İnsanlara hürriyət, millətlərə istiqlal!

Sular çəkildi, qəribə yaşıl dairələr üzə çıxdı

Şimali Amerikadakı Böyük Duz Gölündə su səviyyəsinin azalması nəticəsində ağ duz düzənliklərinin üzərində qəribə yaşıl dairələr meydana çıxıb. Alimlərin araşdırması bu dairələrin altında min illərdir qorunan nəhəng yeraltı şirin su sisteminin olduğunu üzə çıxarıb.

Musavat.com xəbər verir ki, gölün Farmington körfəzi ərazisində suyun çəkilməsi ilə normalda bitkilərin böyüməsinə imkan verməyən duzlu səthin üzərində qamışlarla örtülmüş dairəvi yaşıl sahələr ortaya çıxıb.

Araşdırmalar göstərib ki, həmin ərazilərin altında yüksək təzyiq altında olan su yer səthinə doğru hərəkət edir.

Yuta Universitetinin tədqiqatçıları qazıntı aparmadan ərazini araşdırmaq üçün havadan elektromaqnit skanlama üsulundan istifadə ediblər. Nəticələr NASA-nın sahə müşahidələri ilə müqayisə edilib.

Araşdırma nəticəsində 3-4 kilometr boyunca uzanan çöküntü qatlarının altında qalın duz təbəqəsi ilə örtülmüş təzyiqli şirin su rezervuarı müəyyənləşdirilib.

Alimlərin fikrincə, göl yatağındakı duz təbəqəsi bir növ örtük rolunu oynayaraq yeraltı suyun min illər ərzində səthin altında qalmasına şərait yaradıb.

Təzyiq səbəbindən su yalnız müəyyən çatlar vasitəsilə səthə çıxır. Məhz bu sızmaların duzlu ərazidə yaşıl qamış dairələrinin yaranmasına səbəb olduğu müəyyənləşdirilib.

Tədqiqatçılar bildirirlər ki, əldə edilən məlumatlar Böyük Duz Gölünü qidalandıran yeraltı su mənbələrinin həcmi və gölün ümumi su balansı ilə bağlı mövcud təsəvvürləri dəyişə bilər.

Bu kəşf gölün su ehtiyatlarının formalaşmasında yeraltı su sistemlərinin rolunun əvvəl düşünüləndən daha böyük ola biləcəyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR