İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu Nurani Qasımovadan danışdı: “34 il yazdı və çox gözəl yazdı”

“Nurani Qasımovanın vəfatı Azərbaycan jurnalistikasına, fikir adamlarına böyük itkidir”.

Musavat.com bildirir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Əməkdar jurnalist Nurani Qasımovanın vida mərasimində deyib.

Rauf Arifoğlu, xüsusilə “Minval Politika” nəşrinə və mərhum jurnalistin yaxınlarına başsağlığı verib:

“Xüsusən də “Minval Politika” nəşrinə başsağlığı verirəm. Nəşrin baş redaktoru Emil Mustafayev əlindən gələn hər şeyi etdi ki, Nurani xanım yaşasın. Azərbaycan dövlətinə, Mehriban xanıma təşəkkür edirəm. Bütün imkanları səfərbər etdilər ki, Nurani xanım həyatda qalsın, yaşasın. Çox təəssüf ki, bu, mümkün olmadı”.

Rauf Arifoğlu Nurani Qasımovanın Azərbaycanın görkəmli ziyalısı və istedadlı yazarı olduğunu vurğulayıb:

“Nurani xanım Azərbaycanın görkəmli ziyalısı və çox böyük yazarı idi. Rəsm əsəri kimi yazırdı. Yəni yazılarını elə yazırdı, elə bil rəsm çəkirdi. Həm də böyük jurnalist ənənəsi olan ailənin övladı idi.

Onun anası Dilbər xanımla birlikdə Abdulla Güldən müsahibə almağa getmişəm. Tale elə gətirdi ki, sonra Nurani xanımla da mənim təsis etdiyim “Minval.az” saytında bir müddət bərabər çalışdıq. Saytı mən təsis etdim, amma Emil Mustafayevlə Nurani xanım onu böyütdülər”.

Rauf Arifoğlu qeyd edib ki, Nurani Qasımova 34 il ərzində jurnalistikaya böyük töhfələr verib:

“34 il yazdı və çox gözəl yazdı. Nuraninin yeri dolmasa da, onun yazıları, əsərləri, yaradıcılığı Azərbaycan jurnalistikasında əbədi qalacaq”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Nurani Qasımovanın 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətinə də xüsusi toxunub:

“2020-ci ilin sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Nurani xanım gerçəkdən bir ideoloji savaş verdi. Onu dostlar da oxuyurdu, düşmənlər də oxuyurdu. Onun yazılarına, demək olar ki, Ermənistandan hər gün reaksiya verilirdi. Elə yazırdı ki, həmin yazıların təkzibi, demək olar ki, mümkün deyildi, sadəcə ona reaksiya vermək mümkün idi”.

Rauf Arifoğlu Nurani Qasımovanın Şuşaya səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü də xatırladıb:

“2021-ci il mayın 13-də ilk dəfə olaraq Azərbaycan böyük bir heyətlə Şuşaya gedir. Orada uzun fasilədən sonra “Xarıbülbül” festivalı keçirilir. Cıdır düzündə jurnalistlər cənab Prezidentlə söhbət edirlər. Nurani xanım da bir kənarda dayanmışdı.

Cənab Prezident yaxınlaşdı və dedi: “Mən sizə yazılarınıza görə təşəkkür edirəm. Sizi mən şəxsən özüm siyahıya daxil etdim. Sizi mən dəvət etmişəm. Siz mənim qonağımsınız burada”.

Yəni Azərbaycan dövlətinin başında dayananlar belə onun əməyinə yüksək qiymət verdilər. Təsadüfi deyildi ki, məhz 2022-ci il iyulun 22-də cənab Prezidentin sərəncamı ilə ona “Əməkdar jurnalist” adı verildi”.

Rauf Arifoğlu çıxışının sonunda Nurani Qasımovanın xatirəsinin daim yaşayacağını bildirib:

“Onun xatirəsi qəlbimizdə daim yaşayacaq. Allah rəhmət eləsin!”

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR