İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Fransa Laçın postunda erməni təxribati törətdi: Kreml Bakı və Ağ Evi niyə şantaj edir

Fransanın xarici işlər naziri Katrin Kolonnanın son açıqlamasında Ermənistanın Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törətdiyi silahlı təxribatın sifarişi mövcuddur... Cənubi Qafqazı itirmək üzrə olan Kremlin Rusiya mətbuatında ABŞ-dakı "gizli diplomatik mənbə"yə istinadən yaydığı uydurma iddialar isə yaxın vaxtlarda törədilməsi planlaşdırılan daha böyük toqquşmaların ilkin anonsu kimi görünür...

Cənubi Qafqazda geopolitik qarşıdurmanın gücləndirilməsinə yönəlik açıq cəhdlər edilməkdədir. Regiona "giriş qapısı" axtaran Fransa və bölgədən çıxarılmaq üzrə olan Rusiya Cənubi Qafqazda məkrli planlarını işə salıblar. Və hazırda bu iki dövlətin Ermənistan üzərindən törətdiyi hərbi-siyasi təxribatlar regionu növbəti savaşa doğru sürükləyir.

Fransanın xarici işlər naziri Katrin Kolonna bir neçə gün öncə Avropa Birliyini Azərbaycana qarşı sanksiyalara çağırmışdı. Səbəb kimi isə Laçın yolunun güya bağlı olmasını göstərmişdi. Halbuki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilər həmin yoldan hər gün sərbəst şəkildə istifadə edirlər. Və bu, Fransanın nə qədər məkrli yalanlara bağlı bir dövlət olduğunu göstərir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Digər tərəfdən, fransız xarici işlər naziri Fransanın Cənubi Qafqazdakı sülh prosesinə tərəfsiz mövqedən yanaşdığını da vurğulamışdı. Ancaq sonra özü də bilmədən yalançının yaddaşının çox qısa olduğunu bir daha sübuta yetirmişdi. Çünki Katrin Kolonna Fransanın Ermənistanı ən ciddi şəkildə dəstəkləyən yeganə dövlət olduğunu da bildirmişdi. Fransanın hər zaman Ermənistanın yanında yer aldığını fikirlərinə əlavə etmişdi.

Yəni, Fransanın xarici işlər naziri utanmadan tək ayağı üzərində yalanları sıralayır. Bir tərəfdən, ermənilərin sərbəst hərəkət etdiyi Laçın yolunun bağlı olduğunu iddia edir. Digər tərəfdən isə rəsmi Parisin regional sülh prosesində tərəfsizliyinə hər kəsi inandırmağa çalışır. Ancaq Fransanın həmişə Ermənistanın yanında olduğunu vurğulamaqla, elə özü də bilmədən bunu rəsmi şəkildə təkzib edir.

Belə anlaşılır ki, Ermənistan və Rusiya ilə yanaşı, Fransanı da Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması ciddi şəkildə narahat edir. Hər halda, Fransanın xarici işlər nazirinin açıqlamalarında Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin açıq və birbaşa hədəfə çıxarılmasına çalışılır. Və bu mövzu üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə cəhd edilir.

Onu da qeyd etmək lazımdır ki, Fransa xarici işlər nazirinin siyasi təxribatının nəticələri artıq ortaya çıxmağa başlayıb. Belə ki, Laçın sərhəd-keçid məntəqəsi Ermənistan ordusu tərəfindən atəşə tutulub, bir hərbçimiz yaralanıb. Atəş üzbəüz erməni postundan, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı açılıb. Təxribatı törətdikdən sonra isə erməni hərbçilər postlarını tərk ediblər. Yəni, cavab zərbəsindən qorxaraq, qaçıblar.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Təbii ki, Fransanın siyasi sifarişi ilə törədilmiş erməni təxribatının əsas məqsədi artıq tam şəkildə aydındır. Fransız-erməni propoqandasını puça çıxartmış bu önəmli nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılmasına çalışırlar. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da məhz həmin buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini Ermənistanın həzm edə bilmədiyi xüsusi olaraq, vurğulanır. Və Ermənistanın bu hərbi təxribatının rəsmi İrəvanın Azərbaycanla normal münasibətlər qurmaqda, sülh prosesində maraqlı olmadığı qeyd edilir.

Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan Fransa, Rusiya və Ermənistanın təmsil olunduğu "üçbacı koalisiyası" ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Son məlumatlara görə, Fransa Ermənistanı silahlandırmağa da başlayıb. Rəsmi Parisin Ermənistana 50 ədəd zirehli texnika tədarük edəcəyi bildirilir. Zirehli texnikanın çatdırılmasının şərtləri və cədvəli barədə hələlik məlumat verilmir. Ancaq Ermənistana Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının verilməsinin mümkünlüyü də istisna olunmur.

Rusiya isə ABŞ və Qərbi hədəfə almaqla, Ermənistanda itirilmiş nüfuzunu yenidən bərpa etməyə can atır. Kremlin tam nəzarətində olan mətbuat qurumları ABŞ-ın Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı tutduğu mövqeni yalan məlumatlarla manipulyasiya etməyə çalışırlar.

"RIA Novosti" iddia edir ki, guya ABŞ bölgədəki erməni separatçı-terrorçulara ultimatum göndərib: "Ağ Ev "Dağlıq Qarabağ rəhbərliyi"ni yaxın vaxtlarda rəsmi Bakı ilə "üçüncü ölkədə" görüşməyə məcbur edir. ABŞ Rusiyanı sıxışdırıb, özü regiona yerləşməyə çalışır. Görüşün də amerikalı kuratorun iştirakı ilə keçirilməsi nəzərdə tutulur. ABŞ bu tələbdən imtina ediləcəyi təqdirdə, Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyir".

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

"RIA Novosti"nin bu məlumatında müəyyən müəmmalı məqamlar mövcuddur. Həmin məqamlara diqqət etdikdə, bu məlumatın Rusiyanın geopolitik maraqlarına uyğun şəkildə uydurulmuş ola biləcəyi ilə bağlı şübhələr yaranır. Çünki "RIA Novosti" ABŞ-dakı diplomatik mənbəyə istinad edir. Halbuki, indiki situasiyada ABŞ-da hər hansı diplomatik mənbənin Ağ Evin Cənubi Qafqaz planları barədə Kremlin propoqanda qurumuna məlumat verə biləcəyinə inanmaq çətindir.

Digər tərəfdən, "RIA Novosti"nin iddiasına görə, Ağ Evin sülhməramlı təşəbbüsünə "Dağlıq Qarabağ"ın "xarici işlər naziri" Sergey Qazaryan lobbiçilik edir. Böyük ehtimalla son vaxtlar Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə maraq göstərməsi Kremli ciddi şəkildə narahat edir. Ona görə də, bu prosesdə iştirak etmək ehtimalı olan Sergey Qazaryanı və onun üzərindən digər təşəbbüskarları dolayısı ilə şantaj etməyə çalışır. Hər halda, bu həmin şəxslərin erməni toplumu qarşısına əsas hədəf kimi çıxarılmasına cəhddir.

Nəhayət, Rusiya Xarici İşlər Nazirliyinin "Ağ Evin Xankəndi-Bakı dialoquna təzyiq edən vasitəçilik xidmətləri narahatlıq doğurur" açıqlaması ilə bu müəmmalı iddiaya dərhal münasibət bildirməsi də ciddi şübhələrə yol açır. Hər halda, Kremlin Cənubi Qafqazda Rusiyanın maraqlarına təhlükə törədən proseslərdən narahatlıq keçirdiyi inkaredilməz reallıqdır. Ona görə də, Kreml preventiv addımlar atmaq məcburiyyəti yaranıb. Halbuki, Ağ Evin vasitəçiliyi ilə problemin həllindən Kremlin narahat olması tamamilə məntiqsizdir. Çünki bütün bunlar Rusiyanın sərhədlərindən kənarda baş verə biləcək hadisələrdir və Kremlə heç bir hüquqi aidiyyəti yoxdur.

Belə anlaşılır ki, Kremldə Rusiyanın Cənubi Qafqazı itirmək üzrə olduğunu düşünürlər. Bu prosesin qarşısını almaq üçün isə bir tərəfdən ABŞ və Azərbaycanı, eləcə də reinteqrasiya tərəfdarı olan erməniləri şantaj etmək məqsədi güdürlər. Digər tərəfdən isə Ermənistanı Laçın postuna qarşı silahlı təxribatlar törətməyə sövq edirlər. Və bu prosesdə Rusiya Fransanın dəstəyinə də arxayındır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR