Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyəyə səfər edib. Bu barədə xarici işlər naziri Hakan Fidan Berlində keçirdiyi mətbuat konfransında danışıb.
Rusiya kəşfiyyatının rəhbərinin 28 bəndlik “Tramp planı”nın, bunun ardınca Avropa İttifaqının Trampın bəndlərinə qarşı 24 bəndlik sülh planının açıqlanmasından sonra qardaş ölkəyə səfər etməsi ciddi suallar doğurub. Xüsusilə, Hakan Fidanın açıq şəkildə Narışkinin keçirdiyi görüşlərdə Ukraynadakı hərbi münaqişənin həllini müzakirə etdiyi barədə fikirlər səsləndirməsi diqqətləri çəkib. Cənab nazir kəşfiyyat rəhbərinin Ukrayna məsələsinin həlli illə bağlı müharibə tərəfi kimi mövqelərini Türkiyəyə çatdırdığını qeyd edib.
Rusiya nə üçün Türkiyəyə üz tutdu? Rəsmi Ankaranın mövqeyi “Tramp planı”nından, yoxsa Avropa İttifaqının hazırladığı 24 bəndlik sülh planından yana olacaq? Rusiya narahat olduğu üçünmü “elçisi”ni təcili qardaş ölkəyə göndərib?
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a dedi ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Ankaraya səfəri beynəlxalq arenada diqqət çəkən bir hadisədir:

“Bu, açıq şəkildə elan edilməmiş bir görüş idi. Lakin Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Berlindəki mətbuat konfransında bunu açıqladı. Fidan mətbuat konfransında bildirib ki, Narışkin ölkəsinin ABŞ Prezidenti Donald Trampın sülh planına dair mövqeyini müzakirə etmək üçün səfər etmişdi. Bu açıqlama səfərin əsas mövzusunun Ukraynadakı münaqişənin həlli, xüsusilə də Trampın təklif etdiyi sülh təşəbbüsü olduğunu göstərir. Narışkinin səfəri açıq diplomatik qurumlar vasitəsilə deyil, kəşfiyyat strukturları səviyyəsində baş verməsi ilə diqqəti çəkir. Bu “qeyri-rəsmi” danışıqların tipik xüsusiyyətidir. Belə görüşlərdən ciddi məsələlərlə bağlı irəliləyiş əldə etmək üçün istifadə olunur. Əsas məqsədlərdən biri, şübhəsiz ki, Trampın sülh planının müzakirəsi və Türkiyəni bu prosesə cəlb etməkdir. Trampın planına Ukraynanın NATO-ya qoşulmaması, hərbi limitlər və müəyyən ərazilərin statusunu dəyişdirmək kimi elementlər daxildir. Çox güman ki, Rusiya bu planı öz maraqları çərçivəsində qiymətləndirir və Türkiyədən dəstək istəyir. Çünki Ankara həm Moskvaya, həm Kiyevə, həm də Vaşinqtona yaxın münasibətlər saxlayır. Fidan da Narışkinlə görüşdən sonra “irəliləyişlər var” deyərək, prosesin dinamik olduğunu işarə edib.
Çox güman ki, Narışkin Ankaraya səfəri ilə Türkiyəni Tramp planına razı salmağa və onu dəstəkləməsinə çalışır. Bu, Rusiyanın Türkiyəyə ehtiyacı olduğunu göstərir. Çünki Türkiyə NATO-nun üzvüdür və Rusiya-Ukrayna müharibəsinin həllində mediator kimi çıxış edə bilər”.
Müsahibimiz onu da diqqətlərə çatdırdı ki, Sergey Narışkin prezident Putinə yaxın və beynəlxalq kəşfiyyat şəbəkələrinin əsas fiqurlarından biridir: “Nəzərə almaq lazımdır ki, kəşfiyyat rəhbərlərinin səfərləri nadir hallarda sadə hədəflə bağlı olur. İndi isə Rusiyanın Türkiyə ilə gizli məlumat mübadiləsi aparmaq, etibarlı kanal qurmaq və olduqca həssas məsələ ilə bağlı danışıqlar aparmasına ehtiyacı yaranıb. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bu səfər Tramp planı ilə əlaqədar ilk böyük “sülh missiyası”ndan biridir. Bu, qlobal geosiyasətdə yeni bir mərhələnin başlanğıcı ola bilər, amma ehtimal ki, daha çox belə görüşlərə ehtiyac olacaq”.
Cavanşir ABBASLI,
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ