Onlayn ictimai-siyasi qəzet
Bu gün, iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yeni doğulmuşun ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, iş üzrə mərkəzin sabiq direktoru Mehriban Abbasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə olunurlar.
Ötən proses zamanı Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov məhkəmə istintaqının yenilənməsi barədə vəsatətlə çıxış edib. Müdafiə tərəfi bunun əsaslandırılmasını yanğınla bağlı bir sıra istiqamətlər üzrə – yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsinin zəruriliyi ilə əlaqələndirib. Vəkil həmçinin ekspertlərin məhkəmədə dindirilməsinin təmin olunmasını da tələb edib və bu addımın işin obyektiv araşdırılması üçün vacib olduğunu bildirib.
![]()
Dövlət ittihamçısı Eldar Məmmədov isə vəsatətin təmin olunmasına etiraz edib. O, məhkəmə istintaqının artıq tamamlandığını, ittiham tərəfinin çıxış etdiyini xatırladaraq, müdafiə tərəfinin bu mərhələdə əlavə araşdırma tələbinin əsassız olduğunu qeyd edib və vəsatətin rədd edilməsini istəyib. Məhkəmə yerində müşavirə etdikdən sonra vəsatətin təmin olunmaması barədə qərar qəbul edib. Təqsirləndirilən şəxslərin vəkilləri və özləri vəsatətin təmin olunmasını dəstəkləsələr də, məhkəmə bu mövqeyi qəbul etməyib. Digər epizodlarda təqsirləndirilən şəxslərin müdafiəçiləri, xüsusilə Hamlet Mustafayev və Elnur Əhmədlinin vəkilləri müvəkkillərinə bəraət verilməsini xahiş etmiş, Mehriban Abbasquliyevanın müdafiəçiləri isə çıxışlara hazırlaşmaq üçün əlavə vaxt istəmişdilər.
Xatırladaq ki, əvvəlki iclasda dövlət ittihamçısı hər 3 təqsirləndirilən şəxsin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini təklif edib. Eyni zamanda, prokuror Mehriban Abbasquliyeva üçün 8 il, Elnur Əhmədli və Hamlet Mustafayev üçün isə 7 il azadlıqdan məhrumetmə cəzası təklif edib. Eyni zamanda onların məhkəmə zalında həbs olunması da istənilib. İttihama görə, hadisə 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş verib. Yanğın zamanı 7 yenidoğulmuş körpənin həyatını itirdiyi, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Müəssisəyə ümumilikdə 361 min manat məbləğində ziyan dəydiyi qeyd olunur. İstintaq materiallarında həmçinin bildirilir ki, 2022-ci ildə Mehriban Abbasquliyevanın direktor təyin olunmasından sonra xəstə qəbulunun artırılması fonunda elektrik təsərrüfatına düşən yükün artdığı, bunun da yanğına səbəb olduğu ehtimal edilir.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ