İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi qiyam yetişir: “Vaqner” Putinin düşməninə çevilir, “batan gəmi”ni tərk edir

Son vaxtlar Baxmutu işğal etməsi ilə özünə “təsəlli” verməyə çalışan Kreml Belqorod vilayətində Ukrayna əsgərlərinin peyda olması ilə sarsılıb, Putin hakimiyyəti Rusiyanın qərb bölgələrini qorumaqda çətinlik çəkməsinin əsl səbəblərini ölkə əhalisinə izah edə bilmir... Kreml sahibinə qarşı ölkədaxili narazılıq son həddə çatıb, hərbi qiyam hazırlığı müşahidə olunur, Ukrayna savaşının birbaşa Rusiya ərazisinə sıçraması qətiyyən gözlənilməz olmayacaq...

Ukrayna savaşı dünyanın yenidən bölüşdürülməsi prosesində sonuncu mərhələ kimi ön plana çıxmaqdadır. İndi Kreml yeni bölgüdə Rusiyanın paysız qalacağına qətiyyən şübhə etmir. Üstəlik, Rusiyanın özünün də bölüşdürüləcəyindən ciddi şəkildə narahatdır. Və bu baxımdan, Rusiyanın gələcək taleyi ilə bağlı müzakirələr o qədər də təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin də öz açıqlamalarıyla Rusiyanın gələcək taleyi ilə bağlı müzakirələrin intensivləşməsinə xüsusi stimul verir. Kreml sahibinin “Rusiyanı parçalamaq istəyirlər, ən ağır tarixi mərhələdən keçirik” məzmunlu açıqlaması bu ölkənin cəmiyyətini silkələyib. Yəqin ki, prezident Vladimir Putin bu açıqlama ilə ilk növbədə Rusiya cəmiyyətində ABŞ və Qərblə hərbi-siyasi qarşıdurmada müqavimət gücünü artırmaq niyyəti güdüb.

Məsələ ondadır ki, Kreml sahibi hazırda Rusiya cəmiyyətinin onun ətrafında daha sıx birləşməsinə ciddi ehtiyac duyur. Buna isə yalnız Rusiyanın xarici düşmənlərinə - ABŞ və Qərbə qarşı ideoloji müqavimət tezisləri ilə nail olmaq mümkündür. Hər halda, Rusiya tarixində belə ideoloji birləşməyə bağlı ümumxalq müqavimətinin örnəkləri mövcuddur. Kremldə Rusiyanın bir dövlət kimi məhv edilmə təhlükəsi barədə xəbərdarlıqla ölkədə milli müqavimət dinamiklərini tərpətmək məqsədi güdürdü.

ed9cac80b11f0550502f487adc951954.jpg (338 KB) 

Ancaq müasir Rusiyada bu köhnəlmiş taktika olduqca təhlükəli metoddur. Çünki prezident V.Putinin Rusiyanın gələcək taleyi ilə bağlı hay-küyü rus millətçiliyini gücləndirir. Nəticədə Rusiyanın tərkibində istismar olunmaqdan bezmiş milli-etnik bölgələrdə Kremlə qarşı narazılıq da artır. Yəni, Rusiyanın daxilində yaxın vaxtlarda ruslar və qeyri-ruslar arasında kəskin vətəndaş qarşıdurması qətiyyən istisna deyil. Və Şimali Qafqaz xalqlarından bəzilərinin “Azadlıq ordusu” adı altında müxtəlif qruplaşmalar yaratmağa başlaması bunun ilkin əlamətləri sayıla bilər.

Digər tərəfdən, Ukrayna savaşında məğlub duruma düşməsi Rusiyanın hərbi-siyasi elitasında da ciddi parçalanma yaradıb. İndi savaş əleyhinə çağırış edənlərin sırasının genişlənməkdə olduğu bildirilir. Rusiyanın enerji gəlirlərinin ciddi şəkildə azalması isə “büdcə yırtıqları”nı böyüdür. Sosial problemləri dərinləşdirir, daxili narazılıqları artırır. Yəni, prezident V.Putinin ABŞ və Qərbə qarşı müqavimət gücünü artırmaq üçün etdiyi çağırışlar Rusiyanın əleyhinə də çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın hərbi rəhgbərliyi ilə “Vaqner” qruplaşması arasında qarşıdurma artıq təhlükəli məzmun almağa başlayıb. Belə ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin uzun müddətdən bəri Rusiya Müdafiə Nazirliyini sərt şəkildə ittiham edir. “Vaqner”in rəhbəri öz açıqlamaları ilə əslində, Rusiyanın düşdüyü vəziyyətlə bağlı “səngər həqiqətləri”ni xalqa çatdırır. Və məlum olur ki, Rusiyanın “Baxmut qələbəsi” yumşaq desək, sadəcə, şişirdilmiş təsəlli və ya rəsmi propoqanda “zəfər”idir.

Məsələ ondadır ki, Y.Priqojin Ukrayna ordusunun Rusiya ordusundan daha yüksək döyüş qabiliyyətinə və hərbi texnika təchizatına malik olduğunu arqumentləşdirib. Onun iddiasına görə, Rusiya ordusu davamlı olaraq, hərbi mövqelərini itirir. Ukrayna ordusu isə savaşın başlandığı dövrlə müqayısədə indi daha güclüdür. Və Rusiya ordusunun bu savaşda qalib gəlmək şansları ümudverici deyil.

5937898f-81b6-40ba-aca3-555654803559.jpg (265 KB) 

Təbii ki, “Vaqner”in rəhbəri bu açıqlamalarla ilk növbədə Kremli və Rusiya generalitetini hədəfə alır. Rusiyanın sürətlə məğlubiyyətə doğru sürükləndiyini xalqa çatdırmağa çalışır. Üstəlik, Y.Priqojin “Vaqner”i savaş meydanından çəkmək niyyətini də qətiyyən gizlətmir.

Əgər, bu addımı atarsa, Rusiya ordusunun daha ağır vəziyyətə düşə biləcəyi də qətiyyən istisna deyil. Çünki son vaxtlara qədər savaş meydanında Rusiya ordusunun öz mövqelərini çətinliklə də olsa, qoruya bilməsi daha çox “Vaqner”in yüksək döyüş qabiliyyəti ilə izah olunurdu. Və indi Y.Priqojin Rusiyanın məğlubiyyətdən yayınmasına inanmadığına görə “Vaqner”lə birlikdə “batan gəmi”ni tərk etməyə çalışır.

Göründüyü kimi, Kremldən Ukrayna savaşı ilə bağlı sərt şəkildə hesabat istənməyə başlanıb. Y.Priqojinin “səngər həqiqətləri” indi Rusiya cəmiyyətində şok effekti yaradıb. Rusiya siyasi elitasına daxil olan bəzi politoloqlar Kremlin yalanları bir kənara buraxmağa və əsl həqiqətləri xalqa açıqlamağa çağırırlar. Və bu, Rusiyanın hakim dairələri üçün olduqca ciddi təhlükənin yaxınlaşdığını biruzə verir.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB) 

Kremlə yaxınlığı ilə seçilən rus politoloq Sergey Markov hesab edir ki, hakim siyasi dairələrin “xüsusi hərbi əməliyyat” tezisi artıq öz aktuallığını itirib. Ona görə də, Kreml Rusiyanın genişmiqyaslı müharibə apardığını nəhayət ki, etiraf etməlidir. Çünki bu savaşın Rusiyaya sarsıdıcı zərbələr vurduğu inkaredilməz reallıqdır. Və mövcud situasiyanı dəyişməyə Kreml ilk növbədə Rusiya vətəndaşlarına yalan danışmaqdan imtina etməkdən başlamalıdır.

Ukrayna savaşının Rusiya ərazisinə keçməsi isə Kremlin vəziyyətini daha da ağırlaşdırır. Belə ki, son vaxtlar Baxmutu işğal etməsi ilə özünə “təsəlli” verməyə çalışan Kreml Rusiyanın Belqorod vilayətində Ukrayna əsgərlərinin peyda olması ilə sarsılıb. Hər halda, Kreml Rusiyanın qərb bölgələrini qorumaqda çətinlik çəkməsinin əsl səbəblərini ölkə əhalisinə izah edə bilmir. Üstəlik, Ukrayna ordusunun hərbi komandanlığı oxşar hadisələrin Rusiyanın Kursk və Voronej vilayətlərində də törədilə biləcəyi ilə təhdid etməyə başlayıb.

Belə anlaşılır ki, Ukrayna savaşının birbaşa Rusiya ərazisinə sıçraması qətiyyən gözlənilməz olmayacaq. Buna paralel olaraq, “Vaqner”in savaş bölgəsindən çıxarılacağı barədə xəbərdarlıqlar və bu silahlı qruplaşmanın rəhbəri Y.Proqijinin davranışları Rusiya cəmiyyətində gərginliyi daha da artırır. Rusiyanın hərbi-siyasi elitasında “Vaqner”in rəhbərinin fəaliyyəti ölkədə hərbi qiyam hazırlığının ilkin əlamətləri kimi dəyərləndirilir. Əslindəsə, Rusiyanın Ukrayna savaşında məğlub olduğunu anlayan Y.Priqojinin “batan gəmi”ni tərk etməyə çalışdığını da düşünmək mümkündür. Və bütün bunlar Rusiyanın vətəndaş müharibəsinə sürüklənmə təhlükəsini də reallığa çevirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR