Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin məşhur “Prostokvaşino” cizgi serialında yer alacağı ilə bağlı məlumat Rusiya kütləvi informasiya vasitələrində geniş müzakirə olunur. KİV-lərin yazdığına görə, artıq serialdan Putinin iştirakı ilə ilk kadr ictimaiyyətə təqdim edilib.
Musavat.com xəbər verir ki, “Soyuzmultfilm” studiyası yayılan görüntülərin orijinal olduğunu rəsmi şəkildə təsdiqləyib. Studiyanın nümayəndələrinin açıqlamasında bildirilir ki, prezident obrazı cizgi serialında epizodik formada yer alacaq və süjet xəttinə uyğun şəkildə təqdim ediləcək.
Rusiya mediasının məlumatına görə, layihə müəllifləri bu addımı milli mədəni məhsulların beynəlxalq auditoriyaya çıxarılması strategiyasının bir hissəsi kimi izah edirlər. Qeyd olunur ki, “Prostokvaşino” postsovet məkanında olduğu kimi, xarici ölkələrdə də tanınan brenddir və bu platforma vasitəsilə Rusiyanın mədəni simvollarının təşviqi məqsəd qoyulub.
Bir sıra nəşrlər yazır ki, prezidentin cizgi serialında iştirakı daha əvvəl də müzakirə mövzusu olub və bu ideya 2025-ci ilin yay aylarında gündəmə gətirilib. Yeni seriyanın bayram buraxılışı ola biləcəyi ehtimal edilir, lakin konkret efir tarixi hələ açıqlanmayıb.
Xatırladaq ki, “Prostokvaşino” sovet dövrünün klassik animasiya layihəsi əsasında yenilənmiş formatda 2018-ci ildən etibarən “Soyuzmultfilm” tərəfindən istehsal olunur və müasir tamaşaçı auditoriyası üçün uyğunlaşdırılıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ