İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu Prezident İlham Əliyevə məktub yazdı

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı ölkənin gələcək inkişaf istiqamətlərini və əsas hədəflərini əks etdirən mühüm mesajlarla yadda qalıb. Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu həmin çıxışla bağlı dövlət başçısına məktub ünvanlayıb.

Məktub Prezident.az saytında yayımlanıb. Musavat.com məktubun mətnini olduğu kimi təqdim edir.

***

Hörmətli cənab Prezident,

Bəzi çıxışlar gündəmi şərh edir. Bəziləri isə gələcəyin istiqamətini göstərir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqiniz bu baxımdan xüsusi məna daşıyır: Siz Azərbaycanın keçdiyi yolu təhlil etməklə yanaşı, qarşıdakı dövrün siyasi və ideoloji xəritəsini də aydın cızdınız.

Çıxışınız çoxsaylı zəngin və mötəbər məlumatlarla, mühüm mesajlarla yadda qaldı. O, yalnız ölkəmizin siyasi həyatım izləyənlər üçün deyil, təhlilçilər, ictimaiyyət liderləri və region dövlətləri üçün də ciddi müzakirə materialıdır. Nitqinizin qlobal televiziya kanallarında və dünya mediasında əks-səda doğurması da təsadüfi deyil.

Bu çıxış Azərbaycanın mövqeyini, dövlətçilik təcrübəsini və qarşıdakı hədəflərini beynəlxalq auditoriyaya çatdıran məzmunlu siyasi sənəddir.

Siz bir daha göstərdiniz ki, müstəqil Azərbaycan öz taleyini özü müəyyənləşdirən, milli maraqlarını qorumaq üçün zəruri qərarları müstəqil qəbul edən və heç bir təzyiq qarşısında öz yolundan dönməyən dövlətdir. Bu siyasi xəttin əsasında dövlət müstəqilliyi, suverenlik, güclü iqtisadiyyat, qüdrətli ordu, təhlükəsizlik və xalqın rifahı dayanır. Qurultaydakı çıxışınız həmin istiqamətlərin vahid dövlətçilik strategiyasının tərkib hissəsi olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfər və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası müasir tariximizin ən böyük hadisələridir. Bu nəticəyə gedən yolda xalqın birliyi və dövlətimizin qətiyyətli siyasəti həlledici rol oynadı. Siz çıxışınızda həmin mübarizənin ağır mərhələlərini xatırlatmaqla həm tarixi yaddaşın qorunmasının, həm də gələcək nəsillərin baş verənləri doğru bilməsinin vacibliyini vurğuladınız.

Cənab Prezident,

Qurultaydakı nitqinizin mühüm cəhətlərindən biri təhlükəsizlik məsələlərinə geniş və sistemli yanaşma idi. Ətrafımızda münaqişələrin və qeyri-sabitliyin artdığı bir zamanda Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin qorunması və xalqımızın əmin-amanlığının təmin edilməsi ölkənin gələcəyi baxımından həyati əhəmiyyət daşıyır. Güclü ordu və etibarlı təhlükəsizlik sistemi sülhün, inkişafın və dövlət müstəqilliyinin təminatıdır.

İdeoloji təhlükəsizliyə xüsusi diqqət yetirməyiniz də olduqca aktualdır. İnformasiya məkanının sərhədsiz olduğu, yalanların və məqsədli təxribatların müxtəlif vasitələrlə yayıldığı indiki dövrdə xalqın maariflənməsi, təhsil və vətənpərvərlik dövlətin dayanıqlığının mühüm dayaqlarındandır. Bu yanaşma Azərbaycanın yaxın gələcək üçün ideoloji yol xəritəsini də aydın göstərir: milli kimliyə və dövlətçilik dəyərlərinə sahib çıxmaq, cəmiyyəti biliklə gücləndirmək və ölkənin maraqlarını hədəfə alan təxribatlara qarşı ayıq olmaq.

Sizin siyasətinizin əsas fərqləndirici cəhətlərindən biri Azərbaycanın milli maraqlarını münasibətlərin xarakterindən asılı olmayaraq qorumaq qətiyyətidir. Dostluq və qardaşlıq münasibətləri xalqlarımız üçün böyük dəyərdir. Bununla belə, Azərbaycan öz müstəqil qərarlarım heç kimin iradəsinə tabe etmir və suverenliyini heç bir siyasi yaxınlığa güzəştə getmir. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmətə, bərabərliyə və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmalıdır. Qurultaydakı çıxışınız bu prinsipial mövqeyi bir daha aydın ifadə etdi.

Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, vətəndaşların sosial rifahının yüksəldilməsi və güclü dövlət quruculuğunun davam etdirilməsi də müəyyənləşdirdiyiniz gələcək hədəflərin mühüm istiqamətləridir. Bu məqsədlərin təhlükəsizlik və suverenliklə vahid strategiya daxilində təqdim olunması çıxışınıza xüsusi konseptual məzmun verdi.

Mən uzun illərdir ölkəmizdə və regionda baş verən siyasi prosesləri izləyən və işıqlandıran media mənsubu kimi, Azərbaycanın müstəqil siyasi iradəsinin qorunmasının nə qədər mühüm olduğunu yaxşı anlayıram. Dövlətimizin maraqlarını hər bir şəraitdə müdafiə etdiyinizə, ölkəmizin inkişafı və təhlükəsizliyi naminə gördüyünüz işlərə, xalqımızı tarixi Zəfərə aparan Liderliyinizə görə Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, VIII Qurultaydakı çıxışınızda ifadə olunan prinsiplər Azərbaycanın gələcək inkişafına, milli həmrəyliyə və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə uzun illər istiqamət verəcək.

Dərin hörmətlə,

Rauf Arifoğlu

Yeni Müsavat Media Qrupunun rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri.

Prezident.az saytında yayımlanan məktubun linki: https://president.az/az/articles/view/73730

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR