İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hökumətə Azərbaycanla bağlı əsas hədəfi göstərdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinin hələ başa çatmadığını bəyan edərək hökumətin qarşısında növbəti əsas hədəfi açıqlayıb: sülh sazişinin imzalanması və ratifikasiyası.

Musavat.com xəbər verir ki, Paşinyan bunu Ermənistan hökumətinin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, hökumət cəmiyyətdə sülhə yaranmış inamı prosesin yekun nəticəsinə - Azərbaycanla sülh sazişinin imzalanmasına və ratifikasiyasına qədər çatdırmalıdır.

Paşinyan Ermənistan iqtisadiyyatındakı aktivliyin və daşınmaz əmlak bazarındakı göstəricilərin vətəndaşların gələcəyə nikbin baxdığını göstərdiyini iddia edib.

“İqtisadiyyat böyük ölçüdə insanların gözləntiləri və əhval-ruhiyyəsi ilə bağlıdır. İqtisadi göstəricilər sülhə inamı ifadə edir. Bu da xəbərlərdə dövr edən panik qiymətləndirmələrə baxmayaraq belədir”, - baş nazir deyib.

Nikol Paşinyan sülhün artıq reallığa çevrildiyini, lakin onun hələ tam şəkildə institusionallaşdırılmadığını bildirib. Onun fikrincə, Ermənistan hökuməti cəmiyyətin gözləntilərini doğrultmalı və prosesi sona çatdırmalıdır.

“Biz aralıq mərhələyə çatmışıq. Bu, aralıq mərhələdir, yekun mərhələ deyil. Biz yekun mərhələyə doğru hərəkət etməliyik”, – Paşinyan vurğulayıb.

Ermənistan hökumətinin rəhbəri yekun mərhələyə aparan prioritetlər sırasında Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası ilə yanaşı, TRIPP layihəsini, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasını, kommunikasiyaların açılmasını, Türkiyə ilə normallaşma prosesini, “Şimal-Cənub” magistralını və “Sülh kəsişməsi” konsepsiyasını da sadalayıb.

Paşinyan hökumət üzvlərini bundan sonra siyasi mesaj və strategiyalarını məhz bu prioritetlər ətrafında formalaşdırmağa, diqqəti real problemlərə və onların praktiki həllinə yönəltməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR