İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putini təhdid etdi: İrəvan Kremlə ultimatum verdi

Belə anlaşılır ki, Ermənistanın “qapıları” Kreml sahibinin üzünə bərk-bərk qapadılıb, onu artıq İrəvanda görmək istəmirlər, Paşinyan hakimiyyəti dolayısı ilə Rusiyanı hədələyir... Rəsmi İrəvanın Kremlə prezident Vladimir Putini Ermənistanda həbs təhlükəsi gözlədiyinin mesajını verməsinə Rusiyanın cavab reaksiyasının necə olacağı maraq doğurur...

Rusiya-Ermənistan münasibətlərində ziddiyyətlər dərinləşir. Ermənilərin Cənubi Qafqaz regionuna köçürüldüyü 1828-ci ildən ötən müddət ərzində ilk dəfədir ki, bu toplumun Rusiya ilə bu qədər kəskin qarşıdurması yaranıb. Ermənilər adətən, Rusiyaya məmnuniyyətlə xidmət ediblər. Hər halda, bu toplum məhz Rusiyanın hesabına Cənubi Qafqazda özünə sığınacaq tapıb, sonradan isə qondarma dövlətə sahiblənə bilib.

Ancaq ermənilər məlum olduğu kimi, heç kimə sadiq və minnətdar toplum deyil. Əgər, ermənilər onları himayə edənlərin zəiflədiyini hiss edirlərsə, dərhal xəyanətə hazırdırlar. Ardıncasa, yeni himayədarların təlimatı ilə vaxtlə onları qoruyanlara qarşı hər cür xainliyə əl atmaqda tərəddüd etmirlər. Və hazırda Ermənistan məhz bu dəyişməz erməni vərdişləri, xəyanət prinsipləri üzrə hərəkət edir.

Maraqlıdır ki, Rusiyada bu reallığı açıq şəkildə dilə gətirməkdən çəkinməyən analiktiklər də mövcuddur. Kremlə yaxınlığı ilə diqqəti çəkən rus politoloq Sergey Markov hesab edir ki, rəsmi İrəvanın prezident Vladimir Putinə həbs orderi verən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulması Ermənistanın Rusiyaya açıq şəkildə xəyanət yolu tutması anlamına gəlir. Və bu səbəbdən də, Kreml Ermənistanın bu davranışının doğura biləcəyi neqativ nəticələri rəsmi İrəvana daha sərt şəkildə hiss etdirməlidir.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)

Onu da qeyd etmək lazımdır ki, Kreml bir neçə gün öncə bu məsələ ilə bağlı rəsmi İrəvana açıq mətnlə xəbərdarlıq etmişdi. Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, əgər, Ermənistan BCM barədə Roma statutunu təsdiqləsə, bu iki ölkə arasında olduqca qəliz situasiya yaradacaq. Və bu addımın neqativ nəticələri olacaq.

Ancaq rəsmi İrəvan Kremlin bu sərt xəbərdarlığına əhəmiyyət belə, vermədi. Rusiyanın xəbərdarlığından bir gün sonra Ermənistan BCM-yə qatıldığını rəsmiləşdirdi. İndi rəsmi İrəvanın Kremli saya salmadığı, Rusiyadan birmənalı üz çevirmək qərarı verdiyi qətiyyən şübhə doğurmur. Və bundan sonra Kremlin verəcəyi reaksiya istənilən halda, yalnız dünyadan təcrid olunmuş Rusiyanın postsovet məkanındakı imicini də müəyyən edə bilər.

Məsələ ondadır ki, rəsmi İrəvan Rusiyanın prezidenti Vladimir Putinin üzünə Ermənistanın “qapılar”ını bərk-bərk qapadıb. Yəni, bundan sonra Kreml sahibinin Ermənistana səfərləri kifayət qədər ciddi problemlər doğura bilər. Çünki haqqında BCM-nin tutuqlanma qərarı olan prezident V.Putin Ermənistanda həbs edilməsə, rəsmi İrəvanın ABŞ və Qərblə də problemləri yarana bilər. Əksinə, “möcüzə” baş verib, Paşinyan hakimiyyəti prezident V.Putinin həbsinə cəsarət etsə, bu, Rusiyanın Ermənistana qarşı müharibəyə başlaması üçün real səbəb verəcək.

Göründüyü kimi, olduqca qəliz situasiyadır. Deyəsən, Paşinyan hakimiyyətinin Cənubi Qafqazda məkrli geopolitik oyunlarla başqalarına qurmağa çalışdığı “tələ”yə elə Ermənistan düşməyə başlayıb. Üstəlik, geriyə çəkiləcək yol da qalmamış kimi görünür. Yəni, rəsmi İrəvan prinsipial seçim edib, Kremlin xəbərdarlığına baxmayaraq, BCM-yə qatəlmaqla, əslində, prezident V.Putinin həbsi ilə bağlı öhdəlik götürüb.

modern.az_Rusiya_Ermenistan_606.jpg (29 KB) 

İndi Paşinyan hakimiyyətinə yaxın bəzi erməni politoloqlar rəsmi İrəvanın son addımlarının Rusiya-Ermənistan münasibətlərinə təsir göstərməyəcəyini arqumentləşdirməyə çalışırlar. Onlardan bəziləri iddia edir ki, rəsmi İrəvan BCM-yə məhz Azərbayana qarşı mübarizə aparmaq üçün qatılıb, bu məsələnin Kreml sahibinin həbsi barədə orderlə heç bir əlaqəsi yoxdur. Digərlərisə, vurğulayırlar ki, Ermənistan Konstitusiyasında başqa ölkələrin siyasi rəhbərliyinə daxil olan şəxslərin həbsinə icazə verən hər hansı maddə yoxdur. Ona görə də, prezident V.Putinin İrəvana səfər edəcəyi təqdirdə, həbs oluncağını düşünmək absurddur.

Təbii ki, bu mənasız arqumentlər bəsit erməni məntiqi ilə qarşı tərəfi aldatmaq cəhdlərindən başqa bir şey deyil. Hər halda, Kremldəkilər Ermənistanın Roma statutunu təsdiqləməsinin məhz prezident V.Putinə həbs verilməsindən sonraya təsadüf etməsinin, eləcə də, Rusiyanın sərt xəbərdarlığına belə, əhəmiyyət verilməməsinin səbəblərini anlamayacaq qədər sadəlövh deyillər. Və bu məsələnin Azərbaycan-Ermənistan qarşıdurmasına heç bir aidiyyatının olmadığını da yaxşı anlayırlar.

Digər tərəfdən, yalnız Ermənistanın deyil, ümumiyyətlə, dünyanın heç bir ölkəsinin konstitusiyasında başqa ölkələrin siyasi rəhbərlərinin həbsi barədə hər hansı maddə yoxdur. Ancaq dünya ölkələrinin bir çoxu Roma statunu təsdiqləyib və onun verdiyi qərarları icra etmək öhdəliyi götürüblər. Əgər, bu məntiqlə yanaşılsa, onda BCM-ni ümumiyyətlə, ləğv etmək lazımdr. Yəni, erməni politoloqlar belə absurd bəhanələri arqumentləşdirərkən, yəqin ki, özlərini başqalarından, o cümlədən də, Rusiya siyasi dairələrindən daha ağıllı hesab edirlər.  

1408424.jpg (42 KB) 

Ancaq bütün bunlara baxmayaraq, rəsmi İrəvan əsl reallığı da ifadə etməyə çalışır. Belə ki, Ermənistan müdafiə nazirinin keçmiş müavini, Paşinyan hakimiyyətini təmsil edən erməni deputat Qagik Melkonyan Rusiya prezidenti V.Putinin Ermənistana səfər edəcəyi təqdirdə, baş verə biləcək hadisələri təhlil edib. Onun fikrincə, Kreml sahibi Ermənistana səfər etməyəcək və ona görə də həbs edilməyəcək.

Erməni deputat hesab edir ki, prezident V.Putin öz ölkəsində qalsa, daha yaxşı olar: “Əgər, Ermənistan Roma statutunu təsdiqləyibsə, deməli, onun öhdəliklərini də yerinə yetirməlidir. Ona görə də, mən istərdim ki, prezident V.Putin bundan sonra Ermənistan gəlməsin. Əgər, prezident V.Putin Ermənistan gələrsə, onu həbs etmək lazım gələcək. Ancaq o, bunu yaxşı bildiyindən yəqin ki, Ermənistan gəlmək istəməyəcək”.

Göründüyü kimi, Paşinyan hakimiyyətinə yaxın olan erməni deputat mövcud reallığı açıq mətnlə ifadə edib. Belə anlaşılır ki, Ermənistanın “qapıları” Kreml sahibinin üzünə qapadılıb, onu artıq İrəvanda görmək istəmirlər. Hətta rəsmi İrəvan erməni deputatın dili ilə Ermənistana sərt xəbərdarlıq etmiş Rusiyaya ultimatum da verməkdən çəkinmir. Yəni, prezident Vladimir Putini Ermənistanda həbs gözlədiyinin mesajını verir. Və bu avantürist mesaja Rusiyanın cavab reaksiyasının necə olacağı istər-istəməz maraq doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR