İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada biznesə yeni şərt: Özünü dronlardan qoru, amma...

Rusiyada Ukrayna dronlarının neft emalı zavodlarına, anbarlara və digər infrastruktur obyektlərinə hücumları fonunda biznesin müdafiə xərclərinin bir hissəsinin vergi hesablamalarında nəzərə alınması təklif olunur. Lakin bunun müqabilində şirkətlərin öz pulları ilə tikdiyi müdafiə qurğuları və aldığı xüsusi avadanlıqlar əvəzsiz olaraq dövlətə verilməlidir.

Musavat.com xəbər verir ki, Rusiya hökuməti bununla bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Layihəyə əsasən, şirkətlər obyektlərini pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq üçün çəkdikləri xərcləri mənfəət vergisi hesablanarkən nəzərə ala biləcəklər.

Buraya xüsusi müdafiə qurğularının tikintisi, lazımi avadanlığın alınması, həmin obyektlərin təchiz edilməsi və saxlanılması, eləcə də orada növbə çəkəcək şəxslərin geyim və qida xərcləri daxil ediləcək.

Ancaq güzəştin mühüm şərti var.

Şirkət tikdirdiyi müdafiə qurğularını və aldığı xüsusi avadanlığı pulsuz olaraq dövlətə təhvil verməlidir. Bundan sonra həmin əmlak Rusiya Müdafiə Nazirliyinin, Rosqvardiyanın, Fövqəladə Hallar Nazirliyinin və ya xüsusi xidmət orqanlarının mülkiyyətinə keçə bilər.

Növbətçiliyin təşkili ilə bağlı xərclərin vergitutma zamanı nəzərə alınması da yalnız müəyyən şərtlə mümkün olacaq. Növbətçiliyə hərbçilər, Rosqvardiya, FHN və ya xüsusi xidmət əməkdaşları cəlb edilməlidir.

Beləliklə, təklif olunan mexanizmə görə, biznes öz obyektini dron hücumundan qorumaq üçün vəsait xərcləyəcək, dövlət bunun müqabilində müəyyən vergi güzəşti verəcək, tikilən istehkam və alınan xüsusi avadanlıq isə sonda dövlətin mülkiyyətinə keçəcək.

Bu addım Rusiyada strateji və kritik infrastrukturun dron hücumlarından qorunması ilə bağlı biznes üzərinə qoyulan tələblərin sərtləşdirilməsinin davamıdır.

Avqustda Vladimir Putin kritik əhəmiyyətli obyektlərin sahibləri dronlardan lazımi müdafiəni təmin etmədikdə həmin obyektlərin müvəqqəti olaraq dövlət idarəçiliyinə verilməsinə imkan yaradan fərman imzalayıb.

Qərarlar Rusiya ərazisində neft emalı zavodları, anbarlar və digər infrastruktur obyektlərinə dron hücumlarının davam etdiyi bir vaxtda qəbul edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR