Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilən idi. Bir ay öncədən bəlli idi ki, fevralın 4-də hər iki tərəf üçün mükafat mərasimi nəzərdə tutulub”.
Bunu Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi geniş tərkibli görüşü şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, görüşdə sülh quruculuğu prosesinin növbəti mərhələsi müzakirə olunub: “Görüşün əsas gündəmini ticarət və iqtisadi əlaqələrin inkişafı, ortaq layihələrin perspektivi təşkil edib. Elektrik enerjisinin ixracı və idxalı məsələsi də müzakirə mövzusu olub. Bundan başqa, "Tramp yolu"nun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki lider müzakirələrin nəticələrindən məmnun qalıb. Bu görüşü sülh quruculuğu yolunda növbəti mühüm mərhələ kimi qiymətləndirmək olar”.
Elxan Şahinoğlu qeyd edib ki, görüş həm aktual, həm də zəruri idi və gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb: “Sərhədlərlə bağlı məsələlərin də müzakirə edilməsi ehtimalı var idi. Lakin əvvəlcədən bəlli idi ki, bu görüş çərçivəsində hər hansı sənədin imzalanması planlaşdırılmayıb. Azərbaycanın mövqeyi açıqdır: rəsmi Bakı sülh sazişinin imzalanmasında maraqlıdır və ötən ilin 8 avqustunda Vaşinqtonda paraflanan sənədin rəsmiləşdirilməsini istəyir. Bunun üçün isə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Politoloq Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması əsas şərtlərdən biri olduğunu xatırlatdı: “Nikol Paşinyan da bunu yaxşı bilir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yaradan bəndlər çıxarılmalıdır. Bu istiqamətdə artıq Ermənistanın Ədliyyə Nazirliyi açıqlama verib ki, mart ayında yeni Konstitusiya layihəsinin müzakirəsinə başlanılacaq. Bu məsələ həllini tapdıqdan sonra sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayacaq”.
Qeyd edək ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş zamanı tərəflər Azərbaycanla Ermənistan arasında sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ