Onlayn ictimai-siyasi qəzet
Belarusun Qrodno vilayətində səfərbərlik təlimlərinə start verilib. Təlimlər çərçivəsində hərbçilər çağırışçıların şəxsi məlumatlarını yoxlayırlar.
Musavat.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalına istinadən "RBC-Ukrayna" məlumat yayıb.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-dən etibarən Oşmyanı rayonunun hərbi komissarlığı şəxsi məlumatların dəqiqləşdirilməsi məqsədilə hərbi mükəlləfiyyətli şəxsləri çağırır. Məlumatların yoxlanılması ilkin toplanış məntəqəsində həyata keçirilir. Hərbi komissarlığın mütəxəssisləri məlumatları aktuallaşdırır və uçot sənədlərini yeniləyirlər. Ümumilikdə Oşmyanı rayonunun təxminən iki minə yaxın sakininin bu prosesə cəlb edilməsi planlaşdırılır. Səfərbərlik tədbirlərinin mərhələli şəkildə iyulun 2-nə qədər davam edəcəyi bildirilir.
Daha əvvəl təlimlər zamanı hərbi komissarlıqların komplektləşdirilməsi məsələsinin də nəzərdən keçiriləcəyi barədə xəbər verilib. Bu məqsədlə hərbi mükəlləfiyyətlilər hərbi toplanışlara çağırılacaq və daha sonra təlimlərdə iştirak edəcəklər. Təlimlərə cəlb olunan vətəndaşlar hərbi biliklərini təkmilləşdirəcək, silah və hərbi texnikanın idarə edilməsini mənimsəyəcək, həmçinin rəhbərliyin verdiyi tapşırıqların icrasını öyrənəcəklər.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni genişləndirmək üçün bir neçə ssenarini, o cümlədən Belarusu prosesə cəlb etməyi nəzərdən keçirdiyini bəyan edib. Belarus müxalifəti də Ukrayna tərəfinə rəsmi Minskin müharibədəki rolunun dəyişə biləcəyinə dair hesabat təqdim edib. Hazırda Belarus qoşunlarının Ukraynaya qurudan müdaxiləsinə dair hər hansı hazırlıq əlaməti qeydə alınmayıb. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski şimal istiqamətində sərhədin müdafiəsinin gücləndirilməsi barədə əmr verib.
Nüfuzlu "Wall Street Journal" nəşrinin yazdığına görə, Kreml rəhbəri Vladimir Putin ikinci cəbhənin açılması məqsədilə Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı şantaj üsullarından istifadə edir.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ