Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev AZAL-a məxsus təyyarənin qəzaya uğramasının texniki səbəblərini araşdıran komissiyanın işi ilə bağlı son məlumatları açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Qazaxıstan tərəfi avadanlıq istehsalçılarından texniki araşdırma üçün zəruri olan bütün ekspertizaların nəticələrini artıq əldə edib.
Hazırda komissiya üzvləri, o cümlədən Rusiya tərəfi ilə birlikdə yekun nəticələrin ümumiləşdirilməsi prosesi gedir.
"GPS-trekerlər, naviqasiya avadanlıqları və hava gəmisinin istehsalçısı tərəfindən bütün lazımi rəylər təqdim olunub. Bu nəticələr Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyası ekspertləri, həmçinin "Embraer" şirkətinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndələrinin daxil olduğu komissiya tərəfindən razılaşdırılacaq", - Bozumbayev jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin müavini onu da əlavə edib ki, beynəlxalq standartlara uyğun olaraq, yaxın bir neçə ay ərzində qəzanın texniki hissəsi ilə bağlı yekun rəy açıqlanmalıdır.
Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
İqbal RZAYEV,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ