Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya Prezidenti Vladimir Putini dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. ABŞ dövlət katibi Marko Rubio bu dəvəti təsdiqləyərək Putinin həm Tramp, həm də digər dünya liderləri ilə görüşmək imkanının yaranacağını bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın dəvəti “minnətdarlıqla” qarşıladığını və qərarın diplomatik kanallar vasitəsilə veriləcəyini açıqlayıb.
Bu dəvətin adi diplomatik protokol çərçivəsində baş verdiyini demək çətindir. Çünki söhbət Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi səbəbindən son illərin ən dərin qarşıdurmalarından birinin davam etdiyi bir vaxtda Putinin ABŞ-a mümkün səfərindən gedir. Üstəlik, Tramp administrasiyası bir tərəfdən Moskva və Kiyev arasında sülh razılaşmasına nail olmağa çalışdığını bildirir, digər tərəfdən isə Vaşinqtonun Putinlə birbaşa təmas imkanlarını açıq saxladığını nümayiş etdirir. Rubio da problemlərin həlli üçün fikir ayrılığı olan tərəflərlə görüşməyin vacibliyini vurğulayıb. Daha maraqlı məqam isə dəvətin ABŞ-Rusiya təmaslarının intensivləşdiyi bir vaxta təsadüf etməsidir. BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Eyni zamanda Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyevin də ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Nyu-Yorka getdiyi bildirilib. Bu təmasların gündəmində Ukrayna müharibəsinin dayandırılması ilə yanaşı, iqtisadi və enerji məsələlərinin də olduğu qeyd edilir. Beləliklə, qarşıdakı dövr üçün əsas sual artıq yalnız Putinin ABŞ-a gedib-getməyəcəyi deyil.
Əgər Rusiya lideri dəvəti qəbul edərsə, bu səfər Tramp-Putin görüşünün növbəti mərhələsinə çevrilə və Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesə yeni impuls verə bilərmi?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli deyib:
“Rusiya G20 üzvü olduğu üçün onun sammitə dəvət edilməsi qeyri-adi hadisə deyil. Lakin bunun Ukrayna müharibəsi fonunda indi edilməsi çoxsaylı suallar doğurur. Putinin şəxsən ABŞ-a dəvət olunması Vaşinqtonun bütün narazılıqlara baxmayaraq Moskva ilə birbaşa siyasi dialoqu davam etdirmək niyyətində olduğunu göstərir. Mayami görüşü baş tutarsa bu prezidentlərin Alyaska görüşünün davamı olacaq. Alyaska görüşündən sonra faktiki olaraq Avropa ölkələri və Ukrayna tamamilə kənarda saxlanılaraq ABŞ-Rusiya danışıqlarına üstünlük verildi. Ukraynanın taleyi onun və Avropa Birliyinin iştirakı olmadan həll edilməyə başlandı.
Əgər Putin dəvəti qəbul edərsə, Mayamidə Tramp-Putin görüşü Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik prosesə yeni impuls verə bilər. Belə bir görüş tərəflərə Alyaska təmaslarından sonra mövcud fikir ayrılıqlarını birbaşa müzakirə etmək və mümkün kompromis istiqamətlərini müəyyənləşdirmək imkanı yaradacaq. Çox güman ki, ABŞ və Rusiyanın Alyaskadakı razılaşmalarına mane olan səbəblərin aradan qaldırılması yolları müzakirə predmetinə çevriləcək. Bununla yanaşı, görüşün keçirilməsi avtomatik olaraq hərtərəfli razılaşmanın əldə olunacağı anlamına da gəlmir. Ukraynanın gələcək statusu, ərazi məsələləri, təhlükəsizlik təminatları və sanksiyalar kimi mürəkkəb məsələlər hələ də əsas fikir ayrılığı mövzularıdır. Tərəflər bununla bağlı konkret mövqeyə gəlməlidirlər. Buna görə Mayami dəvətini yalnız protokol addımı kimi qiymətləndirmək düzgün olmazdı. Eyni zamanda, bunu artıq ABŞ-Rusiya arasında böyük anlaşmanın davamı kimi təqdim etmək mümkündür”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ