Onlayn ictimai-siyasi qəzet
Sağlam beyin üçün nizamlı yuxu, düzgün qidalanma və fiziki aktivlik həyat tərzinə çevrilməlidir. Nevroloji mütəxəssislər bildirirlər ki, beyin sağlamlığının təməli hələ ana bətnində formalaşır və bu istiqamətdə görülən tədbirlər ömür boyu sağlamlığa təsir göstərir.
Bu barədə Ondokuz Mayıs Universiteti Tibb Fakültəsinin Nevrologiya kafedrasının müdiri və Türkiyə Nevrologiya Dərnəyinin sədri professor Murat Terzi 22 İyul – Ümumdünya Beyin Günü münasibətilə keçirilən maarifləndirmə tədbirləri çərçivəsində danışıb.
Professorun sözlərinə görə, ətraf mühitin çirklənməsi, elektromaqnit şüalanması, siqaret çəkmə, həddindən artıq duz qəbulu, piylənmə və qeyri-sağlam qidalanma beyin sağlamlığı üçün əsas risk amilləridir. Bundan başqa, Alzheimer, Parkinson və dağınıq skleroz (MS) kimi irsi nevroloji xəstəliklər də riskin artmasına səbəb olur.
Mütəxəssis sağlam beynin qorunması üçün Aralıq dənizi tipli qidalanmaya üstünlük verilməsini, meyvə və tərəvəzlə zəngin rasiona əməl edilməsini, duz, siqaret və alkoqol istehlakının məhdudlaşdırılmasını tövsiyə edib. O, həmçinin ekran qarşısında keçirilən vaxtın azaldılmasının və xüsusilə gecə saatlarında Wi-Fi və mobil telefon kimi elektromaqnit mənbələrindən mümkün qədər uzaq qalmağın faydalı olduğunu bildirib.
Terzi qeyd edib ki, həftədə azı iki-üç dəfə gəzinti və ya idmanla məşğul olmaq, normal bədən çəkisini qorumaq, yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəlikləri nəzarətdə saxlamaq beyin damar xəstəliklərinin və digər nevroloji problemlərin yaranma riskini azalda bilər.
Professor vurğulayıb ki, əhalinin yaşlanması ilə demensiya, Alzheimer və Parkinson kimi xəstəliklərin yayılması artır. Onun sözlərinə görə, bu səbəbdən profilaktik tədbirlərin gücləndirilməsi və cəmiyyətin maarifləndirilməsi böyük əhəmiyyət daşıyır.
Mütəxəssis sonda bildirib ki, tez-tez baş ağrısı, qıcolma, yerimədə çətinlik və ya görmə pozğunluğu kimi əlamətlər müşahidə olunduqda vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır.//Demokrat.az
24 Iyul 2026
23 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ