Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələrindəki mənbələrdən “Sxemı” (Schemes) araşdırmaçı jurnalistlərinin əldə etdiyi sənəddə Rusiyanın Ukraynanın energetika sistemini sıradan çıxarmaq üçün hazırladığı məxfi planın təfərrüatları bəlli olub.
Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl "The New York Times" nəşrinin də qeyd etdiyi sənəddə Kiyev, Xarkov və Odessa kimi iri şəhərləri işıqsız, istiliksiz və susuz qoymaq üçün tələb olunan raket, dron və bomba sayı dəqiq hesablanıb.
Rusiya tərəfindən hazırlandığı ehtimal edilən sənəddə ümumilikdə 60 kritik hədəf yer alıb.
Bura su-elektrik stansiyaları (SES), atom-elektrik stansiyaları (AES), Avropadan elektrik enerjisi idxal olunan qərb sərhədindəki interkonnektorlar (qovşaqlar), İES, İEM, yarımstansiyalar, qazanxanalar, su təmizləyici və nasos stansiyaları daxildir.
Məlumata görə, bu miqyaslı hücumlar üçün Rusiyaya ümumilikdə təxminən 1000 PUA, raket-dron, aviasiya bombası və ballistik raket lazımdır. Sənəddə hər bir obyektin qarşısında onu tam sıradan çıxarmaq üçün tələb olunan silah növləri və onların dəqiq sayı göstərilib. Məsələn, bir İEM üçün 3 “Kinzal” ("Xəncəl") raketi, bir qazanxana üçün isə 20 dron nəzərdə tutulub.
Əsas hədəf şəhərlər Kiyev, Xarkov və Odessa olsa da, prioritet siyahıya daha 10-dan çox vilayət mərkəzi daxil edilib.
Mütəxəssislərin fikrincə, bu sənəd yekun döyüş planı deyil, daha çox texniki hesablama xarakteri daşıyır. Lakin Rusiya genişmiqyaslı müharibə başlayan gündən Ukraynanın energetika infrastrukturunu sistemli şəkildə vuraraq soyuq və qaranlığı bir silah kimi istifadə etməyə davam edir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ