Onlayn ictimai-siyasi qəzet
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan parlament seçkilərində səs verib.
Musavat.com-un xəbərinə əsasən, jurnalistlərlə söhbətində o bildirib ki, səsini sərhədlərinin toxunulmazlığını qoruyan, vətəndaşlarının təhlükəsizliyini, hüquqlarını və milli ləyaqətini təmin edə bilən Ermənistana verib.
“Bu gün mən yalan və böhtanın qınandığı, prinsipial siyasi mövqenin dəyərli sayıldığı, hakimiyyətin müxalifətçilərə məşhur çirkli pulların yuyulması maddəsi ilə ittihamlar irəli sürmədiyi Ermənistana səs verdim”, – deyə Sarkisyan qeyd edib.
Hakimiyyətin seçkilər yolu ilə dəyişməsinin mümkün olub-olmaması ilə bağlı suala cavabında sabiq prezident bunun gecə yarısından sonra məlum olacağını deyib. O, müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə nəticələrin saxtalaşdırılmasının və ya oğurlanmasının mümkün olmayacağına əmin olduğunu vurğulayıb.
Baş nazir Nikol Paşinyan məğlub olacağı təqdirdə hakimiyyətdən asanlıqla gedib-getməyəcəyi barədə suala cavab verən Sarkisyan bildirib ki, hazırkı hökumət başçısını belə proqnoz vermək üçün kifayət qədər yaxşı tanımır.
Keçmiş prezident qeyd edib ki, siyasi fəaliyyəti dövründə dövlətin seçki prosesinə bu qədər genişmiqyaslı müdaxiləsinin şahidi olmayıb. Onun sözlərinə görə, hazırkı seçki kampaniyası həm inzibati resurslardan istifadənin miqyasına, həm də dövlət vəsaitlərinin xərclənməsi baxımından görünməmiş xarakter daşıyır.
Sarkisyan beynəlxalq təşkilatların seçkilərdə baş verənlərə sərt qiymət verəcəyinə şübhə etdiyini də bildirib.
“Onların rəhbərləri konkret məqsədlər güdürlər. Buna görə də baş verənləri görmək onların maraq dairəsinə daxil deyil”, – deyə Ermənistanın üçüncü prezidenti vurğulayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə iştirak hüququ olan vətəndaşların sayı 2 milyon 503 min 976 nəfərdir. Səsvermədə 2 blok və 16 siyasi partiya mübarizə aparır. Partiyalar üçün seçki baryeri 4%, üçədək partiyanın daxil olduğu bloklar üçün 8%, dörd və daha çox partiyadan ibarət bloklar üçün isə 10% təşkil edir. Seçicilərin iştirakı ilə bağlı minimum hədd müəyyən edilməyib.
Şahanə Rəhimli
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ