Onlayn ictimai-siyasi qəzet
Qarşıdakı 6 ay üçün qlobal temperaturla bağlı ciddi xəbərdarlıq edilib. İqlim Təsiri Laboratoriyasının hazırladığı hesabata görə, “Super El Niño”nun təsiri ilə 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralınadək dünyada təxminən 239 min əlavə ölüm baş verə bilər. Hadisənin 2027-ci ilin yazına qədər davam etməsi halında bu rəqəmin daha da yüksələ biləcəyi bildirilir
Dünya qarşıdakı aylarda temperaturla əlaqəli ciddi risklə üzləşə bilər.
Musavat.com xəbər verir ki, hesabata görə, “El Niño”nun təsiri ilə qlobal orta temperaturun qarşıdakı 6 ay ərzində təxminən 1,2 dərəcə Selsi yüksələcəyi proqnozlaşdırılır.
Bu artımın quraqlıq, meşə yanğınları, güclü yağışlar və daşqınlarla yanaşı, yüksək temperaturla əlaqəli ölüm hallarının da artmasına səbəb ola biləcəyi qeyd edilir.
Tədqiqatçılar qarşıdakı dövrdə müşahidə ediləcək temperatur göstəricilərinin iqlim dəyişikliyi səbəbindən gələcək 20 ildə daha tez-tez yaşanması gözlənilən şəraitə bənzədiyini bildirirlər.
Hesabatda mövcud vəziyyət “gələcəkdən bir açıqca” kimi xarakterizə edilir.
Proqnozlara görə, temperaturla əlaqəli əlavə ölüm hallarının Hindistanda 15 800, Braziliyada 13 300, Cənub-Şərqi Asiyada isə təxminən 19 400 olması gözlənilir.
Cənub-Şərqi Asiyada Filippin, Vyetnam, Tailand və Kambocanın xüsusilə təsirlənə biləcəyi qeyd olunur.
İndoneziyada isə təxminən 19 300 əlavə ölüm proqnozlaşdırılır.
2026-cı ilin dekabrı ilə 2027-ci ilin fevralı arasındakı dövr üçün ən yüksək göstəricilərin Nigeriya və İndoneziyada qeydə alına biləcəyi ehtimal edilir.
Tədqiqatçılar bildirirlər ki, həddindən artıq isti hava xüsusilə yaşlılar, azyaşlı uşaqlar, ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan insanlar üçün daha təhlükəli ola bilər.
Kondisionerə, təmiz içməli suya və tibbi xidmətlərə çıxışın yüksək temperaturla bağlı riskləri azaltmağa kömək edə biləcəyi vurğulanır.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ