Onlayn ictimai-siyasi qəzet
Stokholm Arbitraj Tribunalı Rusiyanın Ermənistandakı adamı Samvel Karapetyanın ailəsinin Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi ilə bağlı iş üzrə qaldırdığı bütün iddiaları rədd edib.
Musavat.com xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.
Bildirilir ki, məhkəmə Karapetyan tərəfinin tələb etdiyi müvəqqəti tədbirlərin əsassız olduğu qərarına gəlib:
"24 dekabr 2025-ci il tarixində Stokholm Arbitraj Tribunalı "Liormand Holdings Limited", Samvel Karapetyan, Eteri Karapetyan, Sarkis Karapetyan və Karen Karapetyanın təqdim etdiyi vəsatəti tamamilə rədd edib".
Qeyd edək ki, Rusiyanın baş nazir Nikol Paşinyana qarşı güc formalaşdırmaq üçün istifadə etdiyi Samvel Karapetyan 2025-ci ildə həbs olunub, Ermənistan hökuməti onun idarə etdiyi Ermənistan Elektrik Şəbəkələrinə öz nümayəndəsini nəzarətçi təyin edib. Karapetyan ailəsinin Stokholm Arbitraj Tribunalına müraciəti əsasında iyul ayında Ermənistan hökumətinə Elektrik Şəbəkələrini milliləşdirmək qadağan olunub. Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj tribunalı Ermənistan Respublikası hökumətinə qəbul edilmiş "Enerji haqqında" və "İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası haqqında" ER Qanunlarının müddəalarını Ermənistan Elektrik Şəbəkələri QSC-yə tətbiq etməkdən, eləcə də şirkətin müsadirə edilməsi üçün hər hansı əlavə addımlardan çəkinməyi tapşırıb.
Ermənistan hökuməti bu qərarın ləğvi üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdi. Məhkəmə müraciətə baxaraq ilkin tədbirlər qərarını və ona əsas olan iddiaları rədd edib.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ