Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Rusiya dövlət televiziyası olan “1-ci kanal”da Azərbaycan əleyhinə təxribatı şərh edib. Hacızadə aprelin 6-da həmin kanalın “Zaman göstərər” (“Vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsini, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer almasını ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiya kimi dəyərləndirib.
“Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir. Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, - deyə XİN rəsmisi qeyd edib.

Milli Məclisin üzvü Elman Nəsirov Musavat.com-a şərhində öncə bildirdi ki, Rusiya postsovet məkanını özünün strateji maraq zonası hesab edir və Moskvanın Cənubi Qafqazda ciddi maraqları var: “Nəzərə alaq ki, Güney Qafqaz dövləti olan Ermənistanda Rusiyanın ən az 4 min əsgər və zabiti cəmlənib. Bu reallıq fonunda Ermənistanda 7 iyun parlament seçkiləri keçiriləcək. Seçkiöncəsi Rusiya və Qərbin maraqları çox kəskin şəkildə toqquşmaya başlayıb. Mayın 4-5-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin toplantısı, eyni zamanda, Ermənistan-Aİ sammiti Qərbin Paşinyan hökumətinə və bütövlükdə Ermənistana çox ciddi dəstək verdiyini nümayiş etdirdi. Bu, həmçinin, qarşıdakı seçkilərdə Qərbin Paşinyanı dəstəklədiyini ifadə etdi”.
Onun sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətləri kəsmir, amma atdığı addımlar onun Avropaya inteqrasiyaya üstünlük verdiyini göstərir: “Son tədbirlər bu reallığı açıq şəkildə göstərməyə başlayıb. Ermənistanın qərbyönlü siyasəti keyfiyyətcə yeni mərhələyə keçir. Belə olan halda Rusiya Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq üçün Qarabağ adından istifadə etməyə çalışır. Qarabağ məsələsinin həllində ciddi addımlar atılıb. Tarixi Vaşinqton razılaşması var, sülh müqaviləsi paraflanıb, 2026-cı ildə imzalanmasına dair ciddi ümidlər var. Rusiya isə sanki bu vəziyyətlə barışmaq istəmir və bütün mümkün variantlardan istifadə edərək müəyyən mənada situasiyanı nəzarətdə saxlamağa çalışır”.
Deputat xatırlatdı ki, Rusiya Ukrayna ilə 4 il yarımdır ki, müharibə vəziyyətində olduğu üçün onun resursları xeyli tükənib: “Moskva üçün ikinci cəbhə açmaq ağlasığmazdır. Bununla yanaşı, Rusiya indiki status-kvo vəziyyəti ilə barışmaq istəmir. Ancaq Ermənistanla Azərbaycan arasında sülh prosesinin qarşısı alına bilməz. Hər iki tərəf sülh istəyir. Bu istiqamətdə real addımlar atılır – etimad mühiti formalaşır, iqtisadi əlaqələr yaranıb. Rusiyanın istənilən təsir və təzyiq mexanizmlərinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh prosesinin məntiqli sonluğa çatacağına inam çox böyükdür. Bunu hər iki dövlətin siyasi rəhbərliyi istəyir. Eyni zamanda, xalqlar arasında etimad mühitinin formalaşdırılmasına dair intensiv proses getməkdədir”.
Nigar Həsənli,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ