Onlayn ictimai-siyasi qəzet
Britaniya siyasətinin “ağır artilleriyası” sayılan, qlobal maliyyə dairələri ilə yaxınlığı ilə seçilən Peter Mandelson artıq istintaqın "Epşteyn dosyesi"nin fiqurlarından biridir.
Musavat.com Sky News-a istinadla xəbər verir ki, 72 yaşlı keçmiş səfir vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə Camdendə saxlanılıb, ona aid 2 ünvanda axtarış aparılıb və dindirilmək üçün polis bölməsinə gğtürülüb.
Qalmaqalın mərkəzində isə adı pedofiliya və qlobal elita ilə bağlı çirkli əlaqələrdə hallanan maliyyəçi Ceffri Epşteyn dayanır.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər göstərir ki, Mandelson 2009–2010-cu illərdə – Britaniyada baş nazirin müavini olduğu dövrdə Epşteynlə intensiv yazışmalar aparıb. Həmin yazışmalarda avrozonaya maliyyə yardımı, dövlət aktivlərinin satışı və vergi sistemində dəyişiklik planları kimi həssas məsələlərin müzakirə edilib.
"Financial Times" yazır ki, Mandelson 2010-cu ildə Epşteynin maraqları naminə ABŞ hökumətinə bank tənzimləmələri ilə bağlı lobbiçilik edib. Həmin proseslərdə ABŞ-ın bank nəhəngi JPMorgan Chase də hallanır.
Sənədlərə görə, Epşteyn 2003–2004-cü illərdə Mandelsona 75 min dollar köçürüb. Sonrakı illərdə isə onun yaxın çevrəsinə maliyyə axını davam edib.nBu pullar nəyin qarşılığında verilib sualı açıqdır.
Mandelsonun 2024-cü ildə ABŞ-a səfir təyin edilməsi qərarı indidən siyasi səhv kimi qiymətləndirilir. Bu qərarın müəllifi isə Böyük Britaniyanın hazırkı baş naziri Keir Starmer idi.
Epşteynlə əlaqələri illərdir müzakirə olunan bir fiqurun Vaşinqton kimi strateji məkana göndərilməsi ya ciddi siyasi korluq, ya da riskli siyasi hesab olunur.
İndi isə həbs xəbəri Starmer hökumətinin reputasiyasına birbaşa zərbədir.
Qərb ölkələri illərdir başqa dövlətlərə korrupsiya, lobbiçilik etikası və şəffaflıq dərsi keçir. Ancaq öz siyasi elitası barədə sənədlər açıldıqda mənzərə fərqlidir.
Epşteyn işi göstərdi ki, milyarderlər, siyasətçilər və bankirlər arasında qurulan gizli münasibətlər şəbəkəsi illərlə toxunulmaz qala bilir. Mandelsonun saxlanılması isə bu “toxunulmazlıq mifinin” çatlamağa başladığını göstərir.
Hazırda əsas suallardan biri də istintaqın sonadək gedəcəyi, yoxsa bu işin zamanla səngiyəcəyi ilə bağlıdır.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ