İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhə çağıranlar – ABŞ Qafqaza Selincer kimi yanaşır, Rusiya – Lermontov kimi

Ermənilərin Rusiya və Qərbin arasında qalması, kimin paçasına yapışıb durması məsələsində heç cür həlledici seçim edə bilməməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını yubandıran əsas amilə çevrilib.

Hazırda Rusiyanın da, başqa ABŞ olmaqla Qərb dövlətlərinin də ermənilərin üzərində ciddi təsiri var. Onların hər ikisinin ermənilərə ərki ötür.

Son atəşkəs sazişinin - 2020-ci il 10 noyabr tarixli bəyannamənin imzalanmasından bu günə qədər Ermənistan gah Qərbin, gah Rusiyanın ağzına baxır, gah ondan, gah da bundan mədət umur, özünə daha sərfəli sülh variantını kimn təklif edəcəyini gözləyir.

Paşinyan iqtidarını Rusiyaya bağlayan iplərin yarıdan çoxunun qopduğunu həm Rusiyada, həm də Qərbdə yaxşı bilirlər. Ancaq bu qopmalar hələ tam qırılma etapına gəlməyib. Paşinyanın komandası da anlayır ki, sərfəli sülh sazişini imzalayana qədər Rusiyadan tap qopa bilməz, əks təqdirdə, bu ölkənin sülhməramlıları Qarabağ bölgəsində “ermənilərə sipər” olmaqdan imtina edərlər və Qarabağ münaqişəsi birdəfəlik həll olunar.

Paşinyan umur ki, Qərbin vasitəçiliyi ilə Rusiyanın vasitəçiliyi tam üst-üstə düşsün, ikisi də Ermənistana sərf edən sülh variantı üzərində ortaq məxrəcə gəlsinlər, Azərbaycana təzyiq etsinlər, iş bitsin və ondan sonra Ermənistan qəti şəkildə Rusiyadan üz döndərərək, Qərbyönlü siyasət yeritməyə başlasın.

Prinsipcə, erməni ictimaiyyəti çoxluq etibarilə bu düşüncədədir. Ancaq Ermənistanda Rusiya ilə qopan ipləri bərpa etməyə hazır olan və buna çalışan qüvvələr də var. Onlar düşünürlər ki, Ermənistanın əbədi səadəti Moskvaya bağlıdır.

Rusiyanın hakim dairələrində Ermənistanın bu niyyətdə olduğunu, hansı hiylələr düşündüyünü bilirlər, anlayırlar ki, rəsmi İrəvan Bakıyla pis-yaxşı sülh müqaviləsi imzalayan kimi onun nüfuz dairəsindən sürətlə uzaqlaşacaq.

Əslində bu da çoxdan bəllidir ki, Rusiya Ermənistan və Azərbaycan arasında qalıcı sülh olmasını istəmir. Ona Qarabağda, ümumiyyətlə Qafqaz regionunda “əbədi münaqişələr” lazımdır ki, burada bəzən “sülhməramlı”, bəzən “ arbitr”, bəzən də “xarici aqressordan müdafiə edən” (İran və Türkiyə nəzərdə tutulur) sifətində qala bilsin. Bunu artıq Rusiyada da danmırlar və “uzaqgörən siyasət” hesab edirlər.

Hazırkı situasiyada Qərbin, xüsusilə də ABŞ-ın sülh istiqamətində çabaları daha səmimidir. Fransa bütün varlığı ilə Ermənistanın çıxarlarından yana olsa da, anlayır ki, bu dövlətin malik ola biləcəyi ərazilər artıq yalnız əlində olanlardan ibarət ola bilər və nə qədər tez öz qonşuları ilə ərazi problemini həll edib sülhə gəlsə, bir o qədər tez inkişaf relsinə oturar.

ABŞ həmişə olduğu kimi güclü və haqlı olan tərəflə razılaşmaq, zəifi haqsız olsa da əzdirməmək xətti yeridir. Bu dövlət Ermənistanı sıxışıb qaldığı Qafqaz regionunda qorumaq əzmindədir. Eyni zamanda amerikalı strateqlər düşünürlər ki, bundan ötrü ermənilər özləri də hərəkət etməlidirlər, onlara güvənərək qonşuları ilə sonu görünməyən intriqa içində olmamalıdırlar və bacardıqca Rusiyadan tez ayrılmalıdırlar. Bu dövlət, məşhur amerikalı yazıçı Selincerin ifadəsi ilə desək, öz üzərinə “Çovdarlıqda uçurumdan qoruyan” missiyası götürmək istəyir.

Başı öz müharibəsinə qarışmış Rusiya isə hər dəfə Brüsseldə və ya başqa bir Avropa şəhərində baş tutan sülh danışıqlarından sonra tərəfləri Moskvaya dəvət edərək, onlara “mənsiz barışa bilməzsiniz”, Qərbə isə şair Lermontov kimi, “Qafqaz altımdadır, ən uca zirvədə mən” mesajl verir.

Azərbaycanın Ermənistanla münasibətlərinin tənzimlənməsinə, bu dövlətlə sülh sazişinin imzalanmasına dair mövqeyinə gəlincə isə, hər şey açıq-aşkar ortadadır: bizim üçün sülh sazişibib hansı ölkənin vasitəçiliyi ilə hansı paytaxtda imzalanacağının o qədər də fərqi yoxdur. Əsas məsələ odur ki, sülh sazişi beynəlxalq hüquq çərçivəsində olsun, Azərbaycanın ərazi bütövlüyü, suveren hüquqları pozulmasın, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahı yerə qoyaraq Bakıya tabe olsunlar. Vəssalam.

Rəsmi Bakının bütün şərtləri beynəlxalq tələblərə, qanunlara uyğundur, ona görə də, necə deyərlər, dilimiz uzundur. 2020-ci ilə qədər qolumuzu güclü görməyənlər qarşımızda böyük-böyük danışa bilirdilər, 2020-ci ilin noyabrından sonra bu imkan əllərindən çıxıb. Ona görə də indi ermənilər gah Qərbə, gah Rusiyaya boylanırlar, öz aləmlərində “incə siyasət”, “mahir diplomatiya” yeridirlər.

Amma nə etsələr də, nə qədər fikirləşsələr də, gerçəklik dəyişmir: Azərbaycan öz torpağının ondan qoparılmasına və bağrında ikinci erməni dövlətinin yaranmasına izn verməyəcək.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR