Onlayn ictimai-siyasi qəzet
Dövlət Dumasına fevralın 12-nin Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında anti-Rusiya qırğınları qurbanlarının anım günü kimi təsis edilməsi təklifi təqdim edilib".
Musavat.com “Svobdnaya pressa”ya istinadən xəbər verir ki, bu təşəbbüslə “Rusiya Vətəndaş Komitəsi” ictimai hərəkatının sədri, Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının üzvü Artur Şlıkov çıxış edib. Politoloq, tarix üzrə fəlsəfə doktoru Vadim Truxaçev isə nəşrə deyib ki, “Tacikistandan tutmuş Estoniyaya qədər və onların arasında hər yerdə baş verən hadisələrə hüquqi qiymət verməyin vaxtı çatıb”.
Özünü tarixçi adlandıran bu zat deyib ki, o dövrdə Tacikistanda rusdilli əhalinin sayı 12 dəfə, Gürcüstanda 8 dəfə, Azərbaycanda 7 dəfə, Qırğızıstan və Özbəkistanda da əhəmiyyətli dərəcədə azalıb. “Lakin Tacikistandakı anti-Rusiya etirazlarında ən azı 7-8 min insan öldü, 300 mindən çox adam qaçqın düşdü. Amma ilk talan 1990-cı ilin yanvarında Azərbaycanda baş verib. Bəli, ermənilərlə başlayıb, ruslarla bitib. İndi Azərbaycanla münasibətlərimiz demək olar ki, Baltikyanı ölkələr səviyyəsinə çatdığı bir vaxtda bunu dəyərləndirməyə bizə nə mane olur, mən başa düşə bilmirəm...”, - deyə o bildirib.
Eyni vaxtda özünü “rus hərbi müxbiri” kimi təqdim edən Oleq Bloxinin Bakıda guya “ruslara qarşı soyqırımı” törədilməsi ilə bağlı sərsəm iddialarla çıxış etməsi haqlı suallar doğurur. O da iddia edib ki, məlum yanvar hadisələri zamanı Bakı və ətraf ərazilərdə guya ruslara qarşı amansız davranış olub. “Nəticədə, 475 min rusdan Azərbaycanda təxminən 100 min nəfər qaldı”, - deyə o iddia edib. SSRİ-nin dağılması ərəfəsində “qırmızı imperiyada”, xüsusilə Mərkəzi Asiya respublikalarında milli zəmində baş verən qarşıdurmalar tarixin əlbəttə ki, qara səhifələridir. Bu hadisələr Azərbaycandan da yan keçməyib, xalqımız 20 Yanvarda birləşmiş rus-erməni terrorunun qurbanı olub, qırğınlar Bakıdan sonra Qarabağda da təkrarlanıb. 26 fevral Xocalıda baş verənləri bir sıra ölkələrin parlamenti XX əsrin soyqırımı kimi tanıyıb.
Bu sənədi Dumaya hazırlayıb göndərən ağlını itirmiş, millətçi bir ictimai birlik deyil. Prezident yanında İnsan Haqları Şurasında təmsil olunan biridir. Bu hadisələrə indi “qayıdış edib” xüsusilə Mərkəzi Asiyada “ruslara qarşı qırğınlar” kimi əbədiləşdirmək istəyi mürəkkəb tarixi dövrdən öz mənafelərinə faydalanmaq cəhdidir.
Əcəba, Rusiyanın “qırğın günü”nü əbədiləşdirmək istəyi yeni Donbas variantları üçündürmü?

Arzuxan Əlizadə
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyada növbəti təhdid dolu təşəbbüs qaldırılıb. Onun sözlərinə görə, bu təklif postsovet məkanını hədələmək məqsədi daşıyır: “Düzdür, təşəbbüs bir ictimai birlik sədrindən gəlib, amma bu layihənin müəllifi həm də prezident yanında şura üzvüdür. Rusiya reallığını nəzərə alsaq, deməli, Kreml liderinin "xeyir-duası" ilə ortaya atılan mövzudur. Faktiki keçmiş sovet respublikalarına qarşı demarşdır. Görünən budur ki, Rusiya zəiflədikcə aqoniya vəziyyətinə düşür və bu da onun çevrəsinə təhdid yağdırması ilə müşayiət olunur. Çünki region ölkələrinə, yəni MDB məkanına təsir imkanlarının azaldığının fərqindədir".
Bundan əvvəl də Rusiyadan belə təşəbbüslər irəli sürüldüyünü xatırladan deputat qeyd etdi ki, bu da heç bir əndazəyə sığmayan növbəti həyasızlıqdır: "Rusiya bu xalqlara "divan tutub", qırğınlar törədib, bu gün də Ukraynada hərbi cinayətlərə yol verir, amma “anti-Rusiya qırğınlarına görə anım günü” təsis etmək həvəsinə düşüb".
A.Əlizadə qeyd etdi ki, ruslara qarşı diskriminasiya olmayıb və misli görünməmiş saxtakarlığa əl atılır: “Bu il Dumanın bəzi üzvləri də Azərbaycana ittihamlar yağdırmışdılar ki, guya buradakı ruslara ayrı-seçkilik var. Amma deputat Mixail Zabelin onlara cavab verdi. Əksinə, ruslar həmişə bu xalqlara qarşı qırğınlar törədib. Ümumiyyətlə, başımıza gələn bəlaların səbəbkarı da Rusiyadır, Qarabağda işğala da məhz bu ölkə dəstək verib, son olaraq da təyyarəmizi vurublar, həmvətənlərimiz Yekaterinburqda qətlə yetirilib, yəni Rusiya bu gün "xalqlar həbsxanası"dır, region üçün təhlükədir. Biz isə Rusiyanın 30 il dəstəklədiyi işğala son qoyduq, rus hərbçilərini Qarabağdan kənarlaşdırdıq, indi də bu reallığı qəbul edə bilmirlər, müxtəlif variantlara əl atırlar. Amma Rusiya bu həqiqətlə barışmalı olacaq və getdikcə zəifləməsi onu içindən dağıdacaq. Necə ki SSRİ-nin dağılacağına inanmayanlar var idi, indi Rusiya haqqında da belə təsəvvürlər var, amma biz bu gedişatı müşahidə edirik. Ona görə də irəli sürülən sözügedən layihə anti-Azərbaycan ideyadır və bütövlükdə postsovet məkanına qarşı yönəlib".
Deputat hesab edir ki, bu layihələrin keçərli olması belə nəticəni dəyişməyəcək: “Rusiya MDB məkanına münasibətini dəyişməlidir. Əgər əməkdaşlığı yox, təzyiq etməyi üstün tutursa, heç zaman keçmiş SSRİ ölkələri ilə normal əlaqələr olmayacaq. Yəni problem Rusiyanın zehniyyətindədir və imperiya təfəkkürü ona qonşularına normal yanaşmağa imkan vermir. Nəticədə belə axmaq təşəbbüslər yada düşür və bu minvalla MDB məkanını nəzarətdə saxlamaq yolu seçilir”.
Qeyd edək ki, Rusiyada ortalama 2,5 milyon civarında azərbaycanlı yaşayır, amma bir Azərbaycan məktəbi yoxdur. Azərbaycanda isə cəmi 100 min rus yaşayır, amma dövlət büdcəsi hesabına olan rusdilli məktəblərin sayı 340-dan çoxdur. Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlayıblar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılıb. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların “Zaqafqaziya əyalətləri”nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər. Rusların ilk könüllü gələnləri 1830-cu ildə Orenburq vilayətindən malakanların köçürülməsi idi.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ