Onlayn ictimai-siyasi qəzet
Putin 4 ildir Ukraynada apardığı işğalçı müharibəyə görə məsuliyyəti Qərbin üstünə atıb. İddia edib ki, müharibəni Rusiya yox, Qərb başlayıb. O, Bayden administrasiyasının vəziyyəti qəsdən gərginləşdirərək, Ukraynanı müharibəyə sürüklədiyini söyləyib. Onu da bildirib ki, kollektiv Qərb Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan çökməsini gözləyib, lakin bu planlar tam iflasa uğrayıb.
Tramp da vaxtaşırı bəyan edir ki, əgər Bayden yox, özü prezident postunda olsaydı, müharibə başlamazdı. Bəlkə də. Hipotetik olaraq, indi çox şey söyləmək mümkündür. Amma Tramp prezidentliyə namizəd olarkən müharibəni bir günə dayandıracağını vəd eləmişdi. Gəl ki, Ağ Evə qayıtdıqdan aylar sonra bunun nə qədər qəliz iş olduğunu etiraf elədi və geri çəkildi...
Odur ki, 2022-nin fevralında ABŞ-ın prezidentinin soyadı Tramp olsaydı belə, müharibənin başlamayacağını əminliklə söyləmək qeyri-mümkündür. Putin yenə eyni yolu gedəcəkdi. Səbəb bəsit: Kreml başçısı Rusiyanı təzədən dünyanın iki hegemon gücündən birinə çevirmək, hətta Çar Rusiyasının xülyası ilə yaşayan biri. Bu yöndə o, qərarını çoxdan verib.
Təbii ki, Amerika “dərin dövləti” Rusiya hegemonluğuna dözməyəcəkdi – Ağ Evdə kimin oturmasından asılı olmayaraq. ABŞ heç bir halda Ukraynadan imtina eləməz. Deməli, hərbi müdaxilə qaçılmaz olub. Abxaziya, Cənubi Osetiya (2008) və Krımın (2014) ilhaqı ilə ağzında “şirə” qalan “pravoslav çar” Trampa da baxası deyildi...
Günümüzün “daşlaşmış” gerçəyi isə belədir ki, işğalçı müharibəyə məhz Rusiya qərar verib. Az qala, paytaxt Kiyevin həndəvərinə də böyük sayda hərbi qüvvə yığmağa göstəriş verən görəsən kim idi, yadplanetli?
Rusiyanın dağılmasına, iqtisadi, siyasi və hərbi çöküşü ilə bağlı gözləntilərə gəlincə, bu barədə ən yaxşısı müharibə bitdikdən sonra, lap elə Putinin öz sağlığında danışmaq daha doğru olar, o ki ola post-Putin dönəmində. Heç kim and içib zəmanət verə bilməz ki, Rusiya SSR-inin taleyini yaşamayacaq...
Şübhəsiz, hələ uzun müddət sanksiyaların altını çəkəcək Rusiya bu müharibədən ən azı, iqtisadi və maliyyə dayaqları əhəmiyyətli şəkildə zəifləmiş şəkildə çıxacaq. Bunu hesablamaq üçün dərin iqtisadi savada malik olmaq vacib deyil. Sanksiyaların təsiri uzun müddət bu ölkənin iqtisadi-maliyyə sistemini içəridən korroziya kimi, yavaş-yavaş “yeyəcək”.
Yeri gəlmişkən, dünən Avropa Birliyi qəti qərar qəbul elədi ki, Avropa 2026-da Rusiyadan qaz, 2027-də isə neft alışını tam dayandıracaq. Rusiya isə xammal ölkəsi kimi öz iqtisadiyyatını müstəsna olaraq neft-qaz, bir də silah ticarətindən əldə olunan gəlirlər üzərində qurub.
Konkret olaraq silah satışına gəlincə, total sanksiyalar yenə öz işini görəcək. Qlobal bazarda rəqabət qabiliyyətli modern silahlar yaratmağa əngəl yaradacaq. Hələ heç sanksiyalar mövcud olmayan dövrdə, 44 günlük müharibə zamanı məhv edilən rus silahları və sistemlərini, Bakıdakı Qənimət Parkında ən çox hansı ölkənin hərbi texnikasının saxlandığını yada salın. Hətta Paşinyan belə, Rusiya silahlarının keyfiyyətindən şikayət eləmişdi...
Ötə yandan, ABŞ-ın alıcı dövlətlərə artan təzyiqi və təsirləri nəticəsində Rusiya silah ticarətini çətin ki, əvvəlki səviyyəyə çatdıra bilsin. Əksinə. Artıq qardaş Türkiyə bir neçə milyard dollarlıq S-400 sistemlərini Moskvaya qaytarmağa hazırlaşır. Ankara həmçinin sanksiyalara görə Rusiyadan neft-qaz almağı ilbəil azaltmaqdadır.
Onu da unutmayaq ki, Ukrayna qarşı təcavüzkarlıq Rusiyanın dost-tərəfdaşlarının sayını minimuma endiribsə, düşmənlərinin sayını xeyli artırıb. Hamı, illah da əksər yaxın qonşular artıq öz dərsini götürüb. Onlar beynəlxalq hüquq hərləməyən bir qonşudan bacardıqca məsafə saxlamaq, öz təhlükəsizlik “çətirləri”ni Moskvasız qurmaq istəyirlər.
Hərçənd Rusiyanın dostu olmaz, yoxdur, heç vaxt da olmayıb. Putin boşuna deməyib ki, “bizim ən etibarlı müttəfiqimiz ordumuzdur”. Ancaq öz ərazini sabun köpüyü kimi, hansısa ölkənin hesabına zorla “üfürüb” böyüdə bilərsən, haranısa işğal edə bilərsən, oranın xalqını isə yox. Yaxın tarix, SSR-nin aqibəti görk olmalı. Tarixdən düzgün dərs almayanlar onu təkrar yaşamalı olurlar...
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ