Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkətinin güzəştli (konsessiya) idarəçiliyində olan Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) gələcək idarə olunması məsələsi Rusiya tərəfi ilə razılıq əldə olunmazsa, beynəlxalq arbitrajın müzakirəsinə verilə bilər.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı CQDY mövzusu müzakirə edilməyib.
Lakin Ermənistan hökumətinin mövqeyi dəyişməz olaraq qalır.
“Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və dövlət ondan məqsədəuyğun bildiyi kimi istifadə etməlidir”, - deyə Paşinyan vurğulayıb.
Hökumət başçısı İrəvanın məsələni Moskva ilə dostluq formatında həll etməyə ümid etdiyini, lakin hüquqi müstəvidə müstəqil araşdırma ehtimalını da istisna etmədiyini qeyd edib:
“De-yure məsələ ortaya çıxa bilər və Rusiya tərəfi razılaşmayacağı təqdirdə, buna Arbitraj Məhkəməsində baxıla bilər”.
Paşinyan həmçinin əlavə edib ki, hakimiyyət dəmir yolundan istifadənin maliyyə şərtlərinə yenidən baxa bilər:
“Məsələn, elə məqamlar üzə çıxa bilər ki, biz 30 il ərzində bunun üçün heç nə tələb etməmişik, indi isə ildə 2 milyard dollar istəyəcəyik”.
Mümkün konsessiya ödənişlərindən söhbət gedib-getmədiyi ilə bağlı sualı cavablandıran Baş nazir "eyhamlara ehtiyac olmadığını" bildirib. “Biz məsələni dostcasına həll etmək istəyirik”, – deyə Paşinyan fikrini tamamlayıb.
Musavat.com
30 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ