Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqında (Aİİ) mövcud məhdudiyyətlərin təşkilata həm vətəndaşların, həm də biznesin münasibətinə mənfi təsir göstərə biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan bu barədə avqustun 7-də Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı danışıb.
O bildirib ki, Ermənistan üçün Aİİ üzvü olan dövlətlərlə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və xarici iqtisadi prioritetlərdən biri olaraq qalır və bu yanaşma yeni hökumətin proqramında da öz əksini tapacaq.
Paşinyanın sözlərinə görə, Aİİ-nin əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir. Lakin o qeyd edib ki, praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir.
Baş nazir bildirib ki, mövcud inzibati maneələr və müxtəlif məhdudiyyətlər ümumi bazarın tam fəaliyyətinə əngəl yaradır, biznes mühitinin proqnozlaşdırılmasını çətinləşdirir və inteqrasiya proseslərinin səmərəliliyini azaldır.
Paşinyan vurğulayıb ki, Ermənistan Aİİ-yə üzv bütün ölkələrin təsərrüfat subyektləri üçün bərabər və ayrı-seçkilikdən uzaq fəaliyyət şəraiti yaradır və eyni yanaşmanın bütün ittifaq məkanında tətbiq olunmasını gözləyir.
Onun sözlərinə görə, üzv dövlətlərin mal və xidmətlərinin ümumi bazara çıxışına təsir göstərən bütün qərarlar yalnız Aİİ hüququna, razılaşdırılmış prosedurlara və səlahiyyətli qurumlar arasında konstruktiv əməkdaşlığa uyğun qəbul edilməlidir.
Paşinyan xəbərdarlıq edib ki, bu məsələlərin diqqətdən kənarda qalması təkcə Aİİ-nin gələcək inkişafını ləngitməyəcək, həm də təşkilata vətəndaşlar və biznes dairələri arasında mənfi münasibətin formalaşmasına səbəb ola bilər.
Musavat.com
07 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ