalar”la doldu.

Bunun fəsadı bəzən seçkilərdə üzə çıxırdı: bütün bloklarda, yığıncaqlarda təmsil olunan “adlı-sanlı partiyalar” namizədliyin qeydə alınması üçün tələb olunan imza vərəqlərini doldura bilmirdilər.

Hazırda Ədliyyə Nazirliyinin partiyalar üçün qoyduğu yeni şərtlərin yerinə yetirilməsi zamanı ortaya çıxır ki, qeydiyyatda olan partiyaların əksəriyyəti 5 min üzvə malik olmasını sübut edən sənədləri təqdim edə bilmirlər.

Nəticə ortadadır: çoxdan dərnəyə, qrupa, “məhdud dostlar dairəsi”nə dönmüş siyasi partiyalar bir-birinin ardınca özlərini buraxırlar. Başqa yolları yoxdur. Əks təqdirdə Ədliyyə Nazirliyi yeni qeydiyyat şərtlərini yerinə yetirə bilmədiklərinə görə onların qeydiyyatını onsuz da ləğv edəcək və partiyanın “şanlı keçmişi”nin də üstündən xətt çəkiləcək.

Yeni prosesdə o da məlum olur ki, ölkədə nə vaxtsa yaradılmış, heç kəsin tanımadığı, necəsə qeydiyyatdan keçmiş, unikal və gözəl adlı partiyalar da varmış. Bu partiyaların “liderləri” onu hər ehtimala qarşı “məhəllə marketi” kimi yaradıb, sənədlərini də evə qoyublarmış ki, gün gələr, lazım olar.

Bu neqativ hallar ona görə mövcuddur ki, partiya quruculuğu işi bizdə yenidir, müvafiq ənənə və təcrübəmiz olmayıb və hələ də yoxdur. İndi bu sahədə qayda-qanun yaradılır. Bunun, bəzən qələmə verildiyi kimi, təkpartiyalı sistem yaratmaq və ya “cəmiyyətin müqavimət əmsalını sıfırlamaq” niyyəti ilə əlaqəsi yoxdur. 5 mindən çox üzvü olan partiyalar mövcudluğunu qoruyacaq, dərnəklər, qruplar sıradan çıxacaq.

Əgər “özünü buraxmış” partiyaların sədrləri və ya onların müavinləri siyasi fəaliyyətlərini davam etdirmək istəsələr, qeydiyyatdan keçmiş partiyalar üz tutacaqlar və bu da əslində həmin böyük partiyaların sırasını genişləndirəcək, partiyadaxili seçkilərdə rəqabət mühiti yaradacaq, onların fəaliyyətini gücləndirəcək.

Ancaq internet resurslarında yayılan videomateriardan aydın olur ki, bu, təbii axarıyla gedən, getməli olan proses heç də hamıya xoş gəlmir. "Təkadamlıq partiyalar"ın tipik nümunəsi olan CXP-nin sədri Bədrəddin Quliyev müsahibə verərək, bu istiqamətdə görülən işləri qaralayıb, partiya quruculuğu istiqamətində aparılan islahatı görməzliyə vuraraq, mənfi səciyyəli qənaət yaratmağa çalışıb. Halbuki Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandıqdan sonra siyasi partiyalara münasibət kəskin dəyişib. Artıq bu partiyaların liderlərini görüşlərə, dialoqa dəvət edirlər, qərargah verirlər, təntənəli günlərdə dövlət başçısının adından təbrik ünvanlayırlar, səhhətlərində problem yarananda dövlət hesabına müalicələri təmin olunur və s. Bu işə məsul olanlar çalışırlar ki, siyasi arenadakı gərginlik tədricən sivil münasibətlər şəklini alsın, ortada radikal ovqat, düşmənçilik ritorikası olmasın.

Əslində bu proses iqtidar partiyasından çox, aparıcı müxalifət partiyalarına sərf edir. Bir var, ortada 50-dən artıq xırda partiya olsun və hərəsinin ağzından bir avaz gəlsin, bir də var, ortada 5 partiya olsun və lazım gələndə asanca blok yarada bilsinlər, dövlət rəhbərliyi tərəfindən sayılsınlar, rəqib yerinə qoyulsinlar.

Yaxın gələcəkdə proporsional seçki sistemi bərpa və ya bərqərar olunsa, siyasət arenasında mövcudluğunu qoruyub saxlayan partiyaların uğur qazanmaq ehtimalı daha da artacaq. O zaman siyasət meydanındakı xaosa da son qoyulacaq. Hakimiyyət uğrunda mübarizə mədəni müstəviyə çıxacaq, parlamentdə təmsil olunan qüvvələr sistem müxalifəti olacaq, dövlət büdcəsindən maliyyələşəcək, qərargahla təmin olunacaqlar, fəaliyyətlərinə optimal şərait yaradılacaq.

Düzdür, indi də bəzi partiyalar parlamentdə tək mandatla təmsil olunur və dövlət büdcəsindən maliyyə vəsaiti alırlar. Amma hamımız bilirik ki, bu, əlacsızlıqdan belədir və bir növ imitasiya xarakteri daşıyır. Ölkəmizə əsl və ciddi siyasi sistem lazımdır.

Ona görə də partiya quruculuğundakı neqativ halların aradan qaldırılması, bu sahədə qayda-qanun və düzən yaradılması vacibdir, yaxşı perspektiv vəd edən islahatdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR