İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - MÜHARİBƏ ehtimalı artır

“Ermənistan sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Avropadakı bəzi güclər, xüsusilə Fransa bu məsələdə Ermənistana dəstək verir”.

Bunu “Report”a açıqlamasında siyasi analitik, professor Sabir Məmmədli deyib.

O bildirib ki, Ermənistanda siyasi oyunçuların çoxluğu bu ölkənin cəmiyyətində gərginlik yaradır: “Bu, orduya da siraət edir. Düşünürəm ki, təxribatlar birbaşa sülh prosesinə qarşı yönəlib. İkincisi, ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə rahat hərəkət etməsi də qarşı tərəfi narahat edir, qıcıqlandırır. Üçüncüsü isə Ermənistanın təxribatları həm də Rusiyaya etiraz cəhdidir”.

Analitik qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər sərrast addımlar atır: “Ermənistan təxribatlarını davam etdirərsə, genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, Ermənistan-Azərbaycan müharibəsi olacaq. Qarşı tərəf bizi savaşa məcbur edir. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ də anklavlar məsələsi həll olunmayıb. Həmin anklavlar tarixi Azərbaycan torpaqlarıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etsə də, hələ anklavları qaytarmır. Sözügedən məqam vəziyyəti daha da qəlizləşdirir. Ermənistan indi sadəcə olaraq eyforiyadadır. Qarşı tərəf başa düşməlidir ki, sabotaj cəhdlərinin sonunda genişmiqyaslı müharibənin başlama ehtimalı onlar üçün yaxşı nəsə vəd etmir”.
Professorun sözlərinə görə, Ermənistanın Azərbaycanla mübarizə aparmaq gücü yoxdur: “Heç Fransa da Ermənistana kömək etməyəcək. Odur ki, müharibə düşmən üçün arzuolunmaz ssenaridir. Amma həm Avropa ittifaqı, həm də Rusiya növbəti gərginlikdə maraqlıdırlar. Ona görə də diqqətli, soyuqqanlı olmaqda fayda var. Düşünürəm ki, müharibə başlamasa belə, lokal əməliyyatlara start verilməsi mümkündür. Reallıq ondan ibarətdir ki, nə üçüncü qüvvələr, nə Ermənistan hərbi-siyasi hakimiyyəti sülh istəyir. Nikol Paşinyan üçüncü tərəflərə müqavimət göstərə biləcək siyasi iradəyə sahib deyil”.

Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR