Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ictimai əxlaqı təhqir edən və sosial mediada cəmiyyətə açıq hörmətsizlik edən hərəkətlərə görə altı nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasında bildirilib.
Məlumata görə, onlardan dördü inzibati həbs, ikisi isə inzibati cərimə alıb. Prokurorluq virtual məkanın hüquqdan kənar və qanunsuz zona olmadığını vurğulayaraq, vətəndaşları sosial mediadan istifadə edərkən etik normalara və qanuni tələblərə riayət etməyə çağırıb.
“Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır. Xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur”, - xəbərdarlıqda deyilir.

Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a açıqlamasında bildirib ki, bəzi istifadəçilər sosial media hesablarında hüquqa, əxlaqa zidd paylaşımlar edirlər.
Onun sözlərinə görə, başqalarını təhqir edənlər, jarqon ifadələrdən istifadə edənlər sosial şəbəkələri “boz zona” hesab edirlər:
“Real həyatda olduğu kimi, virtual məkanda da hüquqa və əxlaqazidd davranışlar hüquqi məsuliyyətin təsiri altına düşür. Bununla bağlı Cinayət Məcəlləsinə də dəyişiklik edildi, 148.1-ci maddə ləğv olundu, o cümlədən “Media haqqında”, “İnformasiya və informasiyalaşdırma haqqında”, “Telekommunikasiya haqqında” qanunlara əlavə və dəyişikliklər edildi.
Qanunvericiliyə dəyişikliklərə paralel surətdə istifadəçilər arasında da sosial, hüquqi, maarifləndirmə həyata keçirilməlidir. Bəzi istifadəçiləri hüquqi cəhətdən məlumatlandırmaq lazımdır ki, onlar qanunazidd əməllərdən çəkinsinlər, cəmiyyətə kin püskürməsinlər, insanları təhqir etməsinlər və s.
Bəzən saxta profillərdən istifadə edilir. Almaniya 2017-ci ildə sosial media operatorları ilə müqavilə imzaladı, hüquqazidd paylaşım edən istifadəçilər aşkar edilərək müvafiq orqanlara təhvil verildi. Hesab edirəm ki, Azərbaycanda da bu təcrübədən istifadə olunmalıdır”.
Ü.Şəfiyevin fikrincə, Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul edilməlidir.
“Bununla bağlı davamlı və dayanıqlı tədbirlərin görülməsi üçün belə bir qanuna ehtiyac var”, - deyə o əlavə edib.
Nigar Həsənli,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ