İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “hamınız bir, mən tək” siyasəti – Türkiyə ilə gərginlik nə qədər sürəcək?

Rusiya və Türkiyənin münasibətləri yenidən gərginləşib – bu, artıq həm hər iki ölkədə, həm də öz ölkəmizdə hamıya məlumdur.

Ən maraqlısı odur ki, bu dəfə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə paralel Rusiya-Azərbaycan münasibətlərində də soyuqlaşma var.

Mütəxəssislər bu iki presedentin bir-biri ilə əlaqəli olduğunu düşünürlər.

Bu, çoxdan bəlli faktdır ki, digər postsovet ölkələrə yanaşmadan fərqli olaraq, Kremldə Türkiyə və Azərbaycanın qardaşlığına yanaşma fərqlidir. Kreml artıq 3 ildir ki, bu müttəfiqliyin, dostluğun sarsılmazlığını qəbullanıb, qısqanmır, Türkiyə və Azərbaycanı az qala konfederativ dövlət kimi qəbul edir.

Bu baxımdan Türkiyə ilə münasibəti gərginləşən Rusiyanın Azərbaycanla da münasibətinin soyuqlaşması təbii ola bilr. Ancaq güman ki, əsl səbəblər üzdə olanlar deyil.

Başqa sözlə, müşahidəçilər “Azov” alayının komandirlərinin Ukraynaya verilməsinin Rusiyanı ciddi şəkildə narazı slması, iki dövlətin münasibətlərində gərginlik yaranmasının bu üzdən olmasına həlledici ehtimal vermirlər.

Bilindiyi kimi, ötən ilin bu vaxtları Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında əsir mübadiləsinə dair danışıqlar başlamış, nəhayət, sentyabrda Ukrayna tərəfi Kiyevdə həbs olunmuş deputat, Putinin şəxsi dostu Viktor Medvedçuku Rusiyaya qaytarmış, əvəzində “Azov” alayının komandirlərini əsirlikdən qurtarmışdı. Ancaq o zaman Putin belə bir şərt irəli sürmüşdü ki, təcrübəli komandirlər müharibə qurtarana qədər Ukraynaya verilməsinlər, Türkiyədə nəzarət altında saxlanılsınlar. Elə də olmuşdu. Bu ayın əvvəlində isə Türkiyəyə səfər edən Ukrayna prezidenti Vladimir Zelenski həmin komandirləri Türkiyədən alıb öz ölkəsinə apardı.

esir-takasi-2073917.jpg (85 KB)

Məhz bu akt Türkiyə və Rusiya arasında yeni çat yaratdı. Bundan əvvəlki çat Rusiyanın qırıcı təyyarəsinin Türkiyə sərhədi yaxınlığında, Suriya səması üzərində, rəsmi Ankaranın dəstək verdiyi hərbi qüvvələr tərəfindən vurulub salınması zamanı baş vermişdi. Hətta o zaman iki dövlətin arasında müharibə təhlükəsi yaranmış, bütün siyasi-iqtisadi, ticari əlaqələr minimuma endirilmişdi.

Hazırda gərginlik o həddə olmasa da, ona bənzər şəkildədir. Fürsətdən istifadə edən türkofoblar ortalığı qarışdırmaq üçün qızışdırıcı ritorikadan gen-bol istifadə edirlər.

Rusiyanın bəzi siyasi dairələrinin sözçülərinin “Türkiyənin NATO üzvü olduğunu unutmamışıq” deməsi və bu ölkənin müstəqil xarici siyasət yeritmək haqqı olduğuna eyham etməsi faktları ilə yanaşı, Türkiyənin bu addımını “xəyanət”, “arxadan vurulan xəncər” hesab edənlər də var.

Bu arada, “Azov” alayının komandirlərinin Ukraynaya verilməsi ilə yanaşı, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırması, prezident Ərdoğanın NATO sammitində qatı anti-Rusiya xətti tutan dövlətlərin rəhbərləri ilıq davranışı, müzakirə aparması Kremlin xoşuna gəlməyən hadisələr zəncirinin daha bir həlqəsidir. Geniş ictimaiyyətin bilmədiyi, mediaya açıqlanmayan başqa detallar da ola bilər.

rus=putin.jpg (29 KB)

Bu, onu göstərir ki, dünənə qədər Rusiya Türkiyəni bu və ya digər şəkildə öz müttəfiqi hesab edirmiş. NATO-nun daxilində Türkiyə kimi güclü dövlətə güvənmək Rusiya üçün gerçəkdən də önəmli amil idi. Yoxsa Rusiya bütün Avropaya “hamınız bir, mən tək” deməz, onlardan qorxmadığını, qabaqlarından qaçmadığını hər fürsətdə göstərə bilməzdi.

Ancaq bu da o demək deyil ki, Türkiyə Rusiyaya qoşulub özünü dünyaya qarşı qoya bilərdi. Bu, Türkiyə dövlətinin mənafeyi ilə daban-dabana zidd olardı. Eyni zamanda Türkiyə yenə regional maraqlarını gözardı edərək və Qərbin fitvasına gedərək Rusiya ilə tarixi qonşuluq münasibətlərinin üstündən xətt çəkəsi, onun boğulması prosesində aktiv iştirak edəsi də deyil. Belə də olmayacaq.

Proqnoz belədir ki, yaxın günlərdə, həftələrdə Rusiya və Türkiyə arasında münasibətlər bir mənada normallaşacaq, münaqişə dərinləşməyəcək. Hər iki dövlətə dinc, qonşuluq münasibətlərinin qorunması, ticarət əlaqələrinin yüksələn xətt üzrə davam etməsi sərf edir.

16019391575f7ba6d5e16ca7.07631811-750x375.jpg (53 KB)

Bu xüsusda optimizmi zədələyən yeganə xüsusat odur ki, keçən dəfə Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında aktiv iştirak edən, öz üzərinə vasitəçilik missiyası götürən Azərbaycanın özü bu dəfə Rusiya ilə gərginlik yaşayır. Buna səbəb isə Rusiyanın Xankəndi ətrafında gedən proseslərdə qeyr-konstruktiv mövqe tutması, tərəzinin gözünü ermənilərin xeyrinə əyməsidir.

Necə deyərlər, gözləyək, görək, nə olur. Xeyirlisi...


Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR