Onlayn ictimai-siyasi qəzet
İranın son şahının oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxladığını və İranın “ilk azad edilmiş şəhərinə” qayıtmağa hazır olduğunu bildirib. Bu barədə o, Nyus Nation telekanalına deyib. Pəhləvi qeyd edib ki, Tramp “İran xalqının yeni liderlə bağlı verdiyi istənilən qərarı dəstəkləyəcək”.
O, yeni ali lideri sələfi ilə müqayisə edərək, Müctəba Xameneinin hakimiyyətə gəlməsini “hakimiyyətdən yapışmaq üçün son ümidsiz cəhd” adlandırıb. “Amma düşünmürəm ki, onlar uğur qazanacaqlar. Bu rejim son dərəcə zəifdir və çöküş ərəfəsindədir”.
İranın daxili təhlükəsizlik qüvvələrinin rəhbəri, SEPAH generalı Əhməd Rza Radan isə ölkədə artan narazılıq və mümkün etiraz dalğasına qarşı dəhşətli hədə-qorxu dolu bəyanatla çıxış edib. Radan sosial şəbəkələrdə “təşviş yaradan” hər kəsin dərhal həbs olunacağını və hətta edam edilə biləcəyini vurğulayıb. O, polis və təhlükəsizlik qüvvələrinin ən sərt tədbirlərə əl atacağını bildirərək deyib: “Bizim polis qüvvələrimizin barmağı tətikdədir; küçələrə çıxan istənilən etirazçını yerindəcə güllələməyə hazırıq”.

Bu arada İranda davam edən hərbi münaqişə və daxili xaos fonunda ölkənin ən yüksək rütbəli rəsmilərinin ailələrinin kütləvi şəkildə xaricə sığındığı haqda məlumatlar yayılıb. Belə ki, İranın monitorinq kanalları Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani, xarici işlər naziri Abbas Araqçı və məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhsini-Ejeinin ailə üzvlərinin hazırda Omanın paytaxtı Maskatdakı lüks otellərdə məskunlaşdıqlarını iddia edib.
Bildirilir ki, bəzi digər yüksək vəzifəli şəxslərin ailələri isə Türkiyənin Van sərhəd keçid məntəqəsi vasitəsilə İrandan qaça biliblər və hazırda İranın Maskatdakı səfirliyinin gizli mənzillərində yerləşdiriliblər. Fevralın 28-də raket zərbələri nəticəsində öldürülən Müdafiə Şurasının keçmiş katibi Əli Şamxaninin ailəsinin isə artıq uzun illərdir Omanda biznes ofislərinin mövcud olduğu və şəbəkəni onun əmioğlusu Naci Şamxaninin idarə etdiyi deyilir. Elitanın ölkəni tərk etməsi Tehranda hakimiyyət daxilində vahimənin və rejimin gələcəyinə olan inamsızlığın bariz göstəricisi kimi qiymətləndirilir.
Bu fonda Pəhləvinin İrana qayıdışı nə dərəcədə mümkün görünür? O, haqlımı, rejim doğrudanmı çöküş ərəfəsindədir?
Professor Qabil Hüseynli Pəhləvinin qayıdışını mümkün hesab etmir. Politoloqun Musavat.com-a bildirdiyinə görə, İran cəmiyyəti anti-ABŞ ovqatındadır: "İran xalqı amerikalıların dəstəklədiyi şahın zülmünü görüb, indi onun oğlunu necə qəbul etsin? Rza Pəhləvi qeyri-ciddi adamdır. Onu sonuncu dəfə rusiyalı yumoristlər lağa qoydular və biabır oldu. Son iki həftə isə göstərdi ki, cəmiyyət kənar müdaxiləni və xaricdən idxal olunan siyasətçini qəbul etmir. Ona görə daxildən güc və lider yetişməlidir. İran cəmiyyəti rejimə nifrət etsə də, alternativ görmür. Bu da ciddi problem yaradıb".

Q. Hüseynli Pəhləvinin İrana gəlişi gözləmir: "Onun özü də belə bir qərar verməyəcək. Bilir ki, İranda onu gözləyən azdır. Üstəlik, siyasi zəmanət yoxdur. Çünki Tramp şahın varisini dəstəkləmədi. Əgər ABŞ belə bir siyasi dəstəyi vermirsə, Pəhləvi Tehrana necə enə bilər? Məncə, hazırda hərbi əməliyyatların əsas hədəfi hərbi rejimi sıradan çıxarmaq və legitim hökumətlə danışıqlar aparmaqdır. Daha aydın desək, məqsəd İrana kənardan lider gətirmək deyil, SEPAH kimi bir gücü məhv etmək və Pezeşkian iqtidarı ilə işləməkdir. Bu da ən doğru görünən yoldur”.
Professor əlavə edib ki, Pəhləvinin çıxışları populizmdir və bundan sonra da ona ABŞ rəhbərliyindən dəstək olmayacaq.
Emil Salamoğlu
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ