İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin ailə bankı bağlandı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 27 iyul tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.

Musavat.com Mərkəzi Banka istinadla xəbər verir ki, daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 5 mart tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin olunub. Bu çərçivədə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Bank “BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.

Qeyd edək ki, Bank “BTB” ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.

Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.

Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank “BTB” ASC-nin lisenziyasının ləğv edilərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi uğurla tamamlanıb.

“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcək.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR