İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl ehtirası – insanların gözünü qamaşdıran metal dünyanın hər yerində təbiəti kor qoyur

Qızılı qızğın ehtirasla hasil etmə prosesinə ingilislər “Gold rush”, ruslar “zolotaya lixoradka” deyirlər. Bu ifadə bizim dilimizə “qızıl qızdırması” kimi tərcümə olunub, qismən dürüst tərcümədir. Amma vaxtilə daha yaxşı variantını da işlədənlər olub: "Qızıl hərisliyi" və ya “qızıl ehtirası”...

“Gold rush” yeni kəşf edilmiş yataqlarda mədənçilərin kortəbii axınını və aqressiv mədən üsulları ilə xarakterizə olunan qeyri-mütəşəkkil kütləvi qızıl hasilatını nəzərdə tutur.

Düzdür, insanlar ta qədimlərdən qızıl axtarıb, tapıb, emal edib, zinət əşyaları, pul sikkələri düzəldiblər. Qızıl əsrlər boyunca ən etibarlı tədavül vasitəsi olub, sərbəst dönərli beynəlxalq valyuta rolunu oynayıb və heç vaxt dəyərini itirməyib. Ancaq kağız pulların dövriyyə buraxılması onun valyuta funksiyasını azaldıb. Bu dəfə qızıl həmin kağız pullarında dalında duraraq, onun təminatçısı olaraq rol qazanıb və yeni durum da qızıla olan ümumdünya ehtirasını səngitməyib.

zolot.jpg (496 KB)

19-cu əsrin ortalarında isə qızıl əldə etmək üçün kütləvi hərəkat başlayıb. Bu ümumdünya hərəkatı ABŞ-ın Alyaska ştatından dünyanın o başına, Avstraliyaya, Sibirdən Cənubi Afrikaya, oradan Argentinaya qədər uzanıb.

Şlam üsulu ilə (yəni su ilə sürəkli yuyaraq) qızıl hasil etmək imkanı olan yeni yataqlar kəşf edildikcə qızılaxtaranlar yataq həndəvərində düşərgələr qururdular, çox keçmədən həmin yerdə qəsəbələr əmələ gəlirdi.

Belə axın regionun iqtisadiyyatının inkişafına təkan verirdi. Çünki həmin yerdə yaşayış üçün zəruri olan ərzağa, mal-materiala, avadanlıqlara, mənzilə və sairə tələbat da artırdı, nəticədə infrastrukturlar əmələ gəlir, qızıl axtarmayanlar üçün da dolanışıq yeri yaranırdı.

Bununla belə, nisbətən asan qızıl hasilatı bir neçə ildən sonra başa çatır və öz yerini yalnız şirkətlər üçün mövcud olan mexanikləşdirilmiş üsullara verirdi. “Qızıl hücumu” nəticəsində yaranan yaşayış məntəqələri isə tez-tez tərk edilmiş kabus şəhərlərə çevrilirdi.

Ümumdünya “qızıl hərisliyi” dünyanın müxtəlif yerlərində bu günə qədər davam edir. Əsas dövrlər Kaliforniya (1849), Avstraliya (1851), Cənubi Afrika (1886), Klondayk (1896) və Alyaskadakı (1898) “qızıla hücum” kampaniyasıdır.

dobycha-zolota_3.jpg (72 KB)

İstər Hollivud filmlərində, istərsə də Rusiya istehsalı olan seriallarda qızılın kustar üsulla hasil edilməsini əks etdirən epizodlar var. “Qızıl axtaran” tərkibində qızıl zərrələri olan qumu xüsusi xəlbirdə və ya ələkdə yorulub-usanmadan yuyur. Bunu sürgü üsulu deyirlər. Prosesin axırında ələyin dibində qumların arasında parıldayan tozlar qalır. Onu artlayır, toplayır, əridir və bir neçə qram qızıl əldə edirlər. Hər gün bu minvalla işləyəndə ay ərzində müəyyən miqdarda saf qızıl əldə olunur. İri qızıl kütləsi tapmaq isə şans işidir və bu hələm-hələm hamıya qismət olmur. Məsələn, Karolinada “qızıl ehtirası” başlamazdan bir neçə il əvvəl Konrad Rid adlı fermerin yeniyetmə oğlu Kabarrus qraflığında evlərinin yaxınlığından axan çaydan 17 funtluq (7,7 kq) külçə tapmışdı. Ailə bu qiymətli metalı dəyərini bilmir, anbar qapısının dayağı kimi istifadə edirdi.

Qızıl ehtirasını reallaşdırmaq üçün təkcə qızıl yatağı tapmaq kifayət deyil. Bu qiymətli metalın böyük miqdarını hasil etmək üçün xüsusi avadanlıqlar, mədən üsulları lazımdır. Mədən üsullarının əsas inkişafı Kaliforniyada olub. Burada təxminən 600 milyon dollar məbləğində qızıl hasil edilib. Qızılaxtaranlar sayı 250 mini ötüb.

dobycha-zolota_1.jpg (75 KB)

Ancaq sonralar qızıl hasilatı mexanikləşdirilib. Fərdi hasilatçıları müvafiq qanun və qaydalara tabe olan təkmilləşmiş avadanlıqlarla işləyən şirkətlər əvəz edib. Hazırda dünyanın hər yerində sırasında qızıl olmaqla bütün qiymətli metalları və daşları (almaz, yaqut, sapfir, zümrüd, firuzə və s.) iri şirkətlər hasil edir.

Qızıl hasil edən ölkələrin sırasında Azərbaycan, Gürcüstan və Ermənistan da var. Ən qəribəsi odur ki, Azərbaycan və Ermənistan ərazisini ayıran dağlar qızıl yataqları ilə zəngindir və elə yerlər var ki, mədənin bir dəhlizi Azərbaycana məxsusdur, o biri tərəfində isə Ermənistan qızıl hasil edir. Məsələn, Zod qızıl yatağı belə “şərikli” yataqdır. Zəngilanda və Gədəbəydəki qızıl yataqları da Ermənistan ərazisinə yaxındır. Bu, o deməkdir ki, iki düşmən ölkənin qarşı duran dağları qızıllıdır.

Şlam, yəni yuyulma üsulundan başqa, qızıl hasilatı üçün bir neçə texnologiya var: civə ilə çulğaşdırma, sianidləşmə və regenerasiya.

dobycha-zolota_2.jpg (123 KB)

Sianidləşmə prosesi filizlərdən qızıl çıxarmaq üçün ən çox istifadə edilən üsullardan birinə çevrilib. Qızılın sianidlə yuyulması kimi bir üsulun istifadəsi metalın xüsusiyyətlərinə əsaslanır. Bundan əlavə, qızıl sulfat, xlorid və ya nitrat turşularında həll olunmur, lakin “çar arağı” adlanan azot və xlorid turşularının qarışığında həll oluna bilər. Digər tərəfdən, qızılla bağlı ən mühüm fakt odur ki, onun seyrəldilmiş sianid məhlullarında həll olmasıdır. Bu səbəbdən, bu hidrometallurgiya prosesində qızılın çıxarılmasına nail olmaq üçün yuyulma prosesində əsas maddə kimi sianiddən istifadə olunur.

Azotla üçqat bağlanmış yeganə karbon atomu olan sianid (CN) filizdən qızıl çıxarmaqda son dərəcə faydalıdır. "Qızıl sianidləşməsi", "sorbsiya sianidləşməsi" və ya "sianidlərin yuyulması" adlanan prosesdə dağ qayasından qızılı çıxarmaq üçün sianid istifadə olunur. Sianid qızıl ionlarına bağlanır və onları suda həll edir və bununla da onların süxurdan ayrılmasına imkan verir. Sianid həm effektiv, həm də qənaətcil olsa da, onun istifadəsi və daşınması ciddi ekoloji risklər yaradır.

Vikipediya məlumatı: “Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir”.

Bu gün bir çox ölkələrdə aurumu kustar üsullarla çıxarmaq hətta qanunvericilik səviyyəsində qadağandır, çünki bu da ətraf mühitə mənfi təsir göstərir. Məsələn, Rusiyada belə bir qadağa qüvvədədir.

qızıilliolke.jpg (12 KB)

Ümumilikdə dünyada ildə orta hesabla 2500 ton qızıl hasil edilir. Qızıl hasilatı üzrə lider dövlətlər bunlardır: Çin, Rusiya, Avstraliya, ABŞ, Kanada, Peru, CAR, İndoneziya, Meksika, Qana.

Göründüyü kimi, Azərbaycan və digər postsovet ölkələri qızıl hasilatçılarının ilk onluğuna düşmürlər. Əgər ölkəmizdə qızıl hasilatı bu cür ekoloji problemlər və söz-söhbət yaradırsa, görün, lider dövlətlərdə vəziyyət necədir.

Bir sözlə, öz parıltısı ilə dünyanı bəzəyən, insanların gözünü qamaşdıran sarı metal planetin hər yerində təbiəti kor qoyur.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR