İnsanlara hürriyət, millətlərə istiqlal!

“Su üzərinə” atılan imzalar... – Tokayevi Putinlə görüşə aparan İLGİNC səbəb

Türk Dövlətləri Təşkilatının (TDT) mühüm üzvlərindən sayılan Qazaxıstanın Prezidenti Kasım-Comart Tokayev Rusiyada səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmaq barədə bəyannamə imzalanacağı gözlənilir.

Bu barədə Tokayev Moskvaya yola düşməzdən öncə “Rossiyskaya Qazeta” üçün yazdığı məqalədə qeyd edib. “Bu sənəd, şübhəsiz, ikitərəfli əlaqələrdə yeni dövr açacaq”, - qazax lider vurğulayıb və əlavə edib ki, iki dövlət nümunəvi dövlətlərarası münasibətlər qurublar...

Tokayevin sonuncu sitatında, şübhəsiz, kompliment və ya siyasi difiramba (tərif) elementləri var. Hər halda KTMT üzvü olmasına rəğmən, Qazaxıstanla Rusiya arasında əlaqələri nümunəvi saymaq çətindir.

Ən azı ona görə ki, dəfələrlə Rusiyadan, o cümlədən bəzi rus deputatlar tərəfindən Qazaxıstanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan təxribatçı bəyanatlar verilib. Hələ harasıdır, hətta Ukraynadan sonra “sıranın Qazaxıstana çatacağı” haqda təhdidlər səslənib.

Biz Tokayevin bir neçə il öncə Putinlə eyni tədbirdə ikən Ukraynanın ərazi işğalı ilə Astananın barışmayacağı haqda bəyanatını da yaxşı xatırlayarıq. Hansı ki, o saat şovinist çevrələrdə sərt reaksiya doğurmuşdu. Halbuki qazax lider qeyri-adi heç nə söyləməmişdi...

Unutmayaq ki, söhbət prezidenti səviyyəsində “Rusiyanın ordusundan başqa etibarlı müttəfiqi yoxdur” deyən bir yırtıcı dövlətdən gedir. İki gün öncə bunu xarici işlər naziri Sergey Lavrov bir daha dilə gətirdi.

Söhbət həmçinin dinbir və dilbir Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyadan gedir. O Ukrayna ki, 1994-ci ildə nüvə başlıqlarını təhvil vermək qarşılığında Rusiyanın ovaxtkı prezidenti Boris Yeltsinin də imzası duran Budapeşt Memorandumu ilə təhlükəsizlik qarantiyası almışdı...

Yaxud “daşdan keçən” belə bir fakt. 2022-ci ilin 22 fevralında Azərbaycan Rusiya liderləri strateji müttəfiqlik haqda Moskva Bəyannaməsi imzalayıb. Sənəddə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı şəkildə hörmət, separatçılığa və terrorizmlə birgə mübarizə “qırmızı xətlər” kimi keçir.

Ancaq Qarabağda bunun tam əksini gördük. Nəticədə Azərbaycan 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı keçirməli oldu. Ardınca Rusiya hərbi kontingenti Qarabağdan çıx(arıl)dı. Qısacası, Rusiya prezidentlərinin yazılı vədlərinə “su üzərinə atılmış” imzalar kimi baxmaq daha müdrik, daha uzaqgörən yanaşma olar...

Sözsüz ki, təcrübəli diplomatlardan olan Qazaxıstan prezidenti bunları özü də bilir. Amma nə etməli ki, qarşındakı çəpər qonşun heç bir yazılı qayda və beynəlxalq hüquq hərləməyən ayıdır (Özləri də etiraf edirlər ki, Rusiyanın simvolu ayıdır).

Şimal ayısı ilə ehtiyatlı davranmaq gərəkir, nəinki emosional və ya çılğınlıqla. Eyni zamanda, vaxtında və etibarlı özünümüdafiə tədbirləri görmək vacibdir. Əks təqdirdə qəfildən ciddi xəsarət ala bilərsən.

Tokayevin Moskva səfərində əsas hədəf də böyük ehtimalla, “rus ayısı”ndan Qazaxıstana gələ biləcək mümkün təhlükələri minimuma endirmək, sığortalanmaqdır...

Yeri gəlmişkən, bu arada Qərb nəşrlərindən olan “Foreign Affairs” yazıb ki, Rusiya Ukraynanı üç mərhələdə özünə tabe etməyi planlaşdırır. Variantlardan yalnız birincisi hərbi əməliyyatları əhatə edir. Portala görə, Moskva Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini işğal etməyi və ya hətta məhv etməyi planlaşdırır. Bu, guya onun iqtisadi zonasını genişləndirməsinə kömək edəcək.

Ardınca qeyd edilir ki, artıq ələ keçirilmiş bölgələri saxlamaqla və Xarkov, Nikolayev, Odessa vilayətlərini işğal etməklə buna nail olmaq mümkündür. Bildirilir ki, bu şəraitdə Moskva atəşkəs əldə etməyə çalışa, sonra da ikinci mərhələyə keçə bilər. Üçüncü mərhələdə Moskva Belarus kimi Ukraynanı öz orbitinə qaytaracaq. Təbii ki, bir forpost, vassal olaraq.

Necə deyərlər, əlavə şərhə lüzum qalmır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR