İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiyamçınn reytinqi – Rus cəmiyyəti “ağ atlı oğlan” axtarır

Rəy sorğuları elə şeydir ki, nəticələri hər zaman mübahisəli ola bilir. Çünki əsas məsələ onu kimin təşkil etməsidir. Əgər rəy sorğusu keçirən mərkəz iqtidara yaxındırsa, nəticələr sırf iqtidarın xeyrinə olacaq. Yox, sorğunu müxalifətə yaxın qrup təşkil edirsə, nəticələr müxalifətin üstünlüyünü göstərəcək.

Ona görə də həqiqətin nədən ibarət olduğunu bilmək istəyən şəxslər ilk növbədə sorğu keçirənlərin kimliyinə baxır, onların nə dərəcədə obyektiv ola biləcəyini dəqiqləşdirir, daha sonra açıqladıqları nəticələri ya mötəbər sayır, ya da saymırlar.

Əslində təmayüllü rəy sorğusu keçirənlər həqiqəti, respondentlərin əsl rəyinin necə olduğunu yaxşı bilirlər, sadəcə, onu ya yaymırlar, ya da təhrif edib yayırlar. Beləcə, onların yaydıqları şey heç də obyektiv rəy soğrusu olmur, ictimai rəyin yönləndirilməsi üçün nəzərdə tutulan növbəti piar materialı olur.

Bu baxımdan Moskvada yerləşən “Russian Field” şirkətinin yaydığı növbəti rəy sorğusunun nəticələri maraqlıdır.

“Nyu-York Tayms” qəzeti bu şirkətin “qərəzsiz tədqiqatları ilə tanındığı”nı yazır. Ancaq bu qəzet də anti-Putin cəbhəsinin ruporlarından biri olduğu üçün onun nə dərəcədə obyektiv dəyərləndirmə aparmasının özü də şübhəlidir.

Bununla belə, faktdır ki, özünə hörmət edən böyük qəzetlər, nəhəng sorğu mərkəzləri maksimum obyektiv olmağa, mötəbər mənbə reputasiyalarını qorumağa çalışırlar və nadir hallarda tərəzinin gözünü əyirlər.

Heç demə, “Russian Field” şirkəti 2023-cü ilin fevralından başqa hərbi-siyasi xadimlərlə yanaşı, Yevgeni Priqojinin də reytinqini ölçməyə başlayıb. Qiyama qədər şirkət bu məqsədlə Rusiyanın müxtəlif subyektlərində, hər dəfə yaşı 18-dən yuxarı olan 1600 nəfər arasında iki sorğu keçirib.

Bəs şirkətin Priqojini lupa altına almasına nə səbəb olub? Güman ki, həmin vaxtdan etibarən “Vaqner” sahibinin Ukraynada aparılan müharibədə get-gedə artan rolu, vaxtaşırı açıqlamalar verməsi, üstünə vəzifə olmayan işlərə qarışması onun personasına maraq yaradıb. İlin əvvəlindən başlayaraq Priqojin hərbi-siyasi xadim kimi çıxışlar edirdi.

İlk sorğu 30 yanvar-6 fevral aralığında olub. Həmin vaxt respondentlərin 41 faizinin Priqojinə rəğbət bəslədiyi, 15 faizinin mənfi yanaşdığı, 31 faizinin isə onu tanımadığı aydınlaşıb. Əslində 31 faiz respondentin Priqojini tanımaması təbii deyil. Belə çıxır ki, “tanımıram” cavabı verən respondentlər nə televizora baxırlar, nə qəzet, sayt oxuyurlar. Elə bir gün olmazdı ki, Priqojin nəsə bir qalmaqallı söz deməsin, gündəmdə olmasın, adı hallanmasın.

İkinci sorğu qiyamdan bir neçə gün əvvələ – iyunun 16-19-na düşüb. Respondentlərin 55 faizi Priqojinə rəğbət bəslədiyini, 15 faizi mənfi yanaşdığını, 17 faizi onu tanımadığını söyləyib.

soyqu333.JPG (38 KB)

Bu da həmin dövr idi ki, Priqojin müdafiə naziri Sergey Şoyqunu və ordunun baş qərargah rəisi Valeri Gerasimovu asıb-kəsirdi, onlara qarşı ağır ittihamlar irəli sürürdü. Prinsipcə, bu hərəkət “ağ atlı oğlan”, “öz sözünü cürətlə deyən adam” axtaran rus cəmiyyətində ona rəğbət doğura bilərdi. Çünki adi ruslar ölkədə baş verən haqsızlıqları, ədalətsizlikləri yaxşı görürlər və öz məmurlarının dürüstlük əmsalını da bilirlər.

Qiyamdan sonra, iyunun 26-30-da “Russian Field” Priqojinlə əlaqədar daha bir sorğu keçirib. Bu sorğu da Rusiyanın müxtəlif subyektlərini əhatə edib, yaşı 18-dən yuxarı 1600 nəfər arasında aparılıb. Priqojinə rəğbət bəslədiyini deyənlərin sayı 29 faiz olub. 39 faiz ona münasibətinin mənfi olduğunu açıqlayıb. Yenə 7 faiz Priqojini “tanımayıb”. Maraqlıdır, həmin vaxt bütün dünya qiyamçı Priqojini artıq tanıyırdı, amma rusların 7 faizi hələ də onun barəsəində “eşitməyib”. Bu, təxminən ona oxşayır ki, 1993-cü ilin iyununda Azərbaycanda bir xeyli adam “mən Surəti tanımıram” deyəydi.

Ancaq baş tutmamış qiyamdan sonra Priqojinin reytinqinin xeyli aşağı düşməsi təbiidir. Bunun bir neçə səbəbi var. Birincisi, adamın qiyamçı olduğu, rus dövlətinə silah qaldırdığı, hökumətlə hökumətlik etdiyi məlum oldu. Bəzi adamlar nə qədər hökumətə müxalif olsalar da gerçək vətənpərvər və sabitlik tərəfdarıdırlar, belə hərəkətləri həzm edə bilmirlər.

priqo999.jpg (4 KB)

İkincisi, qiyam cəhdi Priqojini avtomatik olaraq “təhlükəli adamlar” kateqoriyasına saldı. Artıq onun tərəfində olmaq təhlükəliydi, qiyama dəstək vermək demək idi. Rus cəmiyyəti qiyama dəstək verənlərin yüz illərlə Sibirin intəhasız çöllərini necə məskunlaşdırdığını (hələ o da ən yaxı halda) yaxşı bilir. Hətta bir çoxları onu haqlı saysalar da, bunu sorğu keçirənlərə deməyəcəkdilər. Kim bilir, zəng edən adam hara, kimə işləyir. Rusiya tarixi çuğulların donoslarıyla yüz minlərlə adamın məhv edilməsi faktları ilə zəngindir.

Üçüncüsü, Vladimir Putinin 20 ildən çoxdur hakimiyyətdə olması onun ətrafında güclü xarizma haləsi yaradıb və uzun illərin təbliğatı da belə gedib ki, federasiyada onu əvəz edə biləcək heç kəs yoxdur. Bir var, Priqojin indiyə qədər Şoyqu ilə intriqa aparaydı, bir də var, artıq birbaşa Putinə qarşı çıxırdı. Bu, ona rəğbətin əmsalını dəyişməliydi.

Dördüncüsü, Kremlin Priqojini gözdən salmaq üçün geniş miqyasda iş aparması öz təsirini mütləq göstərməliydi. Hələ bu cür şiddətli antitəbliğat fonunda rəyi soruşulanların 29 faizinin “Vaqner” rəhbərinə rəğbət bəsləməsi gerçəkdən fenomenal göstərici sayıla bilər.

Bu, onun əlamətidir ki, Putinin nüfuzu 2000-2010-cu illər arasındakı kimi deyil, xeyli sarsılıb. Keçmişi ləkəli olan, oğurluğa, soyğuna görə türmədə yatan birinin birdən-birə Rusiyanın ən nüfuzlu üç adamından birinə çevrilməsi göstərir ki, Rusiya ictimaiyyəti yeni bir xilaskar axtarışındadır. Bu, Navalnıda, Priqojində alınmadısa, o demək deyil ki, xalq Putinə əvəzedici axtarmaq həvəsini itirib. Elə olmayacaq, hər dəfə kimsə meydana çıxıb ümidverici sözlər deyəndə, xalqın bir xeyli hissəsi ona qulaq verəcək. Həmin şəxsin əlində real güc, çoxlu pul, silahlı dəstələr, eləcə də burjuaziyanın gizli dəstəyi olsa, Putinə başağrısı yaşadacaq.

Rusiyanın hazırkı siyasi sistemi ötən əsrin 60-cı illərindəki qeyri-sabit ölkələrin (Pakistan, Türkiyə, Yunanıstan, Argüntina, İspaniya, Fransa və s.) durumunu xatırladır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR