Onlayn ictimai-siyasi qəzet
“Bizim Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Bunun hər hansı şəxs və ya siyasi qüvvə ilə əlaqəsi yoxdur. Kim hakimiyyətdə olursa-olsun, Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq”. Bunu ötən həftəsonu Baş nazir Nikol Paşinyan deyib.
O, daha sonra bildirib ki, Rusiya ilə əvvəlki münasibət modelinə qayıtmaq üçün Ermənistanın yenidən münaqişəyə cəlb edilməsi lazım gələrdi. Sitat: “Əvvəlki münasibətlərə qayıtmaq üçün Ermənistan münaqişəyə cəlb olunmalıdır. Ermənistanda sülh mühiti qorunduğu müddətdə Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi ola bilməz”.
Paşinyan regional dəmir yolları məsələsinə də toxunub. Onun sözlərinə görə, Ermənistan dəmir yolunun Rusiya konsessiyasında olması ölkənin regional nəqliyyat layihələrindəki mövqeyinə təsir edir və Ermənistanı yan keçməyə yönəlmiş proseslər gedir. Baş nazir bildirib ki, dəmir yolu Ermənistan ərazisinə Nrnadzor tərəfdən daxil olub Aqarak istiqamətindən çıxa bilər. Bu halda əsas beynəlxalq yük axınları Ermənistan ərazisindən birbaşa Türkiyəyə deyil, Naxçıvan üzərindən Türkiyəyə istiqamətlənə bilər. Paşinyana görə, Qərblə Rusiya arasındakı gərginlik nəticəsində Ermənistan hətta özünün təşəbbüs göstərdiyi layihədən kənarda qala bilər.
Rusiyaya ünvanlı belə tikanlı açıqlamalar necə oxunmalıdır? Baş nazir nədən səfər öncəsi Moskvanın bölgədə hamıya məlum olan araqarışdırıcı roluna işarə vurur?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Ermənistan SSRİ-nin tərkibində olarkən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və Qarabağ uğrunda münaqişədə Rusiyanın dəstəyini tələb edib: “Rusiya olmadan Ermənistan Azərbaycan torpağını işğal edə bilməzdi. İndi Ermənistan bu münaqişə məntiqindən imtina edib qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası olmadığını söyləyir, sülh şəraitində, əməkdaşlıq şəraitində yaşamaq istəyir. Rusiya artıq təhlükəsizliyin təminatçısından daha çox Ermənistan üçün problemə çevrilib. Bunu Paşinyan cəsarətlə ifadə edir və “bizim artıq Rusiyaya ehtiyacımız yoxdur” deyir. Münaqişənin yaranmaması üçün Rusiyadan uzaqlaşmaq lazım olduğu mesajını verir. Bunu Paşinyan deyə bilir. Digər tərəfdən onu deyir ki, Ermənistan dəmiryollarının 2008-ci ildə Rusiyaya verilməsi bu gün problemlər yaradır. Çünki Rusiya artıq 30 minə yaxınlaşan sanksiya ilə üz-üzədir. Bu sanksiyalar Ermənistana da ciddi mane olur. Hətta bir sıra layihələrdə Ermənistanın özünün kənarda qalması problemi yaranıb. Bu səbəbdən açıq şəkildə deyir ki, Rusiya konsesiya müqaviləsindən imtina etməlidir və bu, hansısa üçüncü ölkəyə verilməlidir. Paşinyan ümid edir ki, Rusiya bəlkə bunu anlayar və 2038-ci ilə qədər ona məxsus olan, onun idarəçiliyinə verilən Ermənistan dəmiryollarından imtina edər. Ancaq Rusiya oradakı gəlirdən imtina etmək fikrində deyil”.
Ekspertin qənaətincə, Paşinyan Moska səfəri ərəfəsində həmin açıqlamaları verməklə bütün təzyiqlərə baxmayaraq, Ermənistan hökumətinin Qərbyönümlü siyasətinin imtina etmək fikrində olmadığını bəribaşdan xəbərdarlıq edir: “Paşinyan bilir ki, Moskva görüşündə ona daha ciddi təzyiqlər göstəriləcək. Əvvəlcədən xəbərdarlıq edir ki, bu təzyiqlərin heç bir nəticəsi olmayacaq, boşuna təzyiqlər göstərməyin. Lakin o da aydındır ki, Rusiyanın sərt təzyiqləri reallaşarsa Ermənistanı çox ağır günlər gözləyir”.
Etibar Seyidağa,
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ