İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisin etiraz ehtirası - Napoleonları, Hitleri və de Qollu birləşdirən xətt

Avropada zəngin tarixə malik iki ölkə varsa, biri Fransadır. Heç bir ölkədə bu qədər inqilab olmayıb, bu qədər respublika qurulmayıb. Heç bir dövlət Fransa qədər başqa ölkələrin ərazisinə soxulmayıb. Heç bir ölkəyə Fransa qədər müdaxilə edilməyib.

Vaxt olub ki, fransızlar bütün Almaniyanı işğal ediblər, sonra zamanın çarxı tərsinə dönüb, almanlar Fransanı tam işğal ediblər. Həm də bu, iki dəfə baş verib. Fransız qoşunları 1812-ci ildə Moskvanın mərkəzinə qədər gəliblər, 1815-ci ildə isə rus ordusu Parisin mərkəzinə qədər gedib.

Bir sözlə, 1958-ci ildə Şarl de Qollun rəhbərliyi ilə 5-ci respublika adlanan və yeni konstitusiyaya əsaslanan respublika elan edilənə qədər Fransada daima siyasi təlatümlər, hərbi eskalasiyalar, inqilablar, iğtişaşlar bir-birini əvəz edib. Bu ölkə daima etiraz ehtirasıyla alışıb-yanıb.

Heç 1958-ci ildən bəri də fransızlarda inqilab ovqatı sönükməyib, iğtişaşlar səngiməyib. Hazırda Fransa yenə inqilaba köklənib, 6-cı respublikanın elan edilməsinə dair söhbətlər başlayıb. Əslində bunun baş tutması realdır. Çünki artıq 5-ci respublikanın konstutisiyası Fransanı doğru-düzgün idarə etməyə imkan vermir. Yeni konstitusiya qəbul olunmalıdır ki, ölkənin idarəetməsi möhkəm relslər üzərinə otursun.

basti.jpg (17 KB)

1792-ci ilə qədər Fransa krallıq olub. Ölkədə mütləqiyyət qurmuş və onu dədələrinin dükanı, ferması kimi işlədən Burbonların uzun sürən hakimiyyəti böyük Ftansa inqilabı (Bastiliyanın alınması) nəticəsində sona yetib. 14 iyul 1789-cu ildə qalib gələn inqilabdan sonra I Fransa respublikasının elan edilib. Bu, hələ də təntənə ilə qeyd olunsa da, I Fransa respublikası heç də o dövrdə yaşayan insanlara xoşbəxtlik, dinclik, firavanlıq gətirməyib. Əksinə, ölkədə böyük bir terror dalğası başlayıb. Əvvəlcə yakobinçilər hakimiyyətdən devrilənləri repressiya edib, yüz minlərlə adam öldürüb, sonra inqilabın rəhbəri Maksimilian Robespyerin özünü və tərəfdarlarını repressiya edib gilyotindən keçiriblər. Daha sonra dişsiz direktoratı əvəz edən qəddar Napoleon gəlib, bütün siyasi rəqiblərini sıradan çıxarıb.

Bonapart bir az gücləndikcə, başlatdığı qəsbkar müharibələrdə uğur qazandıqca, adı qulağına dəyib, özünü əvəzedilməz şəxs sayıb, Fransadakı I respublikanı gömərək özünü imperator, Fransanı da imperiya elan edib. Beləcə, I Fransa respublikasının ömrü 12 il çəkib.

yelena.jpg (118 KB)

Sonra körpünün altından çox sular axıb, Avropanı qana çalxayan Napoleonun imperatorluğunun axırı Müqəddəs Yelena adasına sürgünlə bitincə Burbonlar yenidən hakimiyyətə qayıdıblar və 3-cü dəfə ((1589—1792; 1814—1815; 1815—1848)) Fransa krallığı təsis ediblər.

Ölkədə respublika quruluşu uğrunda mübarizə aparan siyasi qüvvələr də dinc oturmayıblar, çalışıblar, vuruşublar, axır ki, 1848-ci ildə yeni bir uğurlu inqilabla Burbon mütləqiyyətinə, Lui Filippin krallığına son qoyublar. II Fransa respublikası da belə yaranıb. Onun ömrü isə 4 il çəkib. Hakimiyyətə yeni bir Napoleon gəlib. Bu, I Napoleonun qardaşı oğlu Lui Napoleon Bonapart olub və o, respublikanın prezidenti seçilib. Ancaq çox keçmədən o da imperator əmisi kimi avtoritar liderə çevrilib və 2 dekabr 1851-ci ildə öz üzərinə müstəsna səlahiyyətlər götürüb. Bir il sonra, 2 dekabr 1852-ci ildə isə Lui özünü III Napoleon adı ilə imperator elan edərək, II respublikanın mövcudluğuna son qoyub. Beləcə, III krallığın yerinə gələn II respublikanı II Fransa imperatorluğu əvəz edib.

NEPOL-3LUİ.JPG (94 KB)

Fransızlar bir daha respublika qurmaq fürsətini 1870-ci ildə yaxalayıblar. Həmin ilin iyul ayının 19-da Fransa Prussiyaya müharibə elan edib. Müharibənin başlanmasına bir səbəb İspaniya taxt-tacı uğrunda mübarizə, digər səbəb idə Otto fon Bismark tərəfindən hazırlanan namədə III Napoleonun alçaldılması olub. Müharibə başlanıb və almanlar fransızlara güc gəlib. 1 sentyabr 1870-ci ildə Sedan ətrafında 19-cu əsrin ən böyük artilleriya döyüşü baş verib. Sentyabrın 2-də isə III Napoleon rəhbərlik etdiyi 100 minlik qoşunun 82 minlik hissəsi sağ-salamat olsa da, ağ bayraq qaldırmağı əmr edib. Kapitulyasiya xəbəri Parisə sentyabr ayının 3-də çatıb. Ayın 4-də səhər Fransa paytaxtında üsyan başlayıb və inqilabçılar qalib gəliblər. III respublikanın yaranışı belə olub.

Bu məğlubiyyət Fransanın belinə ağır yük qoyub. Fransa nəinki sənayeləşmiş Elzas və Lotaringiyanı itirib, həm də 3 milyard təzminat ödəyib. 1873-cü ildə təzminat tam ödənildikdən sonra 16 sentyabrda sonuncu alman əsgəri Fransa ərazisini tərk edib.

filipp-peten-s-gitlerom.jpg (77 KB)

Fransada III və IV respublikalar arasında bir Vişi rejimi də olub. Bu, II dünya müharibəsi zamanı III Reyxin, yəni Hitler Almaniyasının Fransanı işğal etməsi nəticəsində yaradılmış kollaborasionist marionet dövlət olub. Vişi rejimi Fransanın Vişi şəhərində yaradılıdığından belə adlandırılıb. 1940-cı ilin iyul ayında yaradılan dövlət 1944-cü ilin sentyabr ayında dağılıb. Vişi rejiminə Fransanın tanınmış hərbiçlərindən olan Filipp Peten rəhbərlik edib. Ancaq bu rejim II dünya müharibəsinə Berlin-Roma-Tokio oxu cəbəhəsindən qatılsa da, heç bir hərbi əməliyyatda iştirak etməyib, həmişə ehtiyat qüvvə kimi saxlanılıb.

Fransa dünya müharibəsinin məğlublarından biri olsa da, qalib ölkələrin cərgəsində yer alıb. Hətta məşhur Nürnberq prosesində nasist cəlladlardan biri əlini Fransanı təmsil edən hakimlərə uzadaraq istehza ilə deyib: “Bunların nə işi var burda?”

II dünya müharibəsindən sonra Fransada IV respublika elan edilib. Bu dönəmdə Fransanın müstəmləkə imperiyası dağılıb, Hind-Çin müharibəsi baş verib, daha sonra Şimali Afrikada müstəqillik uğrunda müharibələr tüğyan edib.

Fransa BMT-nin də yaradıcılarından biri olub, NATO-ya, yeni yaranan Avropa strukturlarına qoşulub. Lakin daxili siyasətdə böyük qeyri-sabitlik müşahidə olunub, kommunistlərin və ifrat sağçıların təsiri güclənib. İqtisadi inkişafın başlanğıcı (“şanlı otuz il”) nəzarətsiz inflyasiya ilə müşayiət olunub. “Kabus hökumətlər” adlanan qurumlar tez-tez dəyişib (adətən ildə 2-3 baş nazir istefa verib).

sharl_de_qoll58.jpg (63 KB)

1958-ci ilin mayında Əlcəzair böhranından sonra Şarl de Qoll baş nazir kimi konstitusiya islahatı apararaq hakimiyyətə gəlib. Sırf ona görə prezident respublikası qurulub. 1958-ci ilin oktyabrında referendumla yeni konstitusiya qəbul edilib, noyabrda isə prezident Rene Koti onu imzalayıb. Bununla IV respublikanın ömrü başa çatıb və V respublikanın dönəmi həmin ilin dekabrında Şarl de Qoll prezident seçilməsi ilə başlayıb.


İndiyədək V respublikanın 8 prezidenti olub:

Şarl de Qoll (1959-1969);
Jorj Pompidu (1969-1974);
Valeri Jiskar d'Esten (1974-1981);
Fransua Mitteran (1981-1995):
Jak Şirak (1995-2007):
Nikola Sarkozi (2007-2012);
Fransua Olland (2012-2017);
Emmanuel Makron (2017-ci ildən).

JAKSARKOZ.JPG (22 KB)

2002-ci ilə qədər Fransada prezident seçkisinə dair qanunvericiliyə edilən dəyişikliklərdən sonra artıq ölkə prezidenti 7 illik deyil, 5 illik müddətə, amma iki dəfə seçilə bilərdi. İlk dəfə bu imkandan 7 il prezident olmuş Jak Şirak yararlanıb. Ancaq onun xələfləri Olland və Sarkozi ikinci müddətə seçilə bilməyiblər. 2022-ci ildə isə bəxti 25-ci prezident Makronun üzünə gülüb. Onun əsas rəqibi Fransada kifayət qədər elektoratı olsa da, prezident seçiləcək qədər sevilməyən Le Pen sülaləsinin qadın namizədi olduğu üçün Makron ona qalib gəlməyi bacarıb.

Onu da qeyd edək ki, Fransada sərt anti-hökumət çıxışları və iğtişaşlar Şarl de Qollun dövründən başlayaraq, digər prezidentlərin zamanında da baş verib.Şirakın dövründə də şiddətli iğtiaşlar olub, Sarkozinin vaxtında da. Makronun dönəmində isə hökumət-xalq qarşıdurması lap apogeyə qalxıb.

Beləcə, fransızlar hələlik V respublikada təlatümlü günlər yaşayırlar. Fransa tarixi üçün krallıqlar, imperiyalar dövrü arxada qalıb. Ancaq belə görünür ki, onları respublika quruluşu da qane etmir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR