Onlayn ictimai-siyasi qəzet
Yaxud, indi də Britaniya niyə dağılır
“Sosial lift” anlayışı var, hər hansı cəmiyyətdə insanların karyera, həyat tərzi, yaşayış standartlarını qaldırmaq imkanlarını göstərir. Loru dildə yazsam, sosial lift deyərkən bunu nəzərdə tuturlar ki, sən vəzifəli şəxsin uşağı deyilsənsə, gələcəkdə vəzifəli şəxs olmaq imkanın varmı. Yoxsa elə əski bir hind filmində deyilən kimi, “oğrunun uşağı oğru olmağa məhkumdur, hakimin uşağı da hakim”.
Məncə bizin şanlı Azərbaycan diyarında sosial lift gözəl işləyir. Bunun bariz nümunəsi elə 5-10 il qabaq Bakı Lift İdarəsinin müdiri qızını ərə verəndə ortaya çıxmışdı. Toy hardasa 500 min manata başa gəlmişdi. Əgər lift yoxdusa, bu toy necə baş verib?
Təzəlikcə yenə dəbdəbəli şadlıq mərasimləri xəbərləri artır və burada da evlənənlər məmur təbəqəsinə məxsusdur. Mən bunu həmişə vurğulayıram: əgər Azərbaycanda dövlət qulluqçuları dövlətin yiyəsindən, yəni xalqdan min dəfə yaxşı yaşayırsa, bu bizim nə qədər geniş qəlbli, səxavətli, mərd, comərd və sairə xalq olduğumuzun əlamətidir! Başqa harda qulluqçu yiyəsindən üstün yaşayır?
Halal olsun. Sükanı gərək həmişə belə saxlayaq. Vaxtilə hər evdə ayrıca qonaq otağı olurdu, orda ən yaxşı yorğan-döşək saxlanırdı. Evin uşağı bit-birənin içində yatsa da olardı. Ən yağlı tikəni qonağa saxlayırdıq, özümüz acından ölsək belə. İndi təklif edirəm evlərimizdə dövlət qulluqçuları üçün otaqlar da nəzərdə tutulsun.
Nəsə, çox dərinə getməyək, yoxsa dövlət qulluqçularımız bizdən inciyər, elə zənn edərlər gözümüz onların cibində qalıb. Biz heç kimin pulunu saymırıq. Gərək sağ əlin verdiyi rüşvəti sol əl bilməsin.
Belə fısqırıq toylardan birinin yüz minlərlə manata başa gəldiyini deyirlər, evlənənlər isə müəllimlə həkimin balaları imiş... Əşşi, zarafat edirəm, qorxmayın, hər şey köhnə qaydasındadır: əmək müfəttişliyinin vəzifəli məmurunun nöyüt şirkətində çalışan övladı ilə gömrükdə keçmiş idarə rəisinin uşağı evlənmişdir. Belə, maşallah, göz dəyməsin, xəbərin hər sözündən şabaş tökülür.
Əlbəttə, xaricdə də bu cür maraqlı toylar olur, elə söz vaxtına çəkər, dünən dünya mediasında ABŞ prezidenti Donald Trampın oğlunun (uşağın da adı Donald Trampdır – Amerikada uşağa öz adını qoymaq kimi təvazökarlıq geniş yayılıb) Baham adalarındakı bahalı toyundan yazı çıxmışdı. Sən demə o toyda xərclərin bəzisini Rusiya prezidenti Putinə yaxın biznesmen Umar Kremlev ödəyib. Elə bir şey deyil, qəpik-quruş: fişənglərə 70 min dollar, adanın arendasına 100 min dollar, gəlin bəzəməyə 200 min, gəlin maşınının qabağını kəsən Venesuela qaçqınlarının uşaqlarına nəmər verilməsinə 100 manat və sairə. (Axırıncı ikisini özümdən yazdım, ancaq nə biləsən, bəlkə elə bu cür olub. Məsələn, təzəlikcə futbolçu Kriştianu Ronaldunun toyu olanda qız evi cehiz alınmasına 1 milyon xərcləmişdi. Zarafat edirəm).
Bəli, sosial lift yağ kimi çalışır, Naxçıvandan gələn xəbər də bunun növbəti isbatıdır. Orda həmkarların sədri olan yoldaşın əmlak, var-dövlətinin siyahısını vermişdilər, sayta sığmadığı üçün qəzet məcbur olub təzə, əlavə sayt açmışdı.
Belə pulları halal qazancla əldə etmək mümkündürmü? Təbii. Sadəcə, vəzifənin mahiyyətinə diqqət eləmək lazımdır. Adı üstündə: həmkarlar təşkilatı. Ora pullar necə toplanır? Hərənin maaşından 2 faiz tutulmaqla. Deməli naxçıvanlılar hamısı pullarından 2 faiz ayırıb bu hörmətli yoldaşa veriblər.
Gör nə qədər humanist, mərhəmətli ərazidir... Halbuki, misal üçün, Marqaret Tetçer Britaniyada həmkarları az qala ləğv eləmişdi. Ona görə də bugünlərdə xəbər çıxıb ki, irlandlar, şotlandlar və uelslilər imperiyadan çıxmaq istəyirlər. Təbii ki, həmkarın sədrinə bahalı maşın və villa almayan dövlət dağılsa yaxşıdır.
15 Sentyabr 2026
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ