İnsanlara hürriyət, millətlərə istiqlal!

Referenduma ciddi ƏNGƏL – Ermənilərin 50 faizi...

Məlum olduğu kimi, Ermənistanda keçirilən parlament seçkilərində hakim partiya səslərin yarıdan bir qədər çoxunu qazandı. Radikal müxalifətə isə 35-40 faizlik dəstək oldu. Doğrudur, müxalifət seçkilərə vahid komanda olaraq getməyib, lakin istənilən halda belə çıxır, erməni xalqının təxminən yarısı hakim qüvvəni dəstəkləmir və daha çox revanşistlərə meyllidir.

Ermənistan konstitusiyasının dəyişdirilməsini Bakı tələb edib?

Siyasi analitiklərin fikrincə, məhz bu rəqəmlər Paşinyanı referenduma getməkdən çəkindirir. Bununla bağlı hüquqşünas Qulamhüseyn Əlibəyli TV Musavat-ın efirində deyib.

Onun fikrincə, cəmiyyətin faktiki yarısının revanşist müxalifətə səs verməsi narahatedici haldır. Çünki həmin elektorat referendumda konstitusiya dəyişikliyinə qarşı çıxacaq və nəticədə Qarabağın Ermənistana birləşdirilməsi ideyası qanunvericilik aktından çıxarılmayacaq. Paşinyan bu reallığı qəbul etdiyi üçün gözləmə mövqeyindədir və xalqı yeni mərhələyə hazırlayır”.

O halda, sülh dövründə sərhəddə toqquşmaların olmaması, neft məhsullarımızın bu ölkəyə ixracı erməni əhalinin şüurunda pozitiv dəyişikliyə gətirə bilərmi? Yəni revanşist əhvalda olanların faizinin azalması üçün iqtisadi əlaqələrin divident rolu oynaması mümkündürmü?

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistanda seçkinin nəticələrinə baxanda müxalifətin topladığı səslərin hamısını revanşist elektorat kimi qiymətləndirmək düzgün deyil: “Bu səslərin içərisində Paşinyanın daxili siyasətindən narazı olanlar, sosial-iqtisadi problemlərə etiraz edənlər, Rusiyaya münasibəti fərqli olanlar və Qarabağ məsələsində daha sərt mövqe tutanlar var. Amma bununla yanaşı, revanşist düşüncənin Ermənistan cəmiyyətində sosial bazasının hələ də qaldığını da nəzərə almaq lazımdır. Görünən odur ki, Ermənistan cəmiyyətinin gündəmi tədricən dəyişir. IRI sorğularına görə, milli təhlükəsizlik və sərhəd məsələlərini əsas problem hesab edənlərin payı 2025-ci ilin iyununda 44 faiz olduğu halda, 2026-cı ilin fevralında 21 faizə düşüb. İqtisadi inkişaf isə daha çox ön plana çıxıb. Bu, təsadüfi rəqəm deyil. Sərhəddə uzun müddət sakitlik qorunursa, yeni itkilər baş vermirsə, cəmiyyət təhlükə hissinin azaldığını görür”.

Sona Əliyeva: Aparılan islahatlar ölkəmizin sosial-iqtisadi inkişafını daha  da sürətləndirir » Djb.az

Ekspert deyib ki, təhlükə hissi azaldıqca da insanların siyasi prioritetləri dəyişməyə başlayır: “Revanşizm də məhz belə bir psixoloji mühitdən qidalanır. Azərbaycanın Ermənistana yanacaq ixracı bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Burada əsas məsələ göndərilən yanacağın həcmi deyil. Əsas məsələ illərlə düşmən kimi təqdim olunan Azərbaycanın artıq Ermənistan bazarında iqtisadi tərəf kimi görünməsidir. Əlbəttə, bir neçə yanacaq partiyası Ermənistan cəmiyyətində revanşist düşüncəni dəyişməyəcək. Amma siyasi stereotiplə gündəlik həyat arasında ziddiyyət yaradır. Əgər bu proses gələcəkdə enerji, nəqliyyat, logistika və ticarətin digər sahələrinə də keçərsə, sülh artıq yalnız siyasi sənəd olmayacaq. Onun konkret iqtisadi nəticəsi görünəcək. Məncə, revanşizmin zəifləməsi revanşist qüvvələrlə polemikadan yox, onların siyasi dayaqlarını zəiflədən yeni reallığın formalaşmasından yaranacaq”.

Siyasi təhlilçiyə görə, konstitusiya məsələsində Paşinyanın işi daha çətinə düşəcək: “Hakim qüvvənin 64 mandatı var, konstitusiya dəyişiklikləri üçün isə üçdə iki çoxluq tələb olunur. Yəni Paşinyanın siyasi iradəsi var, amma konstitusiya dəyişikliyini təkbaşına həyata keçirmək üçün parlament arifmetikası kifayət etmir. Əgər bu dəyişiklik Ermənistan cəmiyyətinə yalnız “Azərbaycanın tələbi” kimi təqdim olunarsa, müxalifət bundan ciddi siyasi resurs kimi istifadə edə bilər. Ona görə də burada əsas məsələ təkcə konstitusiyanın dəyişdirilməsi deyil, bu dəyişikliyin Ermənistan cəmiyyətinə necə izah olunacağıdır. Azərbaycan baxımından isə ən mühüm məsələ sülhün nəticələrini görünən etməkdir. Sərhəddə sabitlik, iqtisadi əlaqələr və qarşılıqlı maraq artdıqca müharibənin siyasi cazibəsi də zəifləyə bilər. Çünki revanşizmi bir bəyanatla aradan qaldırmaq mümkün deyil”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR