Onlayn ictimai-siyasi qəzet
"Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri başlayıb. Bu səfər iki liderin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsindəki görüşündən cəmi bir neçə gün reallaşıb".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq vurğulayıb ki, Putinin səfəri Hindistan və Rusiyanın mülki aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışdığı və Rusiya təyyarələrinin Hindistanda istehsalı imkanları ilə bağlı müzakirələrin genişləndiyi bir dövrə təsadüf edir:
"Çin lideri Si Cinpinin də Hindistandakı sammitdə iştirakı təsdiqlənib. Si Cinpini Hindistana səfərində təxminən 400 rəsmidən ibarət nümayəndə heyəti müşayiət edəcək. Halbuki, Pekin son ana qədər Çin liderinin sammitdə iştirak edib-etməyəcəyinə dair məlumat yaymırdı. Bu Si Cinpinin 2019-cu ildən bəri Hindistana ilk səfər olacaq. Bu səfər, Himalay dağlarındakı mübahisəli sərhəddə baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən hərbi toqquşmadan altı il sonra reallaşacaq".
Elxan Şahinoğlunun sözlərinə görə, Çin və Hindistan arasında münasibətlərdə müəyyən irəliləyişlər müşahidə olunur. Uçuşların və viza rejiminin bərpası, yüksək səviyyəli görüşlərin intensivləşməsi bunun göstəriciləridir. Lakin buna baxmayaraq, iki ölkə arasında problemlər tam aradan qalxmayıb:
"Son vaxtlar nüvə silahına malik bu iki Asiya nəhəngi arasında əlaqələr yenidən yaxşılaşmağa başlayıb; uçuşlar, viza rejimi və yüksək səviyyəli təmaslar tədricən bərpa olunur. Bununla belə, iki ölkə arasında etimadsızlıq hələ də qalmaqdadır; mübahisəli sərhəd məsələsi, artan ticarət kəsiri və strateji rəqabət ikitərəfli münasibətləri mürəkkəbləşdirməkdə davam edir. Bir qisim ekspertin fikrincə, Hindistanda keçiriləcək sammitin BRICS çərçivəsində əməkdaşlığa təkan verəcəyi, üzv ölkələrə və daha geniş mənada "Qlobal Cənub"a qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirməyə kömək edəcəyi, həmçinin çoxtərəfliliyə sadiqliyi bir daha təsdiqləyəcəyi gözlənilir. Hindistan 2026-cı ildəki BRICS sədrliyi üçün "Dayanıqlılıq, innovasiya, əməkdaşlıq və davamlılıq naminə quruculuq" mövzusunu seçib və bu zaman insan mərkəzli yanaşmaya, eləcə də "Qlobal Cənub" ölkələri arasında daha güclü əməkdaşlığa xüsusi diqqət yetirilməsini nəzərdə tutub. Hindistan BRICS sədrliyindən istifadə edərək startaplar, innovasiya, dayanıqlı təchizat zəncirləri və yaşıl enerji sahələrində praktiki, inkişaf yönümlü nəticələrə doğru istiqamətləndirməyi, eyni zamanda milli valyutalarla ticarətin artırılmasına və qlobal təsisatlarda islahatların aparılmasına nail olmağı hədəfləyir".

Politoloq eyni zamanda, Hindistanın ABŞ-ın tarif siyasətindən narazı olduğunu da vurğulayır: "Yeni Dehli Vaşinqtonun tarif siyasətini də qəbul etmir. ABŞ tarif siyasətinin iqtisadi dəyişkənliyi artırdığı bir vaxtda BRICS ticarət nazirləri çoxtərəfli ticarət qaydalarının qorunub saxlanılmasına və canlandırılmasına çağırıblar. Digər tərəfdən Hindistanın ABŞ dollarına qarşı maliyyə üsyanına rəhbərlik etməkdə heç bir marağı yoxdur. Yeni Dehli BRICS valyutasına qarşı çıxır və bunun əvəzinə yerli valyuta ilə hesablaşma və sərhədyanı ödənişlərin asanlaşdırılması kimi praktik tədbirləri dəstəkləyir".
Xalidə Gəray
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ