Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxış edərək şairin həm yaradıcılığından, həm də şəxsiyyətindən danışıb.
Musavat.com xəbər verir ki, O.Fikrətoğlu çıxışına Nəriman Həsənzadənin məşhur misralarını xatırlatmaqla başlayıb:
"Dünya nərdivandır: qalxanda mehribandır, enəndə nə yamandır..."
O bildirib ki, bu misralar bu gün də öz aktuallığını qoruyur:
"Nəriman müəllimin baxışı dünyaya həmişə mehriban idi. Əslində isə həyat hər zaman, xüsusilə də şairlərə qarşı mehriban olmur. Nəriman Həsənzadə taleyini ləyaqətlə yaşayan insan idi".
Orxan Fikrətoğlu qeyd edib ki, mərhum şairin ictimai-siyasi fəaliyyəti Azərbaycan tarixində mühüm yer tutur:
"Onun rəhbərlik etdiyi "Ədəbiyyat və incəsənət" qəzeti bir dövrdə Azərbaycan ədəbiyyatının azad düşüncəsini, gerçək poeziya və nəsrini təmsil edən nüfuzlu tribunaya çevrilmişdi. İnformasiya Nazirliyində rəhbər vəzifədə çalışdığı illər də ölkənin ictimai-siyasi həyatında mühüm iz qoyub".
Nazir müşaviri vurğulayıb ki, Nəriman Həsənzadə ömrünün sonunadək dövlətə və xalqa eyni mövqedən xidmət edib və bu xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, şairin insani keyfiyyətlərindən də bəhs edərək bildirib:
"Nəriman Həsənzadə nə qədər nəzakətli, romantik və həyatsevər idisə, şeirləri də elə idi. O, öz şeirlərinə, şeirləri isə özünə bənzəyən nadir sənətkarlardan biri idi".
Orxan Fikrətoğlunun sözlərinə görə, Nəriman Həsənzadə 1950-ci illər ədəbi nəslinin bu günümüzə qədər gəlib çatan son böyük nümayəndəsi idi:
"Xəlil Rza, Bəxtiyar Vahabzadə kimi korifeyləri artıq itirmişik. Nəriman Həsənzadə həmin nəslin son təmsilçisi idi".
O qeyd edib ki, Nəriman Həsənzadə ilə bağlı hər xatirədə onun mehribanlığı, sevgisi, nəzakəti və yüksək mədəniyyəti yada düşür:
"Bu gün belə insanlar azalır. Onlarla birlikdə sanki dilimizin "mehir", "mürvət", "insaf" kimi mənəvi yük daşıyan sözləri də həyatımızdan uzaqlaşır".
Orxan Fikrətoğlu Nəriman Həsənzadəni bütöv bir dövrün simvolu adlandırıb:
"Nəriman Həsənzadə həqiqətən də bir epoxa idi. Belə düşünən, belə yaşayan insanlar çox nadir olur. Onun həyatı və yaradıcılığı bizim üçün məktəbdir. Ondan öyrənməli, qoyduğu yolu davam etdirməliyik".
Sonda o bildirib ki, Nəriman Həsənzadə fiziki olaraq aramızdan ayrılsa da, poeziyası və yaratdığı mənəvi irs daim yaşayacaq:
"İnanıram ki, Nəriman Həsənzadə şeirlərində əbədi yaşayacaq. Kaş ki, fiziki olaraq da aramızda olaydı, onun enerjisindən, ruhundan yenə də bəhrələnə biləydik. Allah rəhmət eləsin! Hamımıza onun kimi xalqımıza və dövlətimizə şərəflə xidmət etmək nəsib olsun".
Şahanə Rəhimli
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ