İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin “möcüzə”lərinin sirri nədəydi?..

Başqa ölkələri bilmirəm, rusiyalı filosof A.Duqinin yazıları, fikirləri hələki ölkəsində diqqətdən kənarda qalmır, müzakirə edilir. Bəlkə də bu, günümüzün Rusiyası üçün ən böyuk təskinlik, təsəllidi: ölkədə hələ nəsə müzakirə olunursa, deməli nə vaxtsa, nəsə dəyişə də bilər.
Həm də gəlin hamılıqla sevinək ki, prezident Putin hələ özü filosofluq-politoloqluq fikrinə düşməyib, ən azı ona görə ki, buradaca adını hallandırcağımız Stalin belə deyildi; yarımçıq dini seminariya təhslli bu adam bütün elm sahələri üzrə nəinki “fikir” bildirməyi vacib sayır, hətta uşaqlar üçün SSRİ-də dərc olunan “Murzilka” jurnalını da oxuyurdu...
O ki qaldı Duqin cənablarının “fikir”lərinə, məncə adam artıq tükənib, bunun bircə mövzusu qalıb: Qərbin liberal qaydaları, liberal dəyərləri!
Halbuki özü də çox yaxşı bilir ki, modern iqtsadi-texniki potensial, yeniliklər daha yalnız Qərbdə cəmləşməyib, Yaponiya, Cənubi Koreya, daha sonra Çin kimi iqtisadi möcüzələr var, arabir “Cənub-şərqi Asiya pələngləri”nin də adı hallanır, bir də gördün, orada da bir sıçrayış oldu.
Amma məsələ nədədir? Daha heç kim Maks Veberin ardınca demir ki, guya Qərb kapitalizmi protestant etikasının nəticəsi, törəməsidir, çünki indicə adını çəkdiyimiz Asiya ölkələri də var, bəlkə hələ başqaları da olacaq. Çin islahatlarının lideri qoca Den nə demişdi? Pişiyin hansı rəngdə olmasının heç bir önəmi yoxdur, əsas odur ki, siçanları tutsun!
Yəni bu ölkələrdəki iqtisadiyyat da sırf liberal prinsiplər üzərində qurulub: mülkiyyət, qazanc-maraq, iqtisadi azadlıq və kreativlik – təşəbbüskarlıq, anti-monopolizm, dövlətin və məmurların iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi, əvəzində şəffaflıq və s. və i. Yəni nə Yaponiyada, nə Çində, nə də Cənubi Koreyada heç kim təzədən velosiped kəşf etmədi, əksinə amerikalı, ingilis alimləri dəvət etdilər ki, gəlin bizim tələbələrimizi öyrədin...
Bəs liberal qaydaların əvəzinə Duqin nə təklif edir? Stalinin mobilizasiya modelini, hərçənd, bilməmiş deyil ki, bu, adidən–adi totalitar səfərbərlik üsulu idi: SSRİ-nin böyük iqtisadi layihələrini demək olar ki, bu işlərə cəlb olunmuş yüz minlərlə dustaq-məhbus həyata keçirirdi, pulsuz-filansız, bir qarın çörəyə! Əvəzindəsə bütün bunlar az qala, böyük kommunist-komsomol tikintiləri adlandırılırdı! Neçə-neçə alim xüsusi “şaraşka”larda gecə-gündüz məhbus alimlər kimi çalışırdılar! Duqin doğrudanmı, buna qayıtmağı təklif edir? Putin tarixi araşdırmaları faktiki olaraq qadağan edənə qədər rusiyalı tarixçilər sovet kəndlilərini də çar dövründəki təhkimçi kəndlilər kimi təqdim edirdilər və həqiqətən də belə idi – Rusiyada da quldarlıq ABŞ-da olduğu kimi əslində ötən əsrin 60-cı illərində tamam götürüldü.
Ona görə də Duqin bir suala bircə dəfə cavab verməyə cəhd etsaydi adam özü də, həmvətənləri də xoşbəxt olardı: necə olur ki, onun dad etdiyi liberal qaydalar, dəyərlər, liberal iqtisadiyyat modeli dünyanın az qala, üçdən ikisi üçün yarayır, gözəl də nəticə verir, amma Rusiya üçün, ruslar üçün yaramır? Adamın 21-ci əsrdə nəzərlərini yönəltdiyi Stalinin vaxtında belə tarix kitablarında yazılmırdımı ki, birinci Pyotr Avropaya pəncərə açdı? Nədən Putinlər, özü də duqinkimilərin məsləhəti-məşvərətilə bu pəncərəni indi qapamağa çalışırlar? Siz bir texnoloji innovasiya, yenilik deyin ki, o, sırf rus düşüncəsinin məhsulu olsun. Yox belə şey, yaxşı nə varsa, hamısı Qərbdən götürülübdür...
Yeri gəlmiş, yaxınlarda bizim kənd təsərrüfatıyla bağlı keçirilən müşavirəni ciddi çəkildə izlədim. Həqiqətən böyük problemdir. Özüm də vaxtilə rayonda böyümüşəm, Soveti də görmüşəm. Yadıma gəlir, ümumi rifah aşağı olsa da onda – Brejnev dövründə rayon - kənd əhalisinin dolanışığı hər halda, şəhərkindən daha yüksək idi. Bəs indi nə olub? Problem nədədir? Niyə hamı rayondan - kənddən şəhərə qaçır?
Bir daha deyirəm ki, çox ciddi problemdir və bir siyasi təhlilçi kimi mənə elə gəlir ki, biz kənd təsərrüfatının da problemlərinə bir az geniş rakursdan, sistemli yanaşmalıyıq: bəlkə kəndlərin, rayonların, xüsusən də kənd təsərrüfatının yaşadığı problemlər bilavasitə iqtisadiyyatdakı makro-problemlərlə bağlıdır? Mən iqtisadçı deyiləm, amma məncə, bu illər ərzində kənd təsərrüfatına az yatırım edilməyib. Bəs onda problem nədədir? Niyə bu sahədə arzuladığımız effekti ala bilmirik? Bəlkə bu da ölkənin siyasi-iqtisadi modelini təkrar təftiş etməyi tələb edir?
Söhbət təkcə kənd təsərrüfatına edilən yatırımlradan getmir, yox, hamısına aiddir bu – prosesi əvvəldən axıra qədər izləmək lazımdır ki, görək, “yuxarıdan” daxil olan milyonlardan “aşağı”lara nə çatır?
İkincisi, biz kəndin probleminə sırf demoqrafik problem kimi yanaşmamalıyıq. Həm də Sovetdən sonra demək olar, bütün post-sovet respublikalarında şəhərlərə, xüsusən də paytaxtlara böyük axın oldu.
Bizimlə müqayisədə nisbətən yaxşı vəziyyətdə olan Şərqi Avropa ölkələrində belə əhalinin 70-75 faizi şəhərlərdə yaşayır. Böyük və inkişaf etmiş ölkələrdə deyəsən, şəhərlərdə əhalinin 45-50 faizi cəmləşibdir. Ona görə də kəndlərin problemlərinə şəhərlərin yükünü azaltmaq problemi kimi baxmayaq, kənd təsərrüfatında effektivliyi artırmaq lazımdır ki, kənd əhalisi şəhərlərin ərzaq problemini həll edə bilsin və özünü dolnadırsın. Üstəlik, Qarabağ azad olunandan sonra istər - istəməz kəndə qayıdış olacaq.
Belədəsə, şəhər əhalisi hər yerdə daha çoxdur. Ölkəmiz elə də böyük deyil, əhalimiz də müqayisədə azdır. Amma ölkədə bir Bakı kimi meqa-polisin olması da çox da qəliz məsələ deyil, qoy, olsun. Sadəcə, Bakının bəzi texniki problemləri haqqında daha ciddi, sistemli düşünmək gərəkir –İstanbulda əhali Bakıdakından qat-qat çoxdu, eləcə də digər şəhərlərdə! Dünya dağılmır ki? Qəbul etmək lazımdı ki, böyük şəhərlərin çox böyük imkanları, üstünlükləri olduğu kimi böyük də problemləri olur...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR