İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin başı dərddə: “Batka” xəstə, Zelenski isə “əks-hücum”da...

Belarus prezidenti Aleksandr Lukaşenkonun səhhətinin sürətlə pisləşdiyi haqda xəbərlər yayılıb. Bildirilir ki, bu səbəbə hökumətin daxilində hakimiyyət tranziti ətrafında ciddi müzakirələr aparılır.

Etibarlı mənbələrin məlumatına görə, srağagün hətta Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin və Təhlükəsizlik Şurasının katibi Patruşev təcili Belarusa gediblər.

Belarusun siyasi elitası prezidentliyə fərqli namizədlər göstərir. Əsas namizədlər baş nazir Roman Qolovçenko, parlamentin sədri Natalya Koçanova, sabiq baş nazir Viktor Myasnikoviç və Belarusun Təhlükəsizlik Şurasının sabiq rəhbəri, KTMT-nin sabiq Baş katibi Stanislav Zasdır.

zas.jpg (87 KB)

Belarusun Çinlə yaxın əlaqələrini nəzərə alaraq, bu məsələdə rəsmi Pekinin mövqeyinin də böyük əhəmiyyət daşıdığını iddia edənlər Aleksandr Lukaşenkonun oğlu Viktor Lukaşenkonun Pekinə yollanmasını bununla əlaqələndiriblər.

Rusiya isə planlaşdırılan prezident dəyişikliyi zamanı ölkədə qeyri-sabitliyin yaranmasından qorxur və prosesin maksimum dərəcədə təhlükəsiz keçməsini təmin etmək istəyir. Qərb də öz növbəsində prosesə müdaxilə üçün bütün imkanlardan istifadə etməyə çalışacaq.

Xatırladaq ki, keçən ay “Batka” səhhəti ucbatından Moskvada 9 may tədbirlərində axıradək qatılmamış, təbirləri erkən tərk etmişdi. Az sonra o, “əla formada” olduğunu söyləməklə, rəqiblərinə acıq vermişdi.

Bəs Lukaşenkoya nə olub? Nə üçün xəstəliyi gizlədilir? Onun getməsi ilə Belarusda vəziyyətin qarışması konkret olaraq Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə hansı təsiri ola bilər?

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatına tam hazır olduğunu bəyan edib. Ölkənin müdafiə naziri Aleksey Reznikov isə deyib ki, Baxmut şəhərinin bir hissəsi Ukraynanın nəzarətindədir.

“Baxmutu Rusiyanın hücum potensialını zəiflətmək üçün dayaq məntəqəsi kimi istifadə edirik. Hələ də şəhərin bir hissəsinə nəzarət edirik. Amma Baxmut artıq şəhər deyil, ruslar hər şeyi məhv ediblər”, - Reznikov bildirib.

orucov.jpg (88 KB)

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın dünyada təkləndiyini bildirdi və bunun da normal olduğunu qeyd etdi: “Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi olaraq getdikcə tükənməsi onun müttəfiqlərini də ondan uzaqlaşdırmaqdadır. Putini davamlı dəstəkləyən liderlərdən biri də Belarus prezidenti Lukaşenkodur. Lukaşenkonu Rusiyanı müdafiə etməkdə həm də öz durumu məcbur edir. Qərbdə onu Avropanın sonuncu diktatoru deyə çağırırlar. Qərbin sanksiyaları Belarusdan da yan keçməyib. Rusiyanın Ukraynada ilişib qalması Belarus hakimiyyətini əvvəlki kimi deyil daha ehtiyatlı və məsafəli siyasət yürütməyə vadar edir. Moskvadan uzaqlaşmağa can atan təkcə Lukaşenko deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın “biz Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik” fikirlərini səsləndirməsi mövcud reallıqlara adekvat münasibətdir. Minskdə, İrəvanda artıq görürlər ki Putinin hədəfləri nəinki alınmır, hətta Rusiyanın özünün siyasi mövcudluğu təhlükəyə düşüb. Məncə burda səbəb təkcə Lukaşenkonun xəstələnməyi deyil. Görünür, Kreml Lukaşenkonun fikrində köklü dəyişikliklərin olduğunu da fərq edir. Odur ki, özünün yeni adamını indidən hakimiyyətə hazırlayır. İndiki durumda Belarusiyanın Kremlin yanında olması çox vacibdir. Putin hakimiyyətinin narahatçılığı da məhz bununla bağlıdır. Postlukaşenko dövründən sonra Belarusun tutacağı xətt çox önəmlidir. Artıq Ukrayna ilə müharibə Rusiyanın ərazisinə keçib. Ukrayna silahlı qüvvələri Qərbin hərtərəfli davamlı dəstəyi ilə güclənib. Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirə bilir. Təkcə Baxmut şəhərində Rusiya ordusu külli miqdarda itki verib.

Belə olan halda Belarusun Rusiyadan uzaqlaşması müharibənin qısa zamanda Moskvanın əleyhinə başa çatması demək olardı. Hər halda müharibənin yeni fazası Rusiya üçün arzuolunmaz vəziyyət yaradıb. Məncə, gec- tez Belarusda da proseslər Kremlin planlarına uyğun olmayan yöndə dəyişəcək”.

rehim.jpg (27 KB)

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə Belarusdakı yaşana biləcək iqtidar dəyişikliyinin siyasətdə də dəyişikliklərə yol açacağını düşünür: “İlk sualınızla bağlı onu qeyd edim ki, həqiqətən də Lukaşenkonun xəstə olması haqqında ciddi xəbərlər gəzir. Lakin bu xəbər doğrudur ya yox, onu zaman göstərəcək. Çünki biz bənzər xəbərləri Putin, Ərdoğan, Bayden və s. dövlət başçıları haqqında da tez-tez eşidirik. Lakin əgər həqiqətən də xəstədirsə, Belarus administrasiyası tərəfindən bu xəbərlərin hələ ki, gizlədilməsini də normal hesab edirəm. Bildiyiniz kimi, Qərb dairələri onu Avropanın son diktatoru adlandırır. Yəqin ki, xəstəliyi postunu tərk edəcək qədər ciddidirsə, siyasi elita regiona təsir imkanları olan ölkələrlə də danışıqlar həyata keçirir. Xüsusilə də, Çin və Rusiyanın yeni çox qütblü dünyanın yaranması barəsində verdikləri mesajların fonunda Qərbin rahatlıqla gəlib, regiona yerləşməsini mümkün hesab etmirəm. Yəqin yaxşı xatırlayırsınız, son seçkilərdə Svetlana Tixanovskaya və onun başına gətirilənləri. Hansı ki, o vaxt da xəbərlər gəzirdi ki, qərb sona qədər Tixanovskayanı dəstəkləyəcək və Lukaşenkonu devirəcəklər. Nəticə ortadadır. Bəzi Avropa nəşrləri də yazır ki, Belarusda Lukaşenkonun gedişi və yerinə başqasının gəlməsi, Rusiya-Ukrayna qarşıdurmasının Belarusa konkret bir təsiri ola bilər. İki ölkə arasında mövcud olan münasibətlərə və Belarusun Rusiya ilə olan ittifaqına əsasən, Lukaşenkonun getməsi Belarusun siyasətini və xarici münasibətlərini dəyişdirə bilər. Bununla birlikdə Ukrayna ilə Rusiya arasındakı müharibənin başlaması və Belarusun bu prosesə birbaşa qatılması hələlik hipotetik bir vəziyyətdir. Amma unutmamaq lazımdır ki, Rusiya üçün Belarusun həm geosiyasi mövqeyi, həm də regional üstünlükləri önəmlidir. Minsk isə iqtisadiyyat və enerji sahəsində Moskvadan çox asılıdır. Belarus iqtisadiyyatında neft sənayesi böyük yer tutur və Lukaşenko administrasiyası Rusiyadan ucuz qiymətə idxal olunan nefti emal edərək başqa ölkələrə satır. Hazırkı şərait iki ölkəni bir-biri ilə yaxşı münasibətlər qurmağa vadar edir. Rusiya-Ukrayna müharibəsindən sonra iki ölkə arasında əməkdaşlıq artmaqdadır. Belarus kimi də tanınan Belarus Moskvanın Şərqi Avropadakı yeganə müttəfiqidir.

Qeyd edim ki, fevralın 24-də Rusiya Ukraynanın şərqindəki Donbas bölgəsində əməliyyata başladığını açıqlayanda Ukrayna Dövlət Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada Ukraynanın Rusiya və Belarus sərhədində Rusiya tərəfindən hücuma məruz qaldığı bildirilmişdi. Rusiyanın hərbi əməliyyatlarında əsas rol oynayan Belarus həm yerləşdiyi yerə, həm də regional üstünlüklərinə görə Kiyevə hücumların mərkəzindədir.

Belarus üç NATO ölkəsi ilə həmsərhəddir. Bu üç ölkə həm də Avropa Birliyinin üzvüdür. Bu, Belarusu Rusiyanın Qərblə müharibəsində mühüm mövqeyə qoyur. Belarus da Ukrayna ilə həmsərhəddir. Belarus sərhədi Ukraynanın paytaxtı Kiyevdən cəmi 225 km məsafədə yerləşir. Nəticə olaraq bütün qeyd etdiklərimin yekunu kimi deməliyəm ki, Belarusda mümkün iqtidar dəyişikliyində Rusiya ilə münasibətlərdə müəyyən dəyişikliklər ola bilər, ancaq bu dəyişikliklər Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcək dəyişikliklər olmayacaq. Birbaşa qərb dairələrinə xidmət edən adam hazırkı konyekturada Minskdə iqtidara gələ bilməz. Regiona nəzarət daha çox Rusiya-Çin ortaqlarının kurasiyasındadır”.

kenan.jpg (34 KB)

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Rusiyanın durmadan vəziyyətinin ağırlaşdığı söylədi: “İlk növbədə, onu deyim ki, Ukraynanın əks-hücum əməliyyatları, məncə, artıq başlayıb. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir müddət bunu demişdi. Doğrudur, digər rəsmilər hələ əks- hücum əməliyyatlarının başlanmasını elan etmir və bunun gözlənildiyini deyirlər. Fikrimcə, bu da bir strateji gedişdir. Rəsmi Kiyev ziddiyyətli açıqlamalarla Rusiyanı çaşdırmaq istəyir. İkincisi, bu məsələni ona görə çox qabartmırlar ki, Qərbdən daha çox silah ala bilsinlər. Üçüncüsü, Rusiyanı daim səksəkədə, panika içində saxlamaq istəyirlər. Dördüncüsü, Rusiyanın Ukrayna əks-hücuma başlamadan torpaqlarını işğaldan azad edirsə, gör, əks- hücuma başlayandan sonra nələrə nail ola bilər. Krım yarımadasına hücumlar və döyüşlərin Rusiya ərazisinə keçməsi, o cümlədən Moskvaya PUA hücumları əks-hücum əməliyyatlarının başlanmasını göstərir. Ukrayna doğru taktika keçib və deyəsən, qalanı içəridən çökdürmək qərarına gəlib. Rusiyanın işini çətinləşdirən yeganə məqam bu deyil. Eyni zamanda hərbi elita daxilindəki ziddiyyətlər, o cümlədən “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginlik döyüş meydanındakı vəziyyətə təsir edir. Qərbin təzyiqləri və sanksiyaları isə bir tərəfdən Kremlə zərbə vurur.

Dediyiniz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətində ciddi problemlərin olmasına dair iddialar var. Çox güman, bu iddialar doğrudur. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Əgər, həqiqətən, belədirsə, Rusiya Lukaşenkonu daha çox hakimiyyətdə saxlamağa, Qərb isə prosesi tezləşdirməyə və eyni ilə Ukrayna və Ermənistanda olduğu hakimiyyətə Qərb meyilli birini gətirməyə çalışacaq. Belarusdakı iqtidar dəyişikliyi Rusiyaya sərf etmir. Hətta hakimiyyət Rusiyapərəst siyasətçi gəlsə belə, o, daha ehtiyatlı davranacaq, Lukaşenkonun səhvlərini təkrarlamamaq istəyəcək. Məlum olduğu kimi, daxildə hazırkı hakimiyyətin siyasətindən narazı olan insan kifayət qədər çoxdur.

Bütün hallarda Rusiyanın işi getdikcə çətinləşir. Bu isə ölkə daxilində xaosun artması, nüvə müharibəsinin başlanması və çevriliş cəhdi ehtimalını artırır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR