Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin fevralın 26-da Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı yalnız keçmişə nəzər salmaq deyil, eyni zamanda Azərbaycanın gücünü, iradəsini və ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət mövqeyini nümayiş etdirən mesajlardır.
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da qeyd etdi ki, bu faciə işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı müharibənin ən dəhşətli səhifəsi, insanlığa qarşı ən böyük cinayətidir və heç vaxt yaddaşlardan silinməyəcək: “Bütövlükdə, xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində analoqu olmayan vandalizm aktıdır. Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalıda inşası və açılışı tarixi ədalətin bərpası idi. İndi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini otuz il işğal altında olan torpaqlarda da bərpa edib. Ölkə başçısı soyqırımı qurbanlarının 34-cü anım gününü Xocalıda, bu şəhərin sakinləri ilə keçirməsi dövlətimizin və onun rəhbərinin ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçənlərin xatirəsini hər zaman əziz tutmasının göstəricisidir. Prezident Xocalıdakı memorial kompleksin açılışında bildirdi ki, həmin abidənin layihəsi hələ uzun illər öncə “Heydər Əliyev” Fondu tərəfindən hazırlanmışdı. Paytaxt Bakının istənilən yerində ucaldıla bilərdi. Amma ölkə başçısı abidənin ucaldılmasına imza atmağa tələsməyib, çünki müzəffər Ali Baş Komandanımız Xocalının azad olunacağına, tarixi ədaləti tez-gec bərpa edəcəyimizə inanıb. 2023-cü ilin sentyabrında Xocalı şəhəri də düşmən tapdağından azad edildi. Bundan sonra ölkə başçısı azad Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorial kompleksin əsasını qoydu. İndi Xocalı sakinləri 33-34 ildən sonra öz ata-baba yurd yerlərinə qayıdırlar”.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ