İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda sülh prosesi savaşla əvəzlənir: Bakının İrəvan və Kremldən sərt tələbi var

Rəsmi İrəvan Ermənistan ordusunun tör-töküntülərinin mütləq Xankəndi və ətraf bölgədən çıxartmalıdır, əks halda, Azərbaycan ordusu antiterror əməliyyatlarına başlamalı olacaq, bu prosesin sona çatmasına qədərsə, sülh danışıqlarını təxirə salmaq lazım gələcək... Üçtərəfli anlaşmaları kobud şəkildə pozan Rusiya isə artıq belə mövzulara münasibət bildirmək hüququnu çoxdan itirdiyindən bu prosesləri sadəcə, kənardan müşahidə etməlidir, əks halda, Azərbaycanın daxili işlərinə qarışmış olacaq və münasibətlər korlanacaq...

Cənubi Qafqazda erməni separatizmi və terrorzimi artıq sonun başlanğıcı mərhələsinə qədəm qoyub. Yəni, Araik Arutyunyan və onun rəhbərlik etdiyi cinayətkar silahlı erməni terror dəstələrinin sıradan çıxarılmasına o qədər də çox qalmayıb. Son hadisələr və geopolitik proseslərin inkişaf istiqamətləri növbənin erməni terrorizminə çatdığını göstərir. Və tezliklə erməni terrorçuların tərksilah olunbmaqdan başqa çıxış yolu qalmayacaq.

Məsələ ondadır ki, rəsmi Bakı ardıcıl və prinsipial qərarlar qəbul etməklə, silahlı erməni terror dəstələrinin “nəfəsliyini” artıq qapatmağa başlayıb. Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması bu istiqamətdə atılmış olduqca vacib addım sayıla bilər. Çünki indi rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgəsində hələ qalan Ermənistan ordusunun tör-töküntülərinin rotasiyasını reallaşdıra bilmir. Və tezliklə, Ermənistanda əsgər valideynlərinin bu məsələ ilə bağlı etiraz aksiyaları qaçılmaz olacaq.

Eyni zamanda, rəsmi İrəvan indi Qarabağdakı Ermənistan ordusunun tör-töküntülərinin silah-sursat və digər ləcazimatla təchiz etmək imkanlarından da məhrum edilib. Üstəlik, rəsmi Bakı Rusiya sülhməramlılarının və BQXC-nin fəaliyyətinə də nəzarət edə bildiyindən Ermənistanın “gizli variantları” da artıq iflasa uğradılıb. Və indi rəsmi İrəvan üçün Ermənistan ordusunun tör-töküntülərinə münasibətdə cəmisi iki seçim qalıb.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Birinci, daha mötədil seçim variantı məhz rəsmi Bakı tərəfindən artıq Ermənistanın siyasi rəhbərliyinə təklif olunub. Belə ki, Prezident İlham Əliyev rəsmi İrəvandan Ermənistan ordusunun tör-töküntülərini dərhal Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. O, vurğulayıb ki, rəsmi İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistan ordusu bölgədən hələ də tam çıxarılmayıb. Və bu, yolıverilməzdir.

Göründüyü kimi, rəsmi Bakı qətiyyətlə Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılmasında israr edir. Bu, o deməkdir ki, rəsmi İrəvan bu tələbi yerinə yetirməyincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkün olmayacaq. Və baş nazir Nikol Paşinyanın Azərbaycan ərazisində Ermənistan ordusunun tör-töküntülərininin olduğunu inkar etməsi indi bu reallığı dəyişdirə bilməz.

Məsələ ondadır ki, rəsmi İrəvan yalanlara vərdişlidir. Vaxtilə verdiyi vədləri daha sonra inkar etmək rəsmi İrəvan üçün xüsusi ənənədir. Ancaq müasir dünyanın texnoloji imkanları indi Ermənistanın əsas “düşmən”idir. Çünki erməni yalanları və uydurmaları daha əvvəlki kimi yerimir. Hər halda, hazırda dünya nəhəngləri o cümlədən də, ABŞ və Qərb Azərbaycanın Qarabağ bölgəsində Ermənistan ordusunun tör-töküntülərinin qaldığını tam dəqiqliyi ilə bilir. Və bu baxımdan, rəsmi İrəvanın inkarı heç nəyi dəyişmir.

Digər tərəfdən, hazırda baş nazir Nikol Paşinyan inkar etsə də, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan ərazilərində Ermənistan ordusunun tör-töküntülərinin mövcudluğunu rəsmən etiraf etmişdi. O, erməni mətbuatına ötən ilin avqustunda verdiyi açıqlamada sentyabr ayında Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisindən çıxarılacağını bildirmişdi. Və bu barədə artıq prinsipial razılaşmanın olduğunu bildirmişdi.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Ancaq rəsmi İrəvan həmin razılaşmanı yerinə yetirmədi. Üstəlik, indi baş nazir Nikol Paşinyan Azərbaycan ərazisində ümumiyyətlə, Ermənistan ordusunun qalıqlarının olmadığını iddia edir. Bununla da əslində, rəsmi İrəvan Ermənistan ordusunun tör-töküntülərindən imtina etmiş olur. Yəni, həmin erməni ordu tör-töküntülər hazırda qeyri-qanuni silah terror dəstələrinə çevrilmiş durumdadır.

Təbii ki, belə vəziyyətdə rəsmi Bakı Azərbaycan ərazisində olan qeyri-qanuni silahlı erməni terror dəstələrinin zərərsizləşdirilməsi üçün konkret addımlar atmalı olacaq. Çünki belə anlaşılır ki, rəsmi İrəvan ona təklif olunan mötədil variantı qəbul etmək istəmir. Bu haldasa, ikinci variantı – silahlı erməni terror dəstələrinin məhz Azərbaycan ordusu tərəfindən məhz edilməsini seçmiş olur.

Belə anlaşılır ki, rəsmi Bakının yaxın vaxtlarda antiterror əməliyyatı keçirtməsi qaçılmaz xarakter daşıyır. Çünki Azərbaycan ərazisində başqa ölkənin – Ermənistanın ordusunun, eləcə də, qeyri-qanuni silahlı erməni terror dəstələrinin olması yolverilməzdir. Və dünyanın heç bir normal ölkəsi də belə bir realıqla barışa bilməz.

Rusiyanın bu məsələyə yönəlik mövqeyinə gəldikdəsə, Kreml artıq belə mövzulara münasibət bildirmək hüququnu çoxdan itirib. Çünki Azərbaycan ərazilərində Ermənistan ordusunun tör-töküntülərinin hələ də qalmasına görə rəsmi İrəvanla yanaşı, Kreml də günahkardır və bununla bağlı birbaşa siyasi məsuliyyət daşıyır. Hər halda, məhz Kreml üçtərəfli anlaşmalarla Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Xankəndi və ətraf bölgəsinə müvəqqəti yerləşdirilməsindən sonra Ermənistan ordusunun tör-töküntülərinin Qarabağdan çıxarılmasına təminat vermişdi.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

İndi Kreml bu işi ya özü, həm də maksimum səviyyədə sürətlə görməlidir. Ya da Azərbaycan ordusunun bunu necə etdiyini sadəcə, kənardan müşahidə etməlidir. Əks halda, istənilən variantda Kremlin proseslərə müdaxilə cəhdi məhz Azərbaycanın daxili işlərinə qatışmaq anlamı daşıyacaq. Bu isə Azərbaycan-Rusiya münasibətlərinin ciddi şəkildə korlanmasına səbəb ola bilər. Və Kremlə bunun indiki situasiyada sərfəli ola biləcəyini iddia etmək sadəlövlük olardı.

Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişaf etməsində növbəti mərhələ başladılmaz üzrədir. İlk mərhələdə rəsmi İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalmışdı.

İkinci mərhələdəsə, Paşinyan hakimiyyəti rəsmi Bakının israrlı tələblərini yerinə yetirməlidir və Ermənistan ordusunun tör-töküntülərinin mütləq Azərbaycan ərazilərindən çıxartmalıdır. Əks halda, Azərbaycan ordusu antiterror əməliyyatlarına başlamalı olacaq və bu proses sona çatana qədər sülh danışıqlarını təxirə salmaq lazım gələcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR