İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Azərbaycanda bu maşınları sürənlər İZLƏNİR

Müasir avtomobillər nəqliyyat vasitəsindən daha çox təkərlər üzərindəki nəhəng kompüterlərdir. İstehsalçı korporasiyalar və sığorta şirkətləri sizin ruhunuz belə duymadan həyatınızın ən intim detallarını mənimsəyir və bundan milyonlar qazanırlar. Azərbaycan bazarında da son illər geniş yayılan müasir və "ağıllı" maşınların sürücüləri əslində saniyəbəsaniyə izlənilir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, avtomobillərin topladığı məlumatlar gələcəkdə sürücülərin sığorta xərclərini kəskin artıra, hətta onların əleyhinə istifadə oluna bilər.

Lakin bu total nəzarəti məhdudlaşdırmaq üçün bəzi sadə addımlar atmaq mümkündür. Əvvəllər maşın sürücüyə aid bir dünya idi. Bu gün isə hər şey kökündən dəyişib. Əgər sükan arxasında tənhasınızsa və sizi heç kimin görmədiyini düşünürsünüzsə, ciddi şəkildə yanılırsınız. Vəziyyət getdikcə daha da pisləşir. Avtomobil şirkətlərinin məxfilik siyasətlərini diqqətlə nəzərdən keçirsəniz, onlar bunu gizlətmirlər. Toplanılan məlumatlar siyahısına getdiyiniz hər bir nöqtə, avtomobildə yanınızda kimin əyləşdiyi, radioda hansı musiqiyə qulaq asdığınız, təhlükəsizlik kəmərini bağlayıb-bağlamadığınız, sürət həddini aşmağınız və ya əyləci kəskin basmağınız barədə dəqiq yer və hərəkət göstəriciləri daxildir. Məsələ təkcə texniki göstəricilərlə bitmir. Bəzi avtomobillər çəkiniz, yaşınız, irqiniz və anlıq üz ifadəniz kimi tamamilə şəxsi məlumatları da yaddaşa köçürür. Məsələn, sükan arxasında burnunuzu qıcayırsınızsa və ya əsəbi görünürsünüzsə, sürücü oturacağına yönəlmiş daxili kameralar bunu qeydə alır. Müasir avtomobillərin əksəriyyəti internetə daimi qoşulu olduğu üçün sürücü yoluna davam edərkən maşın bu məlumatları serverlərə ötürür.

Firefox brauzerinin istehsalçısı "Mozilla" tərəfindən aparılan qlobal araşdırma dəhşətli faktları ortaya çıxarıb. 25 məşhur avtomobil markasının məxfilik siyasətini araşdıran ekspertlər bəyan ediblər ki, avtomobillər məxfilik baxımından indiyə qədər nəzərdən keçirilən ən bərbad məhsul kateqoriyasıdır. Hesabata görə, avtomobil şirkətləri adınız, maliyyə vəziyyətiniz, psixoloji tendensiyalarınız və daha bir çox sahədə məlumat toplamaq hüququnu özlərində saxlayır. Məsələn, "Kia" markasının rəsmi məxfilik siyasətində şirkətin hətta sürücünün cinsi həyatı və ümumi sağlamlığı haqqında məlumat toplaya biləcəyi qeyd olunub. Şirkət rəsmiləri bu bəndin, sadəcə, qanunvericiliyin tələblərinə görə sənəddə yer aldığını və real olaraq bu cür data toplamadıqlarını iddia etsələr də, ekspertlər bu cür "şəffaf" bəyanatlara şübhə ilə yanaşırlar. Vaşinqtondakı Brukinqs İnstitutunun Texnologiya İnnovasiyası Mərkəzinin baş elmi işçisi Darrell Vest vəziyyəti belə izah edir: "İnsanlar avtomobillərinin topladığı və digər tərəflərə ötürdüyü məlumat nöqtələrinin sayından şoka düşərdilər. Bu, əslində həyatınızın demək olar ki, saniyəbəsaniyə yenidən yaradıla bilməsi deməkdir".

Məlumatların ən böyük alıcıları sığorta şirkətləridir. Məsələn, ABŞ-da "General Motors" (GM) şirkətinin sürücülərin hərəkət və idarəetmə datasını "Lexis Nexis" adlı məlumat brokerinə satdığı ifşa olunub. Sürücülərdən biri özünə aid 130 səhifəlik hesabat tapıb. Həmin hesabatda onun həyat yoldaşı ilə son 6 ayda etdiyi hər bir səfər saniyəsinə qədər qeyd edilib. Nəticədə sığorta şirkəti həmin şəxsin sığorta haqqını 21 faiz artırıb.

"Mozilla"nın məxfilik üzrə analitiki Jen Caltrider vurğulayır ki, bu məlumatlar gələcəkdə işə qəbul qərarlarında, reklam hədəfləmələrində və hətta məhkəmə orderi olmadan hüquq-mühafizə orqanları tərəfindən istifadə edilə bilər: "Məlumatlar idarəetmə panelinizdən çıxdıqdan sonra onun hara gedəcəyinə nəzarət edə bilməzsiniz".

Yaxın illərdə tətbiq olunacaq yeni qanunvericilik qaydalarına əsasən, avtomobil istehsalçılarından yeni sərnişin nəqliyyat vasitələrinə qabaqcıl sürücülük qabiliyyətinin itirilməsinin qarşısının alınması texnologiyası quraşdırmaq tələb olunacaq. Bu sistem sürücünün sərxoş, yorğun və ya xəstə olub-olmadığını müəyyən etmək üçün infraqırmızı biometrik kameralardan istifadə edəcək, bədən dilinizi və gözlərinizi skan edəcək. Təhlükəsizlik baxımından bu müsbət addım kimi görünsə də, qanunda bu biometrik və tibbi məlumatların şirkətlər tərəfindən digər məqsədlər üçün istifadə olunmasını məhdudlaşdıran heç bir ciddi bənd yoxdur. Bu isə avtomobil sənayesinə tamamilə yeni və nəzarətsiz bir tibbi məlumat xəzinəsi qazandıracaq.

Hazırda yollarda olan avtomobillərin yarıdan çoxu internetə bağlıdır, 2030-cu ilə qədər isə bu rəqəm 95 faizə çatacaq. Əgər avtomobiliniz nisbətən yenidirsə, risk altındasınız. Ekspertlər sürücülərə bəzi qoruyucu addımlar atmağı tövsiyə edir. Məsələn, sığorta proqramlarına qoşulmayın. Potensial endirim vədləri ilə sizi izləyən sığorta telemetriya proqramlarından və tətbiqlərindən uzaq durun. Araşdırmalar göstərir ki, bu proqramlar sürücülərin yalnız 31faizinə endirim qazandırır, 24 faizinin isə xərclərini artırır. Avtomobilinizin monitorundakı (məlumat-əyləncə sistemi) parametrlər bölməsinə daxil olun, həmçinin smartfonunuza yüklədiyiniz avtomobil tətbiqlərində məlumatların paylaşılması və izlənmə funksiyalarını söndürün. Əgər avtomobiliniz rəsmi olaraq Avropa İttifaqı və ya Böyük Britaniya standartları (məsələn, GDPR qaydaları) ilə tənzimlənən regiondan gətirilibsə, istehsalçının saytındakı xüsusi bölmələr vasitəsilə şəxsi məlumatlarınızın silinməsini və ya üçüncü tərəfə satılmamasını tələb etmək hüququnuz var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qanunvericilik səviyyəsində köklü dəyişikliklər baş verməyənə və şirkətlər bizdən hər bir məlumat üçün xüsusi icazə istəməyə məcbur edilməyənə qədər, şəxsi həyatımızın ən gizli məqamları "ağıllı" maşınlar tərəfindən oğurlanmağa davam edəcək.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR